SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » 6,5 milyonun izi ilə... - "AKELİK GROUP" rəhbərliyinə yeni İTTİHAMLAR...

6,5 milyonun izi ilə... - "AKELİK GROUP" rəhbərliyinə yeni İTTİHAMLAR...

Tarix:

24-12-2018, 11:17

/ 1 229 dəfə oxundu.
6,5 milyonun izi ilə... - "AKELİK GROUP" rəhbərliyinə yeni İTTİHAMLAR...

“Alke İnşaat Sanayi ve Ticaret” ASC-nin ( indiki adı "AKELİK GROUP"ASC) sabiq əməkdaşı Cəfərov Şahin Tofiq oğlunun şikayəti və bizə təqdim etdiyi sənədlər əsasında hazırladığımız yazılarda adıçəkilən şirkətin işindəki nöqsanlardan danışmışdıq. Yazımızda araşdırmalarımızı davam etdirəcəyimizi də qeyd etmişdik.

Xatırladaq ki, Şahin Cəfərovla söhbətimizdə adıçəkilən şirkətin Hacıqabul rayon filialının “Padarçöl layihəsi” ilə yanaşı, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqda da vurğulamışdıq. Eləcə də sizə 6,5 milyonluq yeyinti faktı ilə bağlı açıqlama verəcəyimizi vəd etmişdik.

Məsələ ondadır ki, Şahin Cəfərovun açıqlamasında adını çəkdiyi “Alke İnşaat Sanayi ve Ticaret” ASC-nin ( indiki adı "AKELİK GROUP"ASC) sabiq topoqrafı Ramazan Biçer də redaksiyamıza müraciət edərək, işlədiyi layihələrin icrasındakı nöqsanlardan və ona qarşı edilən haqsızlıqlardan şikayət edib. Qeyd edək ki, bu, Ramazan Biçerin mətbuata ilk müraciəti deyil. Bir müddət əvvəl bir neçə sayt onun söylədiklərini işıqlandırmışdı, amma layihənin sifarişçisi olan “Azərsu” ASC və icraçı şirkət “ALKE İnşaat və Sənaye” ASC-nin təkzibindən sonra mövzu bağlandı və araşdırmaya son verildi.

Buna baxmayaraq, Şahin Cəfərov kimi, hazırda Türkiyədə olan Ramazan Biçer də vaz keçmək fikrində deyil və sonadək mübarizə aparmağa qərarlıdır.

Onu da deyək ki, Ramazan Biçerlə Şahin Cəfərov daim əlaqə saxlayır və yaxın günlərdə Ramazan Biçerin təhdid edildiyini də ilk olaraq məhz Şahin Cəfərovdan öyrəndik.

Şahin Cəfərovun sözlərinə görə, “6,5 MİLYONUN İZİ İLƏ - "AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib” sərlövhəli yazıdan sonra küçədə Ramazan Biçerlə xanımının qarşısını kəsiblər və ondan susmağı tələb ediblər, əks halda topoqrafı özünə və ailəsinə xəsarət yetirəcəkləri ilə hədələyiblər. Şahin Cəfərov bizə Ramazan Biçerlə bu mövzuda olan yazışmanı da təqdim etdi.

Şahin Cəfərovun dediyinə görə, Biçerlə telefon danışığı zamanı ona təhdidlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb, Ramazan Biçersə polisə şikayət etdiyini, amma polis idarəsində ondan şirkətin rəhbəri Süleyman Babayevin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini istədiklərini bildirib. Şahin Cəfərovsa keçmiş iş yoldaşına söyləyib ki, şirkətin identifikasiya (VÖEN) nömrəsi var, şirkətin adı dəyişsə də, VÖEN nömrəsi dəyişməyib, odur ki, həmin nömrəni, eyni zamanda Süleyman Babayevin cib telefonunun nömrəsini polisə təqdim edə bilər. Şahin Cəfərof həmçinin Biçerə onun hüquqlarını qorumağa hazır olduğunu da söyləyib.

Şahin Cəfərov 6,5 milyonluq yeyintiyə yol verildiyi iddia edilən “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin keçmiş topoqraflı ilə bağlı başqa maraqlı məlumatlar da verib. Onun sözlərinə görə, Xaçmaz layihəsinin keçmiş layihə rəhbəri, nə vaxtdan bəri Türkiyədə olan Ömər Faruk Zorlu Ramazan Biçerə zəng vuraraq, ondan Azərbaycana qayıtmasını və dekabrın sonunda yekunlaşması planlaşdırılan Xaçmaz layihəsini təhvil verməkdə ona yardımçı olmasını xahiş edib, amma şirkətin Biçerə ödəmədiyi iki aylıq əmək haqqının (6 min dollar) veriləcəyindən söz açmayıb.

Şahin Cəfərov iddia edir ki, keçmiş layihə rəhbəri hazırda Bakıdadı və adıçəkilən layihədə çalışır. Ömər Faruk Zorlunun Azərbaycan nömrəsinin aktiv olması və Biçerə etdiyi təklif əslində onun sözlərini təsdiq edir.

Şahin Cəfərov deyir ki, Ömər Faruk Zorlunun Biçerdən belə bir xahiş etməsi səbəbsiz deyil. Məsələ ondadır ki, Xaçmaz layihəsində bütün vacib sənədlər Ömər Faruk Zorlu və Ramazan Biçer tərəfindən imzalanırdı, yəni onların imzası olmadan adıçəkilən layihə təhvil verilə bilməz. Üstəlik, Ömər Faruk Zorlunun 10 il iş təcrübəsi olmadığına görə, o, rəsmən layihə rəhbəri vəzifəsini icra edə bilməzdi (ixtisasca topoqrafdır). Sadəcə rəhbərlik formal olaraq həmin vəzifəni ona tapşırmışdı, odir ki, əslində onun imza hüququ yoxdur. Elə buna görə də israrla Ramazan Biçerdən Azərbaycana dönməsini xahiş edir.

Şahin Cəfərovun bildirdiyinə görə, sözügedən şirkətin Heydər Əliyev prospektində inşa etdiyi “Azərsu” ASC-nin yeni ofis binasının (söhbət 42 milyonluq layihədən gedir, 2015-ci ildə başa çatsa da, istifadəyə verilməyib), eləcə də həmin şirkətin icraçısı olduğu Xaçmaz layihəsinin təhvil verilməsi yubadılır. Şirkət rəhbərliyinin belə əl-ayağa düşməsinin, Xaçmaz layihəsinin sabiq icraçılarını yenidən ölkəyə dəvət etməsinin əsas səbəbi də elə budur.

Şahin Cəfərov Biçerə istinadən söyləyir ki, əgər heç bir fırıldağa yol verilməsə, sənədlər saxtalaşdırılmasa, Ramazan Biçerin imzası olmadan layihənin təhvili mümükünsüzdür. Amma Ramazan Biçer Azərbaycana qayıtmaqdan və həmin layihəni təhvil verməkdən imtina edib(Süleyman Babayevin təhdidlərindən ehtiyat etdiyi üçün-Ramazan Biçerin bizə yolladığı video yazıda bu fikir öz əksini tapıb).

İndi isə keçək Ramazan Biçerin şəxsən bizə söylədiyi faktlara. Əvvəla, qeyd edək ki, Ramazan Biçer bizimlə “Skype” vasitəsilə əlaqə saxlayıb, redaksiyamıza əlavə olaraq, sənədlər, fotolar və video yazılar da yollayıb. Həmin video-yazıları saytımıza (hurriyyet.org) yerləşdirəcəyik.

Xaçmaz layihəsinin topoqrafı, 2014-2018-ci illərdə Azərbaycanda yaşayan və Xaçmaz, Ağdaş, Gəncə, Zərdab, Muğan layihələrində, eləcə də “Azersu Tower” binasının inşasında çalışan (bizə yolladığı video yazıda bunu sübut edən bütün sənədləri təqdim edir) Ramazan Biçer bizimlə söhbətində bildirib ki, “ALKE İnşaat və Sənaye” ASC-nin icra etdiyi Xaçmaz layihəsində bir küçədə 20 ədəd kanalizasiya quyusunun tikilməsi nəzərdə tutulsa da, 5 ədəd quyu tikilib. Layihədə göstərilən işlər tam həyata keçirilməyib. Quyuların sayı azaldılmaqla yanaşı, quyuların dərinlikləri saxtalaşdırılıb. Sözlərini bizə təqdim etdiyi layihə planı ilə (Ramazan Biçer bizə yolladığı video yazıda həmin layihə planını canlı olaraq şərh edir) sübut edən topoqrafın sözlərinə görə, “ALKE İnşaat və Sənaye” ASC-nin rəhbəri Süleyman Babayev Xaçmaz layihəsinə görə “Azərsu” ASC-dən 6-7 milyon dollar arası artıq pul alıb. Əlində bunu sübut edən sənədlər (topoqraf sözlərini təsdiq edə bilən şahidlərin də olduğunu bildirib) olduğunu və istənilən vaxt onları təqdim etməyə hazır olduğunu söyləyən Ramazan Biçer Heydər Əliyev prospekti “Azersu Tower” binasının inşasında, Gəncə və Ağdaş layihələrinin icrasında da külli miqdarda yeyintiyə yol verildiyini də nəzərə çatdırıb. Eləcə də Zərdab şəhərinin su borularının yenilənməsinin böyük nöqsanlarla icra edildiyini vurğulayıb. Onun sözlərinə görə, suvarma sahələrinə diametri 1400 mm olan köhnə borularla su verilir. Boruların izalyasiyası və keyfiyyəti qənaətbəxş deyil. Ramazan Biçer aidiyyati qurumlardan bütün bu faktların araşdırılmasını tələb edir. Şahidi olduğu qanunsuz əməllərə göz yummadığına görə layihə bitməmiş işinə xitam verilərək Azərbaycandan çıxarıldığını (layihədə çalışdığı son ki aya görə 6 min dollar məbləğində əmək haqqını Ramazan Biçer şirkətdən bu günədək ala bilməyib), Türkiyəyə döndükdən sonra şirkətdə baş verən qanunsuzluqları ictimailəşdirmək məqsədilə sosial şəbəkələrdə etdiyi paylaşmalara görə özünün və ailəsinin təhdid edildiyini, dəfələrlə aidiyyati qurumlara şikayət məktubları ünvanlasa da, müraciətlərinin cavabsız qaldığını söyləyən Türkiyə vətəndaşı Azərbaycan xalqının varidatının talan edilməsini qəbul edə bilmədiyini, bunun qarşısının alınmasını, günahkarların cəzalandırılmasını istədiyini bildirib.

Sözügedən məsələni araşdırmaq üçün “Azərsu”ASC-yə iki sorğu ünvanladıq və Xaçmaz şəhərində tikilən quyuların dəqiq sayı, tikinti aparılan küçələrin adı və quyuların dərinliyi eləcə də Zərdab şəhərinə çəkilən su borularının dəqiq sayı və ölçüsü, keyfiyyət səviyyəsi və hansı ərazilərə çəkilməsi haqda bizə məlumat vermələrini xahiş etdik.

Çox gözləyəndən, bir neçə dəfə zəng vurub yadlarına salandan sonra nəhayət bu məzmunda cavab aldıq sorğularımıza:

“Sizin 07 dekabr 2018-ci il tarixində “Azərsu” ASC-nin elektron ünvanına göndərdiyiniz informasiya sorğularına cavab olaraq bildiririk ki, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən layihə çərçivəsində həyata keçirilib. İşlər layihəyə uyğun həyata keçirilib və “kanalizasiya quyularının sayının azaldılması və standartlara uyğun tikilməməsi” barədə iddialarınızın heç bir əsası yoxdur, Xaçmaz şəhərində tikinti layihəyə tam uyğun icra olunub. Sizin redaksiyadan əvvəl də bununla bağlı müraciətlər daxil olmuş və bu məsələlər layihənin məsləhətçi şirkəti TEC (Tokyo Engineering Company) tərəfindən ətraflı araşdırılıb və onların heç biri öz təsdiqini tapmayıb.

Zərdab rayonu ərazisində 10 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi məqsədilə suvarma infrastrukturunun yaradılması işləri layihəyə uyğun icra olunmuş, sugötürücü qurğu, magistral kəmər və digər qurğular layihə sənədlərinə riayət olunmaqla tikilmişdir”.

Göründüyü kimi, sorğularımıza çox səthi cavab verilib, istədiyimiz məlumatların heç biri təqdim edilməyib bizə və məktubda yazılanlar heç bir sənədlə təsdiq edilməyib. Bütün bunları nəzərə alaraq, verilən cavabı səhih saymırıq və araşdırmamızı davam etdirməyə qərarlıyıq.
Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ