SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Səlim Müslümov vəzifədən niyə qovuldu? - Keçmiş nazirin taladığı əsas sahə

Səlim Müslümov vəzifədən niyə qovuldu? - Keçmiş nazirin taladığı əsas sahə

Tarix:

11-07-2018, 10:05

/ 1 462 dəfə oxundu.
Səlim Müslümov vəzifədən niyə qovuldu? - Keçmiş nazirin taladığı əsas sahə

Azərbaycanda prezident seçkilərindən sonra formalaşdırılan hökumət kabinetində əmək və əhalinin sosial müdafiəsi nazirinin dəyişməsi bir çoxları üçün gözlənilməz olmuşdu. Bəzi məlumatlara görə, yeni kabinetdə yer almamağı sabiq nazir Səlim Müslümovun özü üçün də çox gözlənilməz olub.

Məsələ burasındadır ki, son illərdə S.Müslümov ölkə rəhbərliyinin diqqətində olan məmurlar arasındaydı. Dövlət büdcəsindən istədiyi qədər maliyyə ala bilirdi, irəli sürdüyü təkliflər dəstəklənirdi. Dövlət Sosial Müdafiə Fondu kimi böyük bir qurum onun istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilmişdi. Təzə nazir təyin olunduğu dövrdə ona olan ümidlər də böyük idi: illərdən bəri korrupsiyanın tüğyan etdiyi əlilliyin təyinatı sistemində şəffaflıq yaradacağı gözlənilirdi. İlk aylarda bu sahədə müəyyən addımlar da atdı, çoxsaylı tibbi sosial ekspert komissiyalarının (TSEK) rəhbərlərini hamının gözləri qarşısında vəzifədən uzaqlaşdırdı. Nazirliyinin son aylarında isə əlilliyin təyinatı prosesini elektronlaşdırmaq istiqamətində bəzi addımlar atdı. Lakin yeni nazir gələndən sonra məlum oldu ki, S.Müslümovun bu sahədəki fəaliyyətləri görüntü xarakterli olub. Hansısa orta və aşağı ranqlı məmurların çıxarılması yalnız yerdəyişmə məqsədi daşıyıb - korrupsiya mexanizminin əsaslarına toxunulmayıb. Nəticədə bir sıra rayonlarda əlillik alanların sayı ölkə üzrə orta göstəricini xeyli qabaqlayıb, xeyli sayda haqqı çatan insan rüşvət verə bilmədiyi üçün bundan məhrum olub.

Yeni nazir Sahil Babayev isə əlilliyin təyinatı sahəsindəki çox ciddi problemlərə sələfi S.Müslümovdan fərqli yanaşma ortaya qoymaqdadır. Əlilliyin təyininə əsas olan xəstəliklər, onların inkişaf səviyyəsi, insanlara təsiri ilə bağlı dəqiq meyarların hazırlanması üzərində işlər aparılır.

Çox yaxın zamanda subyektivizmi maksimum məhdudlaşdıracaq meyarların tətbiq olunacağı gözlənilir. Bu meyarların əlilliyi təyin edən şəxslərin rüşvət alaraq yalançı əlillik kağızları vermələrinin qarşısını almaqda mühüm rol oynayacağı proqnozlaşdırılır. Eyni zamanda əlilliyin təyini sahəsində korrupsiya imkanlarını məhdudlaşdıracaq prosedurlar da hazırlanmaqdadır. Yeni nazir bununla uzun illərdir bu sistemdə kök salmış korrupsiya mexanizmini sarsıtmaq niyyətindədir.

S.Müslümovun korrupsiya mexanizmini aradan qaldırmadığı daha bir sahə pensiya təyinatı sistemidir. 2001-ci ildən bu sistemə birbaşa nəzarət onun əlində olub. Onun rəhbərliyi altında pensiya təyinatı sahəsində sadə vətəndaşların pensiya hüququnu məhdudlaşdıran iki böyük islahat reallaşdırılıb. Pensiya təyinatı sistemində elektronlaşdırma aparılsa da, əlilliyin təyinatı sahəsində olduğu kimi, bu sahədə də rüşvət və korrupsiya azalmayıb. Hesablama Palatasının apardığı yoxlamalar göstərib ki, yerli pensiya şöbələrində ölmüş şəxslərə pensiya ödənməsi, bir adamın bir neçə rayondan pensiya alması kimi çox kobud pozuntulara yol verilib. Bundan əlavə, pensiyaların hesablanması prosesində də ciddi maxinasiyalar baş verib. Qanunvericiliyin vətəndaşa tanıdığı az sayda üstünlüklər belə ona rüşvət müqabilində tətbiq edilib.

S.Müslümovun nazirliyi dövründə korrupsiyanın qaldığı daha bir sahə ünvanlı sosial yardımının verilməsidir. Son illərdə bu sahədə olan qanunsuzluqlar barədə şikayətlər getdikcə artırdı, ehtiyacı olan çoxlu sayda insan dövlətin tətbiq etdiyi yardım mexanizmindən kənarda saxlanırdı. Əvəzində real olaraq ehtiyacı olmayanlar ünvanlı sosial yardım alırdılar.

Prezident İlham Əliyevin cari ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsindəki çıxışından aydın olur ki, S.Müslümovun yeni kabinetdə yer almamasının köklü səbəbləri varmış. Sitat: “Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olunmalıdır”.

Bu çıxış göstərir ki, məmurların gizli saxlaya bildiklərini düşündükləri bütün əməlləri barədə ölkə rəhbərliyində məlumat olur. Və bu məlumatlılıq nəticəsiz qalmır.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ