SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » 80 yaşlı Elmira Süleymanovanın səlahiyyət müəmması

80 yaşlı Elmira Süleymanovanın səlahiyyət müəmması

Tarix:

10-03-2017, 09:43

/ 1 547 dəfə oxundu.
80 yaşlı Elmira Süleymanovanın səlahiyyət müəmması

Martın 5-də Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb. Lakin onun yenə də ombudsman kimi fəaliyyətini davam etdirə biləcəyi söylənilir.

Belə ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, Elmira Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili kimi fəaliyyətini davam etdirməsi qanunvericiliyə uyğundur. O qeyd edib ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Qanuna əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

Elmira Süleymanova 2010-cu il martın 5-də ikinci dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. Onun səlahiyyət müddəti bu il martın 5-də başa çatıb.

Qanunvericiliyə əsasən, Azərbaycan prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edəcək. Parlament isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul etməlidir.

Deputat Fazil Mustafa bildirib ki, qanunvericilikdə dəyişiklik olmasa, Elmira Süleymanovanın səlahiyyət müddəti artırıla bilməz: “Əvvəllər ombudsman bir dəfə seçilə bilərdi. Sonradan isə qanunvercilikdə dəyişiklik oldu və ”bir dəfə" sözü götürüldü. İndi isə qanuna görə, iki dəfədən artıq ola bilməz. Ombudsman ümumi çoxluğun qərarı ilə qəbul olunursa və qanun qüvvəyə minirsə, bunu qiymətləndirməyə gərək yoxdur. Hesab edirəm ki, indiki Azərbaycan reallığında müəyyən dərəcədə insan haqları məsələsində az-çox fəaliyyət göstərən qurum ombudsmandır. Müəyyən tədbirləri, yerlərdə baş çəkmələr, insanların problemləri ilə maraqlanmaqla ən azı gərginliyi müəyyən qədər aradan qaldıra bilirlər".

Onu da qeyd edək ki, martın 7-də Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova illik məruzə ilə çıxış edib. Lakin bu hesabat bəzi deputatlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, deputat Zahid Oruc bildirib ki, ombudsmanın hesabatı şablon ifadələrdən ibarətdir və sanki sovet zamanındakı çıxışları xatırladır. Deputat söyləyib ki, cəmiyyətdə olan bir çox ciddi problem var ki, hesabatda, ümumiyyətlə, adı keçmir: “Elmira xanım, bu qədər konyukturaçı olmaq lazım deyil. Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?! Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev dedi ki, 950-dən çox Azərbaycan vətəndaşı İraqda, Suriyada ekstremist təşkilatların tərkibində döyüşür. Bəs nədir onları Azərbaycandan uzaqlaşdıran? Hesabatda niyə bunlardan danışılmır”.

Ombudsmanın səlahiyyətləri nələrdir?

Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə qanuna edilən dəyişiklikdən sonra aparatın səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər. Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

“Ombudsman haqqında” Konstitusiya Qanununun 19-cu maddəsinə əsasən, müvəkkilin, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir. Həmçinin müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. Məlumat üçün bildirək ki, aparatın rəhbəri 2,025 manat maaş alır.

Bundan əlavə, Ombudsman Aparatına qadağan olunan hallar da var. Belə ki, İnsan hüquqları üzrə müvəkkil ölkə prezidentinin, Milli Məclisin deputatlarının və məhkəmə hakimlərinin fəaliyyətini yoxlaya bilməz. Şəxsin ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi varsa, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edirsə, ödənişli fəaliyyəti varsa, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilibsə, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunubsa, o, ombudsman ola bilməz.

Ombudsman siyasi fəaliyyətlə məşğul ola və siyasi partiya üzvü ola, hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Eyni şəxs iki dəfədən artıq müvəkkil seçilə bilməz.

Qeyd edək ki, 80 yaşlı E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub.

Şərhlər

XƏBƏR LENTİ