SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Energetika Nazirliyində qalmaqalda yeni nüans - “Dedi ki, ərə gedənə kimi mənimlə yaşa...”

Energetika Nazirliyində qalmaqalda yeni nüans - “Dedi ki, ərə gedənə kimi mənimlə yaşa...”

Tarix:

1-03-2017, 10:41

/ 4 542 dəfə oxundu.
Energetika Nazirliyində qalmaqalda yeni nüans - “Dedi ki, ərə gedənə kimi mənimlə yaşa...”

Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova redaksiyasına müraciət edərək, idarə rəisinin əxlaqsız təklifini qəbul etməyi üçün işdən çıxarıldığını iddia edib.

35 yaşlı Ülkər Qasımova bildirib ki, 11 il dövlət qulluğunda işləməsinə baxmayaraq, özünün də xəbəri olmadan onun işlədiyi ştat ləğv edilib və işdən azad olunub: “Mən Dövlət İqtisad Universitetinin İnzibati idarəetmə fakültəsini bitirmişəm. 2005-cı ildə ”Azəriqaz" İstehsalat Birliyində işə daxil olmuşam. 2006-cı ildə prezident sərəncam imzalayıb və bizi Energetika Nazirliyinin tərkibinə verib. Biz Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin işçiləri olmuşuq. Qanuni dövlət qulluğu olaraq mən 11 ildir ki, o idarədə baş məsləhətçi mühasib vəzifəsində çalışıram. 2016-cı ilin iyun ayının 24-də bizim rəhbərlik dəyişildi, Hacıqulu Rəvan oğlu Sadıqov rəhbərliyə gəldi. Təzə rəhbər gəldikdən sonra idarədə mübahisələr başladı. O, qarşısına məqsəd qoymuşdu ki, köhnə rəisin vaxtında çalışan işçilərin heç biri bu idarədə qalmayacaq. İşçiləri məcbur edirdi ki, özləri ərizə yazıb çıxsınlar. Təxminən 7 ay ərzində 15-20 nəfər qanuni dövlət qulluqçusu və müddətli əmək müqaviləsi ilə çalışanlar işdən çıxarıldı.

Mənə gəlincə, oktyabrın əvvəlində məzuniyyətə çıxmalı idim. Məzuniyyətdən qayıtdıqdan sonra Hacıqulu Sadıqov məni kabinetinə çağırdı və əxlaqsız təklif etdi. Bildirdi ki, əgər bu idarədə qalıb işləmək istəyirsənsə mənim təklifimi qəbul etməlisən. Dedi bilirəm ki, sən evli deyilsən, subaysan. Ərə gedənə kimi gəl mənimlə yaşa, sənin bütün ehtiyaclarını da özüm ödəyəcəyəm. Bu mənim üçün gözlənilməz və dəhşətli bir hal idi. O an şok keçirdim. Təbii ki, bu təkliflə razılaşmadım. Dedim ki, gedin nə istəyirsiniz edin, mən qanuni dövlət qulluqçusuyam. 11 ildir işləyirəm. Həm də məcburi köçkünəm. Dedi ki, bunların ona aidiyyəti yoxdur. Təhdid etdi ki, gör səni işdən necə çıxaracağam".

Ülkər Qasımova işdən çıxarılmasının detallarını belə açıqladı: “Təsadüfən o ərəfələrdə mən xəstələndim, yüksək qızdırma keçirdim və işə gedə bilmədim. İşə qayıtdıqda isə xəstəxanadan bülleten gətirib təqdim etdim. Ancaq mənə bildiriş verildi ki, yanvar ayının 9-dan etibarən işdən azad olunuram. Dedilər ki, ixtisara düşmüşünüz. Bizim idarənin rəisi Hacıqulu Sadıqov nazirə xidməti müraciət ünvanlayıb ki, mənim ştatım ixtisar olunsun. Nazirlikdən də müsbət cavab verilib və mənim ştatım ixtisar olunub. Mənə müfəttiş işləmək təklif olundu. Ancaq buna razı olmadım. Çünki mənim təhsilim o istiqamətdə deyil, qaz təsərrüfatından anlayışım yoxdur. Bu işi qəbul etsəydim və bacarmasaydım, o zaman məni dövlət qulluğu funksiyalarını yerinə yetirə bilmədiyimə görə müvafiq maddə ilə çıxara bilərdi. Onların ixtiyarı yoxdur ki, məni öz vəzifəmdən aşağı bir ştata göndərsinlər. Ancaq Hacıqulu Sadıqov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bu addımı atdı”.

Şikayətçinin sözlərinə görə, ona başqa iş təklif olunsa da, ərizəsi qəbul olunmayıb: “Mən Hacıqulu Sadıqovun haqsızlığı ilə bağlı cənab nazir Natiq Əliyevə müraciət etdim. Orada mənə şərt qoydular ki, səni qaz təsərrüfatı idarəsinə baş məsləhətçi vəzifəsinə təyin edəcəyik, ancaq cənab nazirdən üzr istəməlisən. Mən razılaşdım, ərizə yazdım. Müvəqqəti olaraq müqavilə ilə fəaliyyətə başladım. Sonra isə imtahan verib daimi olaraq dövlət qulluğuna başlayacaqdım. Ərizə yazdım, üstündən 20 gün keçdi və mənə dedilər ki, ərizən itib. İkinci ərizəni yazıb kadrlar şöbəsinin müdiri Əsəd İsmayılova verdim. Bir müddət keçdi, yenə də ərizədən səs-soraq çıxmadı. Fevralın 8-də mən artıq heç bir nəticə olmadığını görüb bütün aidiyyəti dövlət qurumlarına, ölkə rəhbərliyinə müraciət etdim. Onlar da bu müraciətləri energetika naziri Natiq Əliyevə göndərirlər. O da cavab yazır ki, siz ixtisara düşmüşünüz, işdən azad edilmisiniz və sair. Ancaq mənim işdən çıxarılmağımın səbəbini heç kim araşdırmır”.
Şikayətçi iddia edir ki, Hacıqulu Sadıqovun 57 yaşı var və bu yaşa kimi bir dəfə də olsun dövlət işində çalışmayıb: “O müvəqqəti müqavilə ilə işə götürülmüşdü və mərhələli şəkildə imtahan verməli idi. Ancaq heç bir imtahan vermədən 3 ay ərazində nazirliyin əmri ilə dövlət qulluqçusu təyin edildi. Mən işimə bərpa olunmağımı tələb edirəm. Haqq-ədalət bərpa olunmalıdır. Məni işdən çıxaran Hacıqulu Sadıqov isə orada qeyri-qanuni oturub, çünki heç bir imtahandan keçməyib. O hətta latın qrafikasını belə tanımır. Necə ola bilər ki, o insana məmur adı verilsin, Dövlət Qaz Nəzarət İdarəsində rəis olsun, ancaq biz işdən çıxarılaq. Məndən başqa bir əməkdaşımız da - Elxan Hüseynov işdən qeyri-qanuni çıxarılıb və o da işi məhkəməyə verib. Mən xahiş edirəm ki, aidiyyəti dövlət qurumları bu məsələyə diqqətlə yanaşsınlar”.

Qeyd edək ki, bu məsələ daha öncə də mətbuatda işıqlandırıldığından Dövlət Qaz Nəzarət İdarəsinin Rəisi Hacıqulu Sadıqov haqqında səsləndirilən iddialarla bağlı “Qafqazinfo”ya açıqlama verib. Deyilənləri təkzib edən rəis işdən çıxarılan əməkdaşın ona şər atdığını bildirib: “İşdən çıxan biri nə deməlidir? Şər atmalıdır da. 57 yaşım var, Ülkər mənim oğlum, qızım yaşındadır. Özü bu yolun yolçusudur deyə, bizə də şər atır. Hətta valideynləri ondan imtina edib. Tam qərəzli mövqedir. İxtisara düşüb, biz ona başqa bir iş təklif etdik, qəbul etmədi. Bir neçə sayt bu haqda yazıb, ancaq biri zəng vurub mənim fikrimlə maraqlanmır. Yazıblar ki, latın əlifbasını bilmir, heç maraqlandılar ki, bilirəm ya yox? Bunların hamısı yalandır”.

“Yeni Müsavat”

Energetika Nazirliyində qalmaqalda yeni nüans - “Dedi ki, ərə gedənə kimi mənimlə yaşa...”

Şərhlər

XƏBƏR LENTİ