SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Arxivlərin açılması cəmiyyətdə təlatüm yarada bilər”

“Arxivlərin açılması cəmiyyətdə təlatüm yarada bilər”

Tarix:

2-10-2018, 12:10

/ 1 332 dəfə oxundu.
“Arxivlərin açılması cəmiyyətdə təlatüm yarada bilər”

Sovet dövrünün qanlı 30-cu illərində babalarımızı kimlərin satdığını öyrənə bilərik. Buna qanuna edilmiş yeni dəyişikliklər imkan yaradır. Belə ki, Nazirlər Kabinetinin “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”yə etdiyi dəyişikliyə görə, tərkibində dövlət sirri olan arxiv sənədləri istifadəyə onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən sonra açıla bilər.

Həmçinin məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın rəyi ilə uzadıla bilər.

Həmçinin vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aradan qalxdığı və ya dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlamanın nəticəsi ilə razı olmadığı hallarda onun təşəbbüsü ilə təkrar yoxlama keçirilə bilər.

Qanuna əsasən deyə bilərik ki, artıq 1930-cu illərin gizli sənədləri açıla bilər. Hansı ki, yuxarıda da qeyd etdiyimiz kimi, həmin dövrdə Azərbaycanda xeyli sayda insan güllələnib, sürgün olunub. Bəs bu arxiv açılarsa, ölkədə nə baş verər?

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, məsələ ilə bağlı qanun qəbul edilən zaman bir sıra təkliflərlə çıxış edib: “Qanunda konkret bənd də var ki, kəşfiyyata və xüsusi xidmət orqanlarına işləyən agentura şəbəkəsi açıla bilər. Ancaq bu o demək deyil ki, 75 il tamam olacaq və bütün agentura şəbəkəsi açılacaq. Hələ bir müddət öncə bildirmişdim ki, bundan ötrü xüsusi komissiya da yaradılmalıdır. Bu komissiya qərar verməlidir ki, konkret siyahı deyil, kiminsə yaxın adamı maraqlanırsa, onun barəsində yalnız yaxın qohumuna, maraqlanan tədqiqatçıya məlumat verə bilərlər. Hətta təklif etmişdim ki, əgər həmin şəxs milli dəyər daşıyırsa, bunun xüsusi xidmət orqanları ilə əlaqəsini günah kimi dəyərləndirmək lazım deyil. Onlar yeri gələndə dövlət üçün işləyiblər. Baxmayaraq ki, bu, sovet dövləti olub. O zaman vəziyyət fərqli qəbul olunub. Çox hörmət etdiyimiz yazıçının, bəstəkarın adının agentura şəbəkəsində olan şəxs kimi açıqlanmasına komissiya imkan verməməlidir. Ona görə də hesab edirəm ki, 75 ildən sonra bu informasiya xüsusi komissiyanın rəyi ilə yalnız onunla maraqlanan şəxsə verilə bilər”.

Ekspert bildirib ki, siyahının açıqlanmasının cəmiyyət, ölkə üçün zərərli tərəfləri var: “75 il böyük bir zaman deyil. 75 ildə oğul da, nəvə də bilər ki, onun atası, babası kim olub. Demokratik ölkələrdə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş şəxslər qınaq hədəfinə çevrilmirlər. Çünki deyirlər ki, onlar dövlətə kömək ediblər və cinayətkarlığa qarşı birgə mübarizə aparıblar. Sovet sistemi və buna bənzər sistemlərdə isə agentlər donos verən, satqın kimi nəzərdə tutulur. Bilinəndə ki, kimsə hüquq-mühafizə orqanlarına məlumat verib, bu, cəmiyyətdə çox pis bir rəy yaradacaq. Cəmiyyət təlatümə düşə bilər. Ancaq bu o demək deyil ki, sirr ömür boyu saxlanılsın. Kimsə maraqlanacaqsa, ona informasiya verə bilərlər. Ukraynada bu cür qərar qəbul olunub. Orada yaxın qohumuna şəxs haqqında məlumat verilir. Yaxud da kiminsə haqqında məlumatlar dolaşırsa və qohumu da bunu təkzib etməyə çalışırsa, o zaman ona arxiv məlumatları verə bilər. 75 il öncə gedib çıxır 30-40-cı illərə. Sovet dövründə hər kəsə məlumdur ki, total şəkildə nəzarətdə saxlamaq, müdaxilə etmək məsələləri vardı. Hətta o zaman məcbur edirdilər ki, ata oğuldan, oğul atadan hansısa informasiya versin. Ona görə hesab edirəm ki, bu, qanun qəbul olunandan 75 il sonra açıqlansa daha yaxşı olar. Bir məsələni kiminsə ixtiyarına vermək ki, gəl arxivə bax və gör ki,75 il qabaq kim agent olub bu, düzgün deyil. Ola bilsin ki, kənddə hansısa bir çoban zamanında ferma müdirindən informasıya verib. Söhbət sovet dönəmindən gedir. İndi elə şey yoxdur. Bu informasiya açıqlanarsa, cəmiyyətdə xeyli xoşagəlməz hallar baş verə bilər. Mən deyəndə ki, bu cür halların açıqlanması cəmiyyətdə pis hallara səbəb ola bilər, deyirlər ki, belə bir şey Baltikyanı ölkələrdə olub və heç nə baş verməyib. Nəzərə almaq lazımdır ki, Baltik ölkələri ilə Qafqaz ölkələrinin xarakteri eyni deyil. Camaat 200 il bundan öncəki nəslinin qədrini bilməyə çalışır. Düşünürlər ki, birdən 200 il öncə kiminsə nənəsi, babası bir cür olar, söz-söhbət yayılar. Ona görə də bu cür qərarlar verən zaman xalqın mentalitetini, düşüncəsini də nəzərə almaq lazımdır. Təkcə rəqəmlərlə iş həll olunmur. Çünki bunun kifayət qədər zərərli tərəfləri var”.

Şərhlər

XƏBƏR LENTİ