yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Mərhum şahmatçının anasının ittihamlarına gözlənilməz reaksiya

Mərhum şahmatçının anasının ittihamlarına gözlənilməz reaksiya
31-08-2018, 11:19 328 dəfə baxılıb

Azərbaycanın məşhur qrossmeysteri Şəhriyar Məmmədyarovun qalmaqallı statusu və onun ətrafında gedən müzakirələr səngiməmiş dünya şöhrətli mərhum şahmatçımız Vüqar Həşimovun anası narazılıq dolu, qalmaqallı müraciət yaydı. Şahmatçının anası Aidə Həşimova oğlunun xatirəsini yaşatmaq üçün 1 sot torpaq istədiyini, lakin bunu ala bilmədiyini, oğlunun adına olan evinin hələ bundan sonra da 18 il ipoteka pulunu ödəmək məcburiyyətində qaldığını deyib: “5 ildir Vüqarımın quru adını yaşatmaq üçün 1 sot quru torpaq istəyirəm. Müraciət etmədiyim orqan, təşkilat və idarə qalmadı, ala bilmədim. Həyatda olmayan balamın içərisində bir gün belə yaşamadığı evinin ipotekasını hələ bundan sonra 18 ildə ödəyəcəyəm. Niyə mənim səsimə səs verən olmadı?”

Aidə Həşimova illər öncə oğlunun Azərbaycan şahmat yığmasından uzaqlaşdırlmasında, ona qarşı edilən haqsızlıqlara da toxunub: “Haqsız yerə Vüqarı Azərbaycan şahmat yığmasından uzaqlaşdıranda Azərbaycan xalqı və sizlər harada idiniz? Vüqar təkbaşına mübarizə apardı, gücü yetmədi, şərlərdən, böhtanlardan, yalanlardan yoruldu...”

Beləliklə, Şəhriyar Məmmədyarovun qalmaqallı statusundan sonra Həşimovanın bu müraciəti də müzakirələrə səbəb oldu. Suallar ortaya çıxdı ki, niyə mərhum şahmatçının ailəsinin qayğısına qalınmır, köməklik göstərilmir?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Azərbaycan Şahmat Federasiyasının mövqeyini öyrənməyə çalışıb. Federasiyanın vitse-prezidenti Faiq Həsənov bu dəfə də suallarımızı aqressiv qarşıladı: “Niyə qalmaqal yaradırsınız? Bu barədə danışmaq, yazmaq nəyə lazımdır? Siz jurnalistlər ondansa son vaxtlarda şahmat oyunlarında əldə etdiyimiz uğurlardan söz açın”.

Gənclər və İdman Nazirliyindən isə bildirildi ki, yaxın zamanda məsələ ilə bağlı açıqlama veriləcək.

Xatırladaq ki, Vüqar Həşimov şahmat üzrə 3 dəfə ölkə çempionu olub, dünyanın reytinq sıralamasında 26-cı sırada yer alıb. O, 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə, 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən “Recco-Emiliya” şahmat turnirinin qalibi olub. Şahmatçı 2014-cü ildə, 28 yaşında beyin xərçəngindən Almaniyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, illər öncə də şahmatçının Azərbaycan yığmasından uzaqlaşdırılması ilə bağlı qalmaqal dəfələrlə müzakirələrə çıxarılsa da, bu məsələ bu gün də müəmma olaraq qalır. Zamanında Azərbaycan Şahmat Federasiyası bəyanat yayaraq bildirirdi ki, Vüqar Həşimovu quruma dəvət etsələr də, şahmatçının özü gəlmək istəməyib. Federasiyanın vitse-prezidenti Mahir Məmmədovun dediklərindən sitat: “Vüqar Həşimova komandaya qayıtmağı, gəlib öz səhvlərini etiraf etməyi dəvət etmişəm. Hamı bilir nə işlə məşğuldur. Səhvlərini etiraf edib qapını döyməlidir, birbaşa zəng etməlidir, danışmalıdır ki, niyə görə məni qəbul etmirsiz? O ki qaldı yığmaya, biz onu gözləyirik. Heç kim onu yığmadan xaric etməyib, o özü-özünü xaric edib. Tutaq ki, onu dəvət eləmək federasiyada kiminsə yadından çıxıb, məncə, o, federasiyanın nəinki qapısını, bacasını döyməliydi, maraqlanmalıydı ki, məni niyə görə dəvət eləmirsiniz?”

Gənclər və idman naziri Azad Rəhimov isə Vüqar Həşimovun atdığı addımlardan narahatlığını bildirmişdi:

“Son şahmat olimpiadasında Vüqarın hərəkətləri və qruplaşmaya çağırışları, onun yığmamızın kapitanı Zurab Azmayparaşvili ilə mübahisəsi, davaları normal idmançının, dünya reytinqində 26-cı pillədə duran qrossmeysterin belə hərəkətləri bizi heç cür qane edə bilməz. Kasparovun klubunda Həşimovun oynaması əsla düzgün deyil”.

Qeyd edək ki, bu gün də əksər idman ekspertləri, mütəxəssisləri zamanında Həşimovun heç bir günahı olmadığını, sadəcə yüksək göstəricilərə malik şahmatçının milli komandada təmsil olunmasını bəzi qüvvələrin “gözü götürmədiyini”, buna qıcıqla yanaşanların olduğunu deyirlər.

Bir məsələni də qeyd edək ki, şahmatçının anası oğlunun evinin ipoteka ilə alındığını bildirib. Lakin bu bir faktdır ki, 2007-ci ildə ölkə prezidenti şahmatçıya ev hədiyyə edib. Maraqlıdır, bəs şahmatçıya hədiyyə edilən ev indi kimə məxsusdur? Niyə şahmatçı sonradan ipoteka ilə ev almaq məcburiyyətində qalıb? Yəqin ki, yaxın zamanlarda bu suallar da aydınlıq gətiriləcək...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ