yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sabiq nazir ev dustağıdırmı? - GƏLİŞMƏ

Sabiq nazir ev dustağıdırmı? - GƏLİŞMƏ
7-12-2018, 10:31 142 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Əvəz Əhmədovun vəkili cinayət işinə xitam verilməsi və müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. Qərara əsasən hər iki vəsatət təmin edilməyib. Məhkəmənin baxış iclası dekabrın 19-na təyin edilib.

Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir. Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

“Qafqazinfo”nun xəbərinə görə, sabiq nazirin qardaşı 2016-cı ilin iyun ayında polkovnik Hörmət Əskərova sələmə 100 min dollar pul verib. Hörmət isə pulu və faizini qaytara bilməyib. Buna görə iyulun 2-də H. Əskərovu “Parkplyus” əyləncə mərkəzində yerləşən ofisinə çağırıb qapını bağlayaraq girov saxlayıb və pulu verməyəcəyi təqdirdə buraxmayacağını deyib. Həmin zaman ona bir neçə dəfə zərbə də vurub. Daha sonra Rəşad Tahirovun qohumu Hörmətə kömək edəcəyini vəd etdiyini öyrənib. Bunu bəhanə edərək Rəşad Tahirova mesaj yazaraq onu və ailə üzvlərini məhv edəcəyi ilə hədələyib. Ə.Əhmədov avqust-sentyabr aylarında Rəşad Tahirovdan 140 min dollar alıb.

Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.

Xatırladaq ki, Əvəz Əhmədov qardaşı, general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib.

Ə.Əhmədov 2000-ci ildən daxili İşlər naziri vəzifəsini tuturdu. Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. Bundan bir müddət əvvəl o, vəzifəsindən qeyri-rəsmi uzaqlaşdırılmış və barəsində araşdırma aparılmışdı. Naxçıvandakı mənbələr onu da bildirirdi ki, Əhməd Əhmədovun muxtar respublika ilə yanaşı Bakıda, Bakıxanov qəsəbəsi ərazisində çoxsaylı biznes aktivləri mövcud olub. Əhmədov işdən çıxarılandan sonra həmin obyektlərin hamısını onun əlindən alıblar. O da bildirilir ki, Əhməd Əhmədovun Bakıdakı biznesini əsasən onun indi həbsdə olan qardaşı Əvəz Əhmədov idarə edirmiş.

Sabiq nazir istintaq altında olmasa da, Naxçıvanı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulduğu deyilir. Baxmayaraq ki, həmin vaxt Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov saytlarına birinə açıqlamada sabiq nazirin ev dustağı edilməsi barədə məlumatları təkzib etmişdi.

Bu yaxınlarda isə sabiq nazirin Sədərək gömrük-keçid məntəqəsi vasitəsilə Naxçıvandan Türkiyəyə keçmək cəhdinin qarşısının alındığı xəbəri yayılmışdı. “Azpolitika.info”nun yaydığı məlumatda bildirilirdi ki, sabiq nazir Türkiyəyə getmək üçün Sədərək gömrük-keçid məntəqəsinə gəlib. Lakin sərhədçilər onun pasportuna möhür vurmaqdan imtina ediblər. “Yuxarıdan tapşırılıb ki, buraxmayaq”, - sabiq nazirə bildirilib. Məlumata görə, Ə.Əhmədov Türkiyəyə buraxılmasına nail olmaq üçün bir neçə telefon zəngi etsə də, nəticəsi olmadığından geri qayıdıb.
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

10-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ