SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Sabiq nazir korrupsiya ittihamlarına nədən cavab vermir - MÜƏMMA

Sabiq nazir korrupsiya ittihamlarına nədən cavab vermir - MÜƏMMA

Tarix:

12-06-2018, 10:29

/ 1 316 dəfə oxundu.
Sabiq nazir korrupsiya ittihamlarına nədən cavab vermir - MÜƏMMA

Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postundan uzaqlaşdırılandan sonra onun barəsində müxtəlif səpkili xəbərlər yayılmaqdadır. İşdən çıxarılan sabiq nazirin ölkədən getdiyi, infarkt keçirdiyi, nəzarət altına alınması haqda xəbərlər var.

Səlim Müslümov vəzifədən çıxarılandan sonra adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Aparatının binasında baş vermiş yanğın olayına qarışıb. Bundan sonra sabiq nazir keçmiş iş yerindəki yanğınla əlaqəsinin olmadığını sübut etmək üçün açıqlamalar verib, nazir olarkən çox yaxşı işləməsindən bəhs edib. Amma bir məsələni də diqqətdən qaçırıb. Əgər Səlim Müslümov bu qədər yaxşı işləyirdisə, prezident onu vəzifəsindən niyə uzaqlaşdırdı? Korrupsiyaya bulaşmayıbsa, ondan bu qədər şikayətçi ordusu necə əmələ gəlib?

Səlim Müslümovun adını keçmiş iş yerindəki yanğından dolayı gündəmə gətirən də məhz korrupsiya iddialarıdır. Həmin yanğın hadisəsi isə günün günorta çağı, Dövlət Sosial Müdafiə Fondu Aparatının yerləşdiyi inzibati binanın 7-ci mərtəbəsində baş verib. Yanan isə sənədlərdir. Həmin sənədlərdə hansı məlumatların yer aldığı isə bu günə qədər açıqlanmayıb.

Səlim Müslümovla əlaqə saxlayıb iddialara münasibətini öyrənməyə çalışdıq. Sabiq nazir suallarımızı cavabsız buraxdı.

Əslində Səlim Müslümovun susqunluğu korrupsiya ittihamlarının ən yaxşı cavabıdır. Sabiq nazir nə deyə bilər?

Ortada onun adı keçən onlarla korrupsiya cinayəti haqda iddialar var.

Onlardan sonuncusu da Dövlət Sosial Müdafiə Fondu (DSMF) Aparatının binasında baş vermiş yanğınla əlaqəlidir. Belə ehtimallar var ki, Səlim Müslümovun dövründə baş verən korrupsiya cinayətlərinin izlərinin ört-basdır etmək üçün sənədlər yandırıla bilərdi. Səlim Müslümovun adı DSMF-də baş verən yanğına qədər böyük maxinasiyalarda hallanırdı. Onun DSMF və ardından ƏƏSMN-nə rəhbərlik etdiyi 16 il ərzində 2 milyard 500 milyon manatı təyinatı üzrə xərcləmədiyi, həmin pulların mənimsənildiyi iddiaları da var.

Yanğının qəsdən törədildiyi və ya digər səbəbdən baş verdiyi haqda hələlik hər hansı bir açıqlama verilməyib. Bilinən odur ki, ofis otağı və oradakı sənədlər yanıb. DSMF Aparatındakı yanğında şübhəli məqamların olması ictimaiyyətin də diqqətindən qaçmayıb. Ona görə də DSMF-dəki yanğının korrupsiyadan qaynaqlandığı haqda iddialar inandırıcı təsiri bağışlayır. Səlim Müslümov ölkə rəhbərliyinin adını hallandırmaqla yaxasını kənara çəkməyə çalışıb. Hazırda Hesablama Palatası müfəttişləri isə bu arada Dövlət Sosial Müdafiə Fondunda yoxlamalarını davam etdirirlər. Mümkündür ki, ortaya ƏƏSMN-ə Səlim Müslümovun rəhbərlik etdiyi dövrü əhatə edən böyük korrupsiya cinayətləri çıxacaq.
Musavat.com

Şərhlər

XƏBƏR LENTİ