SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Manaf Ağayev lap "hörümçək adam" olub" - Jurnalistlərdən son günlərin ən qalmaqallı mövzusuna MÜNASİBƏT

"Manaf Ağayev lap "hörümçək adam" olub" - Jurnalistlərdən son günlərin ən qalmaqallı mövzusuna MÜNASİBƏT

Tarix:

30-08-2018, 10:30

/ 2 199 dəfə oxundu.
"Manaf Ağayev lap "hörümçək adam" olub" - Jurnalistlərdən son günlərin ən qalmaqallı mövzusuna MÜNASİBƏT

Son zamanlar jurnalistlərə qarşı təzyiqlər artıb. Bir müddət öncə Hacı Mazan adlı biznesmen telekanallardan birinin müxbirinə hücum etmişdi. Dəfələrlə 4-cü hakimiyyət hesab edilən jurnalistlərə qarşı belə hücumlar olub.

Bir neçə gün öncə isə müğənni Manaf Ağayev haqda tənqidi fikir yazan jurnalist ondan üzr istəyib. Bu isə birmənalı qarşılanmayıb.

Sayt redaktorları isə bu mövzuda fərqli mövqe nümayiş etdiriblər.

"Qaynarinfo.az” saytının redaktoru Zahir Əzəmət Sfera.az-a açıqlamasında baş verən son olaya münasibət bildirib:

"Son vaxtlar Manaf Ağayevin adını tez-tez eşidirik. İntiharın qarşısını alır, Şəhriyar Məmmdəyarova sponsorluq etmək istəyir, müxtəlif "razborka"larda iştirak edərək məhkəməni əvəzləyir. Lap "hörümçək adam" olub. Bir gün Manaf Ağayev bəyan etsə ki, "Qarabağ"ın hüçumçu problemini həll etmək üçün oynamağa hazırdır və ya 2 rayonu işğaldan azad edə bilər, təəccüblənmərəm. Mən bu məsələdə Manaf müəllimi müdafiə edirəm, məncə belə fitri istedadı, fövqəlimkanları olan qeyri-adi adamı qorumalı, hər yerə onu göndərməliyik. Hətta təklif edərdim ki, onu Fövqəladə Hallar Naziri təyin etsinlər”.

"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə "jurnalist” anlaşıyına toxunaraq bildirib ki, həmin şəxsin Manaf Ağayev haqda yazdığı yazı redaksiyanın tapşırığı olmadığı üçün o bu məqamda adi vətəndaş hesab edilməlidir:

""Jurnalist" anlayışını dəqiqləşdirməliyik. Bu, status deyil, peşənin adıdır. Həmin peşənin daşıyıcısı ancaq redaksiya tapşırığını yerinə yetirəndə jurnalistdir. Bütün qalan hallarda adi vətəndaşdır. Onun digər vətəndaşlardan heç nəyi artıq deyil. Ona görə də sualın bu cür qoyulmasının tərəfdarı deyiləm. Manaf Ağayevə sataşan şəxs bunu redaksiya tapşırığı ilə etməyib (əgər redaksiyası varsa), adi vətəndaş kimi edib. Adi vətəndaş kimi də cavabını alıb. Bu situasiyanı "jurnalistikalaşdırmağı" düzgün saymıram”.

Publika.az saytının baş redaktoru Bəxtiyar Əlirzayev də baş verən son olaya münasibət bildirib.

O qeyd edib ki, Manaf Ağayevlə birgə adı hallanan şəxsi jurnalist olaraq tanımır. Bundan başqa redkator bu gün hər kəsin özünə rahatlıqla jurnalist adı verməsi probleminə də toxunub:

"O şəxs həqiqətən də jurnalistdirmi, ya yox, bilmirəm. Ümumiyyətlə, kimə jurnalist demək lazımdır, kimə bu adı vermək olmaz məsələsi də bu gün sual altındadır. Yeni media yaranandan belə bir ənənə formalaşıb ki, pul verib domen və hostinq aldıqdan sonra həmin şəxs özünü jurnalist hesab edir. İstər jurnalist olsun, istər də bir başqa peşənin sahibi, gərək ki, danışanda işlədəcəyi sözlərə ciddi fikir versin. Həmin şəxs statusunda Manaf Ağayev haqda uyğunsuz sözlər yazıb. "Torpağını itirib, kişilikdən danışmasın", ifadəsi bağışlanılmazdır. Mən jurnalistəm, istədiyimi deyərəm, deyə bir anlayış da yoxdur. Jurnalist silahı sözdür, onunla davranışda xüsusi diqqətli olmalıdır”.

Sfera.az

Şərhlər

XƏBƏR LENTİ