SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Azərbaycan Dillər Universitetində nələr baş verir?

Azərbaycan Dillər Universitetində nələr baş verir?

Tarix:

11-01-2019, 11:12

/ 1 358 dəfə oxundu.
Azərbaycan Dillər Universitetində nələr baş verir?

Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi adından Bizimxeber.az-ın elektron ünvanına müraciət daxil olub. Müraciətin sonunda tələbələr fakultə rəhbərliyinin onları sıxışdırmaması üçün adlarını açıq yaza bilmədiklərindən təssüfləniblər.

Redaksiyaya daxil olan müraciəti olduğu kimi təqdim edirik!

Son zamanlar Azərbaycan Dillər Universiteti ətrafında müəllimlər və rəhbərlik arasında olan söz çəkişməsini qayğı ilə izləməkdəyik. Bir universitetin elmi işləri, elmi məqalələri, – ümumən elmi nəaliyyətləri ilə yox, məişət söhbətləri, universitet daxili konflikt, ictimaiyyət qarşısında bir birini nüfuzdan salma və bu əməlləri üçün müəllim kollektivinin üz-üzə qoyulması hallarıyla gündəmə gəlməsi ölkə rəhbərliyindən tutmuş, bütün gənc vətəndaşları narahat etməlidir. Universitet daxili güc çəkişməsində, söz düellosunda bir qrup tələbələrin də kimlərinsə maşası roluna könüllü olmağı ayrıca təəssüf doğurur.

Universitetdə haqlızlıqlar yaşandığı doğrudur, sovet illərindən bəri kök salmış korrupsiya, insanların əməyindən istifadə etmə, başqasının əziyyəti üzərində özünə “uğurlu” karyera qurma cəhdləri və bu əməllərində müvəffəq olanlar az deyil. Öz mənfəətləri üçün hətta tələbələrə də haqsızlıq edildiyini görməmək mümkün deyil.

Məsələn, Avropa İttifaqının təhsil proqramlarından biri olan Erasmus Proqramında bu cür haqsızlaq yaşanmaqdadır. Belə ki, bu Avropa universitetləriylə əldə edilən müqaviləyə əsasən universitetin bütün pillələrindən tələbələr, müəllim heyəti Avropa universitetlərində müəyyən bir müddət təhsil alır, tərcübə proqramlarında iştirak edir. Avropada qalma müddəti bəzən 2 semestrə qədər uzana bilər. Bu proqramda bütün xərclər Erasmus proqramı tərəfindən qarşılanır.

Bu proqram iştirak etmək istəyən tələbələrin arasından ən uğurlu olanlarını seçilərək xarici universitetə göndərilir. Lakin, təcrübə göstərir ki, Azərbaycan Dillər Universitetində seçim zamanı heç də uğurlu tələbə axtarılmır. Avropaya göndəriləcək tələbələr arasında, gizli keçirilən toplantı nəticəsində seçilən və seçilməyən tələbələri müqayisə etdikdə görürük ki, universitetdə təhsil almaqda olan, qrupun ən uğurlu, qabaqcıl tələbələri bir kənarda qalıb, lakin dərsləri zəif, xarici dil bilikləri yetərsiz olan, heç bir peşəkar uğuru olmayan tələblər isə qabağa çəkilərək Avropaya göndərilir.

İllərdir bu cür səriştəsizlik ucbatından, İspaniyanın Mursiya Universitetinə göndərilən tələbələ kəsrlərlə – yəni uğursuzluqla geri qayıdır və nəticədə təhsil müddətini uzatmış olurlar. Bu ilki seçimlərdə də eyni xətaya yol verildiyini demək mümkündür. Belə ki, seçim zamanı İspaniyanın Kadiz Universitetinə Filologiya fakultəsinə, Tərcümə fakultəsinin tələbələri göndərilməkdədir.

ADU Tərcümə fakultəsi və Kadiz Universitetinin Filologiya proqramı isə eyni dərsləri əhatə etmədiyindən yenə göndəriləcək tələbə boşuna vaxt itirəcək, dərslərində uğursuz olacaq və ölkəmizin imicini zədələyəcəkdir. Halbuki, univerisitetimizdə İspan dili filologiyası fakultəsi var, lakin bu fakultənin tələbələrini hansısa səbəbdən proqrama seçməyiblər.

Universitetin bu seçimləri, seçim siyasəti araşdırılarsa, görülər ki, tələbələrə qarşı hansı haqsızlıqlar edilib. Uğurlu tələbələri proqramdan kənarda saxlayıb, heç bir uğuru olmayan tələbələri isə seçib Avropaya göndərmək bizdə seçim komissiyasının korrupsiyaya yol verdiyi şübhəsini yaratmışdır. Təəssüf ki, bizim bu şübhələri sübut etmək imkanımız yoxdur, çünki qərarlar, kriteriyalar gizli aparılıb. Heç bir şəffaflıq olmayıb. Odur ki, bu məktubu yazaraq, səsimizi ictimaiyyətə çatdırmaq istəyirik. Ola bilər ki, rektorluq bu məsələyə yenidən və daha həssas baxaraq ədalətli nəticə çıxardar.

Hörmətlə,
Bir qrup ADU tələbəsi
Bizimxeber.Az

Şərhlər

XƏBƏR LENTİ