SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar

Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar

Tarix:

20-09-2018, 16:52

/ 3 781 dəfə oxundu.
Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar

Azərbaycana qarşı separatçılıq edən və sentyabrın 6-da Rusiya polisi tərəfindən saxlanılan “Tolişi Sədo” qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadənin Azərbaycana ekstradisiyasının yaxın vaxtlarda reallaşacağı gözlənilir. Bu barədə “Yeni Müsavat”ın əldə etdiyi məlumatda deyilir ki, Azərbaycan Respublikası Prokurorluğu ilə Rusiya hüquq-mühafizə orqanları arasında bu işin mümkün qədər tez həyata keçirilməsi müvafiq işlər həyata keçirilir.

Bu arada F.Abbaszadənin dostu, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun sədri Kahin Əbilov “Sputnik Azərbaycan”a onun necə saxlanıldığı barədə açıqlamalar verib.

K.Əbilov deyib ki, poçt vasitəsilə bildiriş alan F.Abbaszadəni polisə çağırıblar və ona xəbər veriblər ki, Azərbaycanın sorğusu əsasında izahat yazmalıdır. F.Abbaszadə təyin olunduğu vaxtda Rusiya Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə gəlib və hesab edib ki, onun həbsi üçün yetərincə səbəb yoxdur. Lakin gələn kimi onu saxlayıblar: “Onun üçün həbs əsl şok olub. Əvvəlcə bizə dedilər ki, məhkəmə bir həftədən sonra olacaq. Sonra məlum oldu ki, iclas növbəti günə təyin edilib. Məhkəmə Fəxrəddini Azərbaycanın sorğusunu təmin etmək məqsədilə həbs edib. Bu qərar bizim hamımız üçün gözlənilməz oldu. Məhkəmənin qərarı Abbaszadənin Azərbaycan vətəndaşı olması ilə əlaqədardır”.

K.Əbilovun sözlərinə görə, hazırda Abbaszadə Moskva ətrafındakı Kolomna şəhərində yerləşən istintaq təcridxanasındadır: “Onun Azərbaycana ekstradisiya məsələsi həll olunur. Abbaszadə artıq öz vəkili ilə görüşüb. Onun saxlanma şəraiti normaldır”.

K.Əbilov onu da deyib ki, F.Abbaszadə Avropa ölkələrindən birindən siyasi sığınacaq da ala bilərdi. Lakin o, 10 ildən artıqdır yaşadığı Rusiyada qalmaq qərarına gəlib: “Abbaszadə 2015-ci ildən bu yana heç vaxt Rusiyanın sərhədlərini tərk etməyib. Çünki onun Azərbaycan pasportunun etibarlılıq müddəti başa çatıb. Xaricə çıxmaq üçünsə onun başqa sənədi yoxdur. Onun 2019-cu ilin sonuna qədər Rusiyada yaşamaq hüququ var”.

“Sputnik Azərbaycan”ın xəbərində deyilir ki, məhkəmə iclasında Abbaszadənin vəkili deyib ki, onun müvəkkili 2017-ci ilin sonlarında Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə yazıb və onu poçt vasitəsilə Azərbaycana yollayıb. Vəkilin sözlərinə görə, Rusiya qanunvericiliyinə əsasən, bunu təsdiq etmək üçün başqa dəlilə ehtiyac yoxdur. Poçt göndərişinin notarial qaydada təsdiqlənmiş surəti kifayətdir ki, Abbaszadənin vətəndaşlıqdan çıxmaq üçün müraciət etdiyi sübuta yetirilsin. Lakin Azərbaycan qanunvericiliyinə əsasən mütləq ərizənin ölkə prezidenti tərəfindən imzalanmasını gözləmək lazımdır.

Xatırladaq ki, Azərbaycana qarşı radikal çıxışlar edən separatçı Fəxrəddin Abbaszadə sentyabrın 6-da Moskva vilayətinin Lüberets rayonunda həbs olunub. Rusiya KİV-i yazmışdı ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və bunun əsasında saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Lüberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fəxrəddin Abbaszadə Ələkrəm Hümmətov tərəfindən 1993-cü ildə yaradılmış qondarma “Talış-Muğan Respublikası Milli Məclisinin sədri” təyin olunmuşdu. Ölkə ərazisinin bölünməsinə yönəlmiş separatçı fəaliyyətinin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi. O, ermənilərə məxsus KİV-də də Azərbaycana qarşı separatçı çıxışlar edib. F.Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu güman edilir.

Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan F.Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif “cinayətlər, repressiyalar, təqib”lərdə suçlayıb.

Fəxrəddin Abbaszadənin beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə Azərbaycanın Baş Prokurorluğu çıxış edib. 12 iyul 2018-ci ildə talış separatçılarının lideri haqqında cinayət işi açılıb. O, AR Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ