SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bu həftə tarixi görüş reallaşır: Ərdoğan Rusiyaya gedir, əsas gözlənti nədir?

Bu həftə tarixi görüş reallaşır: Ərdoğan Rusiyaya gedir, əsas gözlənti nədir?

Tarix:

6-03-2017, 10:06

/ 1 537 dəfə oxundu.
Bu həftə tarixi görüş reallaşır: Ərdoğan Rusiyaya gedir, əsas gözlənti nədir?

Elçin Mirzəbəyli: “Kremlin indiki modelinin dəyişəcəyini gözləmək doğru deyil”; Əhəd Məmmədli: “Görüşün ən çox əhəmiyyəti Türkiyə və Rusiya üçündür”

Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Görüş Ərdoğanın martın 9-10-da Rusiyaya səfəri çərçivəsində baş tutacaq. Görüşdə ikitərəfli münasibətlərin inkişafı perspektivləri müzakirə olunacaq.

Ekspertlər hər iki ölkə arasında ötən ilin ortalarından başlayaraq baş verən yaxınlaşmanın fonunda bu səfərin mühüm nəticələrlə tarixə keçəcəyini düşünürlər. Region və Azərbaycan üçün də Ərdoğan-Putin görüşünün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunur. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə rəhbərinin Moskva səfərinin önəmli nəticələr verə biləcəyi vurğulanır.

Səfərin tam detalları hələ məlum olmasa da, Türkiyədə gələn ay keçiriləcək referendumun da əsas müzakirə edilən məsələlərdən biri olacağı deyilir. Rusiyada səsvermə hüququ olan çoxsaylı türkün olacağını nəzərə alsaq, bu fikirlərdə həqiqət çaları kifayət qədər çox görünür.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Türkiyə-Rusiya arasında yaxınlaşmanın sürətlə inkişaf etməsini mövcud situasiya diktə edir: “Hər iki ölkənin ayrı-ayrılıqda geosiyasi maraqları var. Açığı, indiki şəraitdə Rusiya-Türkiyə münasibətlərinin daha uzağa gedəcəyini, müttəfiqlik əlaqələri ilə sonuclanacağını düşünmürəm. Bu baş verərsə, ciddi təlatümlərin meydana çıxmasına səbəb olar, Qərb tərəfindən Türkiyəyə qarşı ciddi təzyiqlərin olmasına zəmin yarada bilər. İndiki şəraitdə iqtisadi müstəvidə əlaqələrin genişlənməsi hər iki ölkənin maraqlarına xidmət edir. Məsələnin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcəyini düşünmək, zənnimcə doğru olmazdı. Ola bilsin ki, situasiyanın daha da gərginləşməsinə, münaqişənin daha da pik həddə çatmasına maneə yaratsın Türkiyə-Rusiya münasibətləri. Amma münaqişənin ədalətli həllinə bu yaxınlaşmanın səbəb olacağını düşünmək doğru olmazdı. Çünki Dağlıq Qarabağ və postsovet məkanındakı münaqişələri Rusiya yaradıb. Azərbaycan ərazilərinin işğalı prosesində də birbaşa Rusiya yaxından iştirak edib. İndiki şəraitdə münaqişənin ədalətli, ümumiyyətlə, bütövlükdə həllinə mane olan da Kremldir. Çünki Rusiyanın maraqları Azərbaycanı, bütövlükdə postsovet məkanını nəzarətdə saxlamaq üçün bunu diktə edir. Təbii ki, alternativ yanaşma da ola bilərdi”.

Politoloqa görə, əgər Rusiya sivil bir dövlət olsaydı, postsovet məkanında iqtisadi gücü ilə liderlik iddiasına düşsəydi, demokratik dəyərlərin daşıyıcısı olsaydı, tam fərqli yanaşma olardı: “Amma Rusiya belə bir dövlət deyil. Yaxın müddət ərzində də Kremlin indiki modelinin dəyişəcəyini gözləmək doğru deyil. Bu baxımdan rəsmi Moskvanın ənənəvi siyasətində dəyişiklik edəcəyini gözləmirəm. Belə olan şəraitdə Türkiyə proseslərə hər hansı bir formada təsir göstərə bilməz. Bu proses yalnız o zaman baş verə bilər ki, Rusiyanın mövqeləri zəifləsin, yaxud Cənubi Qafqazla bağlı siyasəti dəyişsin, beynəlxalq şərtlər bunu diktə eləsin. İndiki şəraitdə isə, belə gözləntilərim yoxdur. Ərdoğan-Putin görüşü düşünürəm ki, Suriya məsələsində ortaq müzakirələrə xidmət edir. Digər tərəfdən, burada iqtisadi əlaqələrin də müzakirəsi olacaq. Türkiyədə keçiriləcək referendum öncəsi Ərdoğan özünə də siyasi dəstək axtarır. Qərbin bu prosesə mövqeyini nəzərə alsaq, Rusiyanın dəstəyi məsələsi ortaya çıxıb. Çünki Putin bundan əvvəl də Türkiyənin indiki iqtidarına dəstək vermişdi. Bu dəstəyin yenə davam edəcəyini gözləyirəm. Bu dəstəyin özünün Türkiyəyə nə verəcəyi isə, çox mübahisəli məsələdir”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, Rusiya və Türkiyənin hər birinin öz maraqları olduğu üçün bu görüşdən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticələr gözləmək olmaz: “Türkiyə -Rusiya münasibətlərinin istiləşməsi regionda sülhün, sabitliyin təminatçısı ola bilər. Lakin elə açar mövzular var ki, orada Türkiyənin də, Rusiyanın da güzəştə getməsi qeyri-mümkündür. Ona görə Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ probleminin həlli yönündə hər hansı müsbət nəticə gözləmirəm. Çünki Türkiyə təbii müttəfiqi Azərbaycanın, Rusiya isə strateji müttəfiqi Ermənistanın maraqlarını müdafiə etməyə məhkumdur. Bu görüşün ən çox əhəmiyyəti Türkiyə və Rusiya üçündür. Çünki hər iki ölkə çətin dövrlərini yaşayır. Qərbin Türkiyəyə siyasi basqıları, eləcə də, Rusiyaya yönəlik iqtisadi sanksiyalar, bir növ Türkiyə ilə Rusiyanı bir-birinin qucağına atdı. Amma Türkiyə -Rusiya münasibətləri siyasidən daha çox iqtisadi təsirli yaxınlaşmadı. Yuxarıda qeyd etdiyim kimi, bir neçə açar problem var, məsələn Azərbaycan -Ermənistan münaqişəsi, Krımın ilhaqı, Suriyada vətəndaş müharibəsi və bu mövzularda hər iki tərəfin digərinə güzəşti mümkünsüzdür. Hesab etmirəm ki bu görüş referendumla bağlıdır. Ən çox türkiyəli Almaniyadadır. Referendumla bağlı ora belə Ərdoğan öz nazirlərini göndərir. Ona görə düşünmürəm ki, Rusiya səfəri referendumla bağlı olsun. Daha çox iqtisadi projelər və Suriya məsələsinə görə səfər olacaq. Heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi və son bir ildə Azərbaycan -Ermənistan sərhədindəki gərginlik də müzakirə ediləcək. Türkiyə -Rusiya münasibətlərinə həmişə iki aspektdən baxmaq lazımdır: iqtisadi və siyasi. İqtisadi münasibətlər bu iki böyük qonşu arasında yüksək səviyyədədir. Siyasi münasibətlərdə isə ciddi fikir ayrılıqları var”.

Şərhlər

XƏBƏR LENTİ