SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Hacı İbrahim Nehrəmlinin qardaşı məhkəmədə özünü təqsirli bilməyib

Hacı İbrahim Nehrəmlinin qardaşı məhkəmədə özünü təqsirli bilməyib

Tarix:

5-12-2018, 12:40

/ 1 579 dəfə oxundu.
Hacı İbrahim Nehrəmlinin qardaşı məhkəmədə özünü təqsirli bilməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fəhmin Hümbətov ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.İbrahimov özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş qismində Mərdan Vəliyev ifadə verib.

O söyləyib ki, 2013-cü ilə "STS" şirkətindən mənzil almaq üçün müqavilə imzalayıb: "Bağlanan müqavilənin dəyəri 105 270 manat məbləğindədir. Sonra məlum oldu ki, mənzil başqasına satılıb. Mənə dedilər ki, "sizə başqa mərtəbədə ev veriləcək". Lakin razılaşmadım, şikayət etdim. Bundan sonra mənzili mənə qaytardılar. Hazırda ev məndədir və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbim yoxdur".

M.Vəliyev təqsirləndirilən S.İbrahimovu tanımadığını, müqavilənin isə Məzahir Cəfərovla imzalandığını söyləyib.

Daha sonra digər zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov çıxış edib. O, müvəkkilinin Rusiyada olduğunu, işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirib.

X.İmanov deyib ki, E.Allahverdiyev “STS” şirkətindən mənzil almaq üçün S.İbrahimova müraciət edib: "Sahib İbrahimov isə Xətai rayonunda inşa edilən binada iki mənzilin boş olduğunu qeyd edib. İki mənzil üçün 162 400 dollar pul istənilib. Bu pul Sahib İbrahimovun möhürü ilə şirkətin kassasına ödənilib. Ancaq bizə hələ də mənzil verilməyib. Mən Sahib İbrahimovla görüşsəm də, o, mənə mənzilin qaytarılacağı barədə söz verib, lakin vədinə hələ də əməl etməyib".

Zərərçəkmiş şəxsin nümayəndəsi dəymiş zərərin ödənilməsini tələb edib və ötən prosesdə mülki iddianı məhkəməyə təqdim etdiyini xatırladıb.

Təqsirləndirilən S.İbrahimov isə zərərçəkmişi tanımadığını bildirib. O, müqavilənin onunla imzalanmadığını söyləyib: "Mən Etibar Allahverdiyevi heç vaxt görməmişəm".

S.İbrahimovun vəkili Rəna Məmmədova da zərərçəkmiş şəxs Etibar Allahverdiyevin məhkəməyə çağırılıb dindirilməsini tələb edib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

Şərhlər

XƏBƏR LENTİ