SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “MTN işi”ndə “8-ci kilometr bazarı” davası

“MTN işi”ndə “8-ci kilometr bazarı” davası

Tarix:

24-05-2018, 10:39

/ 1 549 dəfə oxundu.
“MTN işi”ndə “8-ci kilometr bazarı” davası

2005-ci ilin axırlarında Səfərov qardaşlarından alınan “8-ci kilometr” bazarının davası indi də Bakı Apelyasiya Məhkəməsində davam edir. Eldar Mahmudov 2004-cü ildə nazir vəzifəsinə əyləşib yerini rahatlayandan sonra göz atdığı məkanlardan biri də məhz “8-ci kilometr” bazarı olub. 2005-ci ilin oktyabrında nazirlərə qarşı məlum əməliyyatdan sonra MTN-çilərin baş çəkdikləri ilk məkan da bu bazar olub. Səfərovların Cəlilabaddan olması onların asanlıqla sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumları kimi hücuma məruz qalmalarına yol açıb.
Hazırda məhkəmədə də bu iş üzrə araşdırmalar davam edir. Əsas fiqurant isə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovdur. Düzdür, bazarın Səfərovlardan alınmasında Eldar Mahmudovun müavini Hilal Əsədovun da adı qırmızı xətlə keçir. Amma o, həbsdə deyil və yalnız bir dəfə məhkəmədə ifadə verməklə canını qurtara bilib. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə “8-ci kilometr” bazarı epizodu üzrə Cəfər Səfərov və Qəhrəman Səfərov ifadə veriblər. Onlar bazarın Akif Çovdarov tərəfindən zorla əllərindən alındığını deyiblər və qaytarılmasını istəyiblər. Akif Çovdarov isə məhkəməyə müraciət edərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Ondan başqa, müttəhimlər kürsüsünə sabiq MTN-çilər A.Əliyev, O.Osmanov və S.Məmmədov da çıxarılıblar. Onlar da barələrində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb.
Xatırladaq ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə ittihamlar irəli sürülüb.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ