SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əzizovun Bakı üçün mühüm qərarı: əməl ediləcəkmi?

Əzizovun Bakı üçün mühüm qərarı: əməl ediləcəkmi?

Tarix:

1-09-2018, 13:37

/ 1 206 dəfə oxundu.
Əzizovun Bakı üçün mühüm qərarı: əməl ediləcəkmi?

Bakı şəhər İcra Hakimiyyətinin paytaxt ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asmağı və qurutmağı qadağan etməsi təqdirəlayiqdir. Belə bir addım şəhərin ümumi görüntüsü naminə çoxdan atılmalı idi.

Bu sözləri Axar.az-a sosioloq Əhməd Qəşəmoğlu BŞİH-nin mərkəzi küçələrdəki binalarda paltar asmağı qadağan etməsinə münasibət bildirərkən deyib.

Sosioloq bildirib ki, artıq bir neçə ildir Naxçıvanda tətbiq edilən bu yenilik Bakıda da çoxdan həyata keçirilməli idi:

“Bizdə paltar asma mədəniyyəti yoxdur. Bunu bir çox hallarda müşahidə edirik. Bəzən elə formada paltar asmalar olur ki, həm binanın görkəmini korlayır, həm də şəhərin görüntüsünə xələl gətirir.

Əksər xarici ölkələrdə illərdir bu problem həll edilib. Hətta Naxçıvanda da artıq uzun müddətdir belə bir problem yoxdur, heç kəs balkonundan paltar asmır. Bu, olduqca normal və edilməsi vacib olan işlərdəndir.

İndi elə bir dövrdür ki, paltarı qurutmaq üçün mağazada hər cür vasitə var. Belə vasitələrin olduğu yerdə hər kəsin görə biləcəyi şəkildə, balkondan balkona ip çəkib paltar asmaq yaxşı görünmür”.

Ə.Qəşəmoğlu bildirib ki, bu kimi sosial layihələr əslində qadağalarla həyata keçirilməməlidir:

“Vətəndaşlar özləri belə məsələlərdə maraqlı olmalıdır, bu onu da düşündürməlidir. Lakin vətəndaş bunu nəzərə almayanda icra qurumları qadağalarla müdaxilə edir. Hesab edirəm ki, zamanla vətəndaşlar da buna könüllü qoşulacaq”.

Qeyd edək ki, artıq bir neçə gündür Bakı şəhər İcra Hakimiyyəti Bakı ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asmağı və qurutmağı qadağan edib.

Bu ilin iyun ayında da Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb etmişdi.

Xatırladaq ki, balkona paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib. İndi isə Bakıda bu cür qadağanın qoyulmasına başlanıb.

Şərhlər

XƏBƏR LENTİ