SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Kupça”sız fərdi evlərin sənədləşdirilməsi yenidən gündəmdə - GƏLİŞMƏ

“Kupça”sız fərdi evlərin sənədləşdirilməsi yenidən gündəmdə - GƏLİŞMƏ

Tarix:

5-03-2019, 09:37

/ 5 354 dəfə oxundu.
“Kupça”sız fərdi evlərin sənədləşdirilməsi yenidən gündəmdə - GƏLİŞMƏ

Bir müddət əvvəl ölkə prezidenti çoxmərtəbəli yaşayış evlərinin istismara qəbulunun asanlaşdırılmasını nəzərdə tutan fərman imzaladı. Rəsmi məlumatlara görə, fərmanın icrası nəticəsində yalnız Bakı şəhərində 400-dək yaşayış binası istismara qəbul ediləcək ki, bu da minlərlə mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədin alınmasına gətirib çıxaracaq.

Qeyd edək ki, mülkiyyət sənədinin - “kupça”nın olmaması yalnız çoxmərtəbəli binaların deyil, Bakı və ətrafında yüz minlərlə fərdi evin də ən ciddi problemlərindən biridir. Xüsusilə 2000-ci illərdə Bakı ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı bəzi məlumatlara görə, 700 mindən yuxarıdır. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxusunun da “kupça”sı yoxdur.

Hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.

2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib.

Sonradan - 2012-ci ilin iyun ayında prezident magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə komissiya yaradılması haqqında sərəncam imzaladı.

2014-cü ildə BŞİH-dən verilən məlumatda 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edildiyi qeyd olunub: “Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib”.

Nəhayət, prezident 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə fərman imzaladı. Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir.

Prezidentin fərmanından 4 il keçməsinə baxmayaraq, hələ də Bakıda sənədsiz fərdi evlərin çıxarışla təmin olunması məsələsi həll edilməyib. Yüz minlərlə insan evinə sənəd əldə edib, qeydiyyata düşə, adi mülkiyyət hüququndan istifadə edə bilmir. Bəzi məlumatlara görə, çoxmərtəbəli yaşayış binaları ilə bağlı fərman imzalandıqdan sonra hökumət fərdi evlərlə bağlı da analoji addım atmağa hazırlaşır.

Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, fərdi evlərin sənədləşdirilməsi daim diqqətdə saxlanılan məsələlərdən biridir: “Bir neçə il əvvəl cənab prezident bu məsələ ilə bağlı tapşırıq vermişdi. Bakı Şəhər İcra Hakimiyyəti bu tapşırığa uyğun olaraq, bütün rayonlar üzrə məlumatları toplayıb hökumətə təqdim etdi. Amma nədənsə bu məsələ dayandı, irəliləyiş olmadı. Bəlkə də bu, son vaxtlar Bakıda aparılan böyük söküntü işləri ilə bağlıdır. Bildiyiniz kimi, xeyli sayda ”kupça"sı olmayan evlər sökülür, sahiblərinə kompensasiya verilir. Yəqin ki, bu proses yekunlaşandan sonra məsələ dəqiqləşəcək".

Millət vəkilinin fikrincə, sənədsiz fərdi evlərlə bağlı da müəyyən addımların atılacağı istisna deyil: “Son zamanlar cənab prezident çoxsaylı insanların problemlərinin həllinə dair fərman və sərəncamlar imzalayıb. Güman edirəm ki, bu məsələnin həlli ilə bağlı da ciddi addımların atılması mümkündür”.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov sənədsiz həyət evlərinin sənədləşdirilməsi ilə bağlı 5 il əvvəl hökumətə təkliflər göndərdiklərini deyir: “Fərdi evlərin sənədləşdirilməsi çoxmərtəbəli binalara nisbətən daha mürəkkəb prosesdir və çətin başa gələn işdir. Bu da onunla əlaqədardır ki, fərdi evlərin bir qismi qadağan olunmuş ərazilərdə - SOCAR ərazisində, magistral qaz, elektrik, su xətlərinin mühafizə zolağında inşa olunub. Bizdə olan məlumata görə, hökumət sənədsiz evlərlə bağlı araşdırma aparılır. Bu araşdırma yekunlaşandan sonra bu evlərin sənədləşdirilməsi istiqamətində addımların atılması mümkündür”.

İqtisadçı-ekspertin sözlərinə görə, fərdi evlərin sənədləşdirilməsi ciddi sosial problemdir: “Bir çox vətəndaşlar heç də tam sənədsiz iş görməyiblər. Onlar ya icradan, ya bələdiyyədən ilkin sənədlər alıblar. Bizim monitorinqlərimiz göstərir ki, bu sənədləri vətəndaşlar ödəniş etməklə əldə ediblər. İndi onlar həmin sənədlərlə evlərinə çıxarış ala bilmirlər. Bu isə onların mülkiyyət hüquqlarının tanınması və qorunmasında problemlərlə üzləşməsi deməkdir. Bu hüquqların qorunması üçün fərdi evlərin sənədləşdirilməsi çox vacibdir. Belə bir addım atılarsa, həm yüz minlərlə vətəndaşın mülkiyyət hüququ tanınar, həm də onların fəal iqtisadi həyata qoşulmasına nail olunar. Vətəndaşlar evlərini girov qoymaqla kredit əldə edə bilərlər, onların ödədikləri əmlak vergisi bələdiyyə büdcələrinin artmasına gətirib çıxarar və sair”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ