SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Pirverdiyev zülmətində" aydınlığa çıxan həqiqətlər - Onlar xalqa və prezidentə xəyanət ediblər...

"Pirverdiyev zülmətində" aydınlığa çıxan həqiqətlər - Onlar xalqa və prezidentə xəyanət ediblər...

Tarix:

6-07-2018, 10:16

/ 1 123 dəfə oxundu.
"Pirverdiyev zülmətində" aydınlığa çıxan həqiqətlər - Onlar xalqa və prezidentə xəyanət ediblər...

Son günlər havaların anomal isti keçməsi ölkəni bir-birinə vurub. Təbii ki, dəhşətli istilər insanlarda diskomfort yaradır, həyat şərtlərini çətinləşdirir. Bütün ölkənin qan-tərə batdığı bir vaxtda baş verən ikinci fəlakət təbiətin şıltaqlığını unutdurdu. Günəşin alovundan qovrulan Azərbaycan bir andaca zülmətə qərq oldu. Bu dəfə ölkəni qaranlığa bürüyən səbəb heç də axşamın düşməsi deyildi. Azərbaycanı zülmət qaranlığa bürüyən, eləcə də bu zülmətin içərisində gün işığına çıxan bir həqiqət var idi. Azərbaycanın enerji sistemini heç də 40 dərəcə isti çökdürməmişdi. İstidən enerji sistemi çöksəydi ərəb ölkələrində, mərkəzi Asiyada, Afrikada gərək heç vaxt işıqlar yanmayaydı. Regionun lider dövlətinin enerji sistemini rüsvayçı şəkildə çökdürən illərdir bu sistemi metastaz kimi məhv edən dəhşətli KORRUPSİYA şəbəkəsi idi. Milyardlarla dövlət vəsaitinin, investisiyanın ayrıldığı bir sistem bir andaca iflas etdi, çökdü. Köhnə bir kənd transformatoru partlayan kimi partladı, çünki sən demə elə bizim enerji sistemimiz köhnə bir transformatordan fərqli deyilmiş.

Azərbaycanı bürüyən bu qaranlığın zülmətində çox mətləblər aydınlığa çıxdı. Bu sahəyə məsul olan məmurlar ordusu hər şeyi təbiətin və cəmiyyətin üzərinə yıxmağa çalışdı. Sən demə bu istilərdə kondinsonerlərə və ventilyatorlara sığınan insanlar günahkar imiş bu partlayışa. Yoxsa ki, Etibar Pirverdiyevin, Baba Rzayevin “zərgər dəqiqliyi” ilə qurduğu enerji sisteminə heç nə olmazmış. Sən demə illərdir ki, ayrılan milyardları vintelyatorun həzin vızıltısı altında sərinlənən ölkə vətəndaşları basıb yeyiblərmiş, yoxsa ki, Etibarın, Babanın heç bir günahı yoxmuş. Bu “ali həqiqətə” hətta cənab prezidenti də inandırmağa cəhd ediıdi, Etibar Pirverdiyev günəşin xətakarlığından, insanların israfçılığından təzəlikcə giley-güzar etməyə, 15 ildə qazanılan uğurlardan danışmağa başlamışdı ki... Prezident onun sözünü kəsdi :

“- Biz bilirik son 15 ildə nələr görülüb. Sən qəzanın səbəblərini de və nə üçün ölkəni qaranlıq bürümüşdü?

E.Pirverdiyev isə 03 iyul və ondan əvvəlki tarixlə bağlı vəziyyəti təqdim etməyə çalışıb:

- İyun ayında gündəlik elektrik istehsalını götürdükdə görürük ki, ayın əvvəlində 50-55 milyon arası enerji sərfiyyatı olub, son bir həftədə isə bu rəqəm 70-75 milyona çatmışdır...

Prezident:

* Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə əlaqələndirirlər. Bizdən də daha isti ölkələr var, orda belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər və qəzanın fəsadlarının aradan qaldırılması prosesi aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək. “

Beləliklə Pirverdiyevin növbəti inkişaf monoloqu yarımçıq qaldı. Əslində bu “monoloq” bir neçə gün əvvəl çökmüşdü. Milyardlarla vəsaiti havaya sovuraraq bütün ölkənin enerji sistemini təhlükə altında qoymaq dövlətə qarşı ən böyük xəyanətdir. Milyonlarla insanın həyatını təhlükə altında qoyaraq sovetdən qalma texnikaları rəngləyib yeni adıyla təqdim edib, milyardları həzm-rabedən keçirərək inkişafdan danışmaq Pirverdiyevi bu dəfə xilas edə bilmədi. Çünki, sönən təkcə Azərbaycanın işığı deyildi, onun da işığı sönmüşdü…

Elə Səhiyyənin işığını illərdir ki, söndürüb zülmətə qərq edən, bu sitemi çökdürən Oqtay Şirəliyevin də monoloqu yarımçıq qaldı… Milyardların dövr etdiyi ələbaxan səhiyyə sisteminin “Pirverdiyev zülmətində” xəstəxanalarda işə salmağa generatoru tapılmadı. İllərdir ki, müasir səhiyyə ocaqlarının tikilməsinə, ən müasir avadanlıqların alınmasına baxmayaraq gündən-günə uçuruma gedən səhiyyə sistemi də bir gecədə çökdü. Çünki, illərdir ki, bu sistemin başı ayazımır ki, insanların müalicə dalınca İrana, Turana getməsinin səbəbləri ilə maraqlansın. Özü soyuqlayan kimi Almaniyaya müalicəyə gedən Səhiyyə nazirinin qurduğu sistem bundan artıq olmayacaqdı ki ? Qızı erməni məhşuru ilə selfi çəkdirib tirajlayan nazirin səhiyyəsindən nə gözləyirsiniz ?

Görünən odur ki, illərdir ki, dövləti içəridən yeyib dağıdan korrupsioner məmurların hərəkətləri artıq öz dəhşətli nəticələrini göstərməyə başlayıb. 40 dərəcə istiyə dözməyərək bir gecədə çökən enerji sistemi-bunun ardınca bütün həyati əhəmiyyətli obyektlərin fəaliyyətini dayandırması mühüm siqnaldır. Bu prezidentə sədaqətdən danışıb əslində xəyanət edən məmurların sonunu gətirməlidir. Onların işığı sonməyincə bu ölkənin işığı yanmayacaq!

Rubrika.Az

Şərhlər

XƏBƏR LENTİ