SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Səlim Müslümov danışsa da, susdu... - İttihamlar yenə də ORTADADIR

Səlim Müslümov danışsa da, susdu... - İttihamlar yenə də ORTADADIR

Tarix:

6-06-2018, 10:39

/ 1 447 dəfə oxundu.
Səlim Müslümov danışsa da, susdu... - İttihamlar yenə də ORTADADIR

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yanğın baş verəndən sonra sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov danışıb, özünü təmizə çıxarmağa çalışıb. Eks-nazir unikal.org-a açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılanlar həqiqətə uyğun deyil:
“Mən hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab prezidentin canını sağ eləsin. Neçə illər mənə etimad göstərdi. İndi məsləhət oldu ki, vəzifədən gedim. Bu, prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq, əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum”.
Sabiq nazir yeyinti ittihamlarına da cavab verib. O bildirib ki, bu barədə səslənən fikirlər də böhtan xarakterlidir: “Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.
S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur. “Özüm professor, iqtisad elmlər doktoruyam. Elmdən dövlət idarəçiliyinə gəlmişdim. Artıq idarəçilikdə deyiləm və yenə də elmi işlərimlə məşğulam” - deyə sabiq nazir bildirib.
Ad çəkməsə də, aydındır ki, sabiq nazir bu fikirləri “Yeni Müsavat” qəzetinin son sayında dərc olunan “Sosial Müdafiə Fondunda müəmmalı yanğın - Səlim Müslümov izi...” sərlövhəli yazıda yer alan faktlara münasibət olaraq bildirib. Böyük maxinasiya ilə gerçəkləşən iri korrupsiya ittihamlarına cavab verirmiş kimi görünmək əziyyətinə qatlaşıb. Maliyyəçiləri də özünə şərik qoşaraq “Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər” sualını verib.
Səlim Müslümovu qıcıqlandıran yazıda “2 milyard 500 milyon manat büdcə vəsaiti harada ”yandı" yarımsərlövhəsi altında gedən hissədə isə Azərbaycan dilini orta səviyyədə bilən hər kəs üçün çox sadə dildə yazılmışdı.

Sitat:

“Səlim Müslümovun nazir, bundan əvvəl isə DSMF sədri olduğu illər ərzində təkcə bu istiqamət üzrə 2-2,5 milyard manat vəsait yoxa çıxarılıb”.

Aydındır ki, yazıda söhbət illik büdcəsi 3.4 milyard manat olan Dövlət Sosial Müdafiə Fondundan 2-2,5 milyard manat vəsaitin 1 il ərzində oğurlanmasından getmir. Ümumilikdə Səlim Müslümov 2002-ci ildən Dövlət Sosial Müdafiə Fonduna(DSMF) rəhbərlik edib, 2013-cü ilin 2018-ci ilin əvvəlinə qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postunu tutub. 2-2.5 milyardlıq yeyintinin də məhz həmin dövrü - yəni 16 illik dövrü əhatə etməsi iddiaları var. Səlim Müslümov yeyintinin olmadığını demir. Sadəcə, suyu bulandırır. Nazir olduğu illərdəki kimi, yenə də pensiyaların artırılması ilə bağlı efirlərdən təqaüdçülərə oxuduğu “belə vur, elə çıx, aldığın rəqəmin üstünə yaşını gəl, sonra hamısını çıx və üstəgəl” tipli düsturlara müraciət edir. Ortada isə 16 il ərzində Səlim Müslümova tapşırılan bir sahədən 2-2,5 milyardlıq yeyintinin olduğu haqda çox ciddi iddialar var.
Yayılan məlumatlardan biri də bu idi ki, Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri ilə əlbir olub və atəşkəsdən 24 il sonra 900 rayon sakininə Qarabağ veteranı statusu verdirib. Bu şəxslərin əksəriyyəti isə Qarabağda müharibə getdiyi illərdə Azərbaycanda olmayıblar, o dövrdə Rusiya bazarlarında alver ediblər. Səlim Müslümov “mən hər zaman şərəflə, namusla işləmişəm” deyir və Qarabağ döyüşçüsü kimi şərəfli bir adın pulla satılmasının üzərindən sükutla keçir...
Hazırda Hesablama Palatası müfəttişləri Dövlət Sosial Müdafiə Fondunda yoxlamalarını davam edirlər. Gələn məlumatlar da onu deməyə əsas verir ki, bu yoxlamalar nəticə etibarı ilə Səlim Müslümov nazir olduğu illərdə baş tutan yoxlamalardan fərqli şəkildə aparılır. Üzə çıxarılanlar konkret rəsmiləşdirilir və aidiyyəti üzrə göndəriləcək.

Şərhlər

XƏBƏR LENTİ