SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Mikayıl Cabbarov "işverən" axtarışında: nazirliyin vergi islahatı "gül" vurur...

Mikayıl Cabbarov "işverən" axtarışında: nazirliyin vergi islahatı "gül" vurur...

Tarix:

27-12-2018, 22:16

/ 1 931 dəfə oxundu.
Mikayıl Cabbarov "işverən" axtarışında: nazirliyin vergi islahatı "gül" vurur...

Neçə gündür ki, media və sosial şəbəkələr vergilər naziri Mikayıl Cabbarovun el dilində "işverən" adlanan şəxslər axtarışına çıxdığını müzakirə edir.

Cahan.info-nun məlumatına görə, Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva əməlli-başlı "gül" vurub.

Deyib ki, gələcəkdə kim vergidən yayınanlar barədə xəbər versə, mükafat ala bilər. Bu da sizə iş yeri...

Nazirliyin xanım sözçüsü deyib ki, Azərbaycanın vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub: “Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır.

Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər…”

Görəsən, islahatçı nazir kimi təqdim olunan "Mişa" ləqəbli, Gürcüstanın "Mişa"sı olan Saakaşviliyə bənzəməyən Mikayıl Cabbarov vergidə reformlar deyərkən bunu nəzərdə tuturdu?

Yəni, hansısa müəssisə vergidən yayınırsa, işverənlik edib nazirliyə məlumat vermək lazımdır. Nazirlik də obyekti cərimələyib vergini aldıqdan sonra "vergi xəbərçisi" buna görə bəxşiş ala bilər.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minəcək. Sahibkarların əksəriyyətinin bu dəyişikliklərin mahiyyətindən xəbəri yoxdur.

Və Vergilər Nazirliyi də bu dəyişiklikləri geniş şəkildə izah etməkdə, bir-bir sahibkarlara çatdırmaqda həvəsli görünmür.

Əvəzində, çox böyük həvəslə qadağalar, hədə-qorxular və cərimələr təşviq olunur. Elə Samirə xanımın “vergi xəbərçiliyi” barədə dedikləri də bu prosesin tərkib hissəsidir.

Deməli, belə çıxır ki, vergi orqanı sahibkara təzyiq vasitələri axtarışını davam etdirir. Və təəssüf ki, bunu hətta vətəndaşları üz-üzə qoymaq vasitəsilə də həyata keçirməyə hazırdır.

Deməli, bundan sonra onsuz da qeyri-müəyyənlik, səksəkə içərisində işləyən, banklardan 78 qəpiyə götürüb, bugün 1.70 manata dollar krediti qaytaran, hər yeni dəyişiklikdən yalnız təhlükə gözləyən, istənilən an hansısa icra strukturunun tələbilə işindən, biznesindən məhrum olunan, hətta obyektinin sökülə biləcəyini anlayan sahibkar, bir tərəfdən də özünü “vergi xəbərçilərindən” qorumalıdır!

Cahan.info-nun azpolitika.info-ya istinadən məlumatına görə, məsələnin ən çox təəssüf doğuran məqamı isə xanım məmur tərəfindən sahibkar barədə “xəbər satan” vətəndaşın “mükafatlandırılması” anonsunun verilməsidir.

Əgər doğrudan da xəbərçiliyə görə mükafat veriləcəksə, kim təminat verə bilər ki, onsuz da son zamanlar satıb-satılmağa xeyli meyllənən bir toplumun bu formada “həvəsləndirilməsi” sabah Vergilər Nazirliyinin qapısında qazanc naminə qardaşını da satmağa hazır olanlardan ibarət böyük bir növbənin yaranmasına səbəb olmayacaq?!

Bəlkə nazirlik öz qarşısına bu yolla “yeni iş yerləri” açmaq məqsədi qoyub?Fazil Məmmədovun gedişindən sonra vergi orqanının sahibkarlara münasibətində müsbət mənada ciddi dəyişikliklərin olduğunu etiraf etməmək insafsızlıq olardı.

Xüsusilə də “krışasız” kiçik sahibkarlar artıq xeyli müddətdir ki, vergi əməkdaşı görəndə dizlərinin əsməsi, rənginin ağarıb-saralması sindromundan qismən qurtulublar.

Lakin onların daxilindəki sək-səkə hələ də öz yerini stabil və şəffaf münasibətlər sisteminə söykənən rahatlığa verə bilməyib.

Məsələ ondadır ki, Mikayıl Cabbarovun təyinatından sonra əvvəllər sahibkarlara qarşı əsl repressiya aparatı rolu oynayan vergi orqanı xeyli yumşalma və sivil münasibətlər mərhələsinə qədəm qoysa da, bunun nə vaxtadək davam edəcəyi çoxları üçün bəlli deyil.

Yeni nazirin gəlişindən bu yana ciddi vergi islahatları və sahibkarlara əhəmiyyətli güzəştlər olunacağına dair o qədər fikirlər səsləndirildi, vədlər verildi ki, hətta Azərbaycanda tezliklə “vergi cənnətinin” yaranacağına ümid edənlər də tapıldı.

Ancaq zaman keçdikcə və xüsusilə də bugünlərdə Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndikdən sonra sahibkarların ümidlərinin əsas etibarilə doğrulmadığı məlum oldu.

Hər dəfə Vergi Məcəlləsinə əsaslı dəyişikliklər edilərkən, kassa çekləri və işçilərin qeydiyyatı ilə bağlı cərimələr artırılıb.

Ancaq təcrübə göstərir ki, bu cəza üsulu gözlənilən nəticəni vermir, yenə kütləvi şəkildə pozuntular müşahidə olunmaqdadır.

Deməli, hansısa başqa vasitə tapılmalı idi, ancaq görünür yenə ən asan və qeyri-effektiv yola əl atılıb.

Digər tərəfdən isə kassada oturan işçinin səhlənkarlıqdan, ehtiyatsızlıqdan və digər müxtəlif təsadüflərdən irəli gələrək, ən azından çek vurmağı unutması mümkündür.

Bu halda şəxsən özünün heç bir günahı olmayan sahibkar birdən-birə 1000 manat cərimə ödəməli olur.

Onu da nəzərə almaq lazımdır ki, ölkəmizdə adı sahibkar olsa da, mağazasında toplam 1000 manat, yaxud 3000-6000 manatlıq malı olmayan insanlar var. Belələri bu cür yüksək məbləğli cərimələri necə ödəyəcəklər?

Bir də ki, maraqlıdır, ümumiyyətlə bu cərimələr müəyyən edilərkən hansı kriteriyalar əsas götürülür? Məsələn, ölkə üzrə minimum əmək haqqımı, əhalinin gəlirlərimi, hətta Ümumi Daxili Məhsulmu və s.

Bildiyimizə görə, müsbət mənada heç bir göstərici üzrə Azərbaycanda 2.5-5 dəfəlik artım yoxdur. Belə olan halda necə olur ki, təkcə vergi deyil, digər sahələr üzrə də cərimələr və rüsumlar durmadan, özü də dəflərlə artırılır?

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ