SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Mövlam Şıxəliyev niyə azadlıqdadır? - Onu cəsarətləndirən və arxayınlaşdıran səbəb

Mövlam Şıxəliyev niyə azadlıqdadır? - Onu cəsarətləndirən və arxayınlaşdıran səbəb

Tarix:

25-02-2017, 12:28

/ 4 427 dəfə oxundu.
Mövlam Şıxəliyev niyə azadlıqdadır? - Onu cəsarətləndirən və arxayınlaşdıran səbəb

Ləğv edilmiş MTN-in Baş istintaq idarəsinin müstəntiqi Vüsal Ələkbərovun işi üzrə məhkəmə prosesində onun birbaşa rəisi olmuş Baş istintaq idarəsinin rəisi, general Mövlam Şıxəliyev ifadə verib. Məhkəmədə özünü son dərəcə arxayın, saymazyana aparan M.Şıxəliyevin kimə güvəndiyi, niyə bu qədər arxayın danışdığı suallar yaradır.

Xatırladaq ki, Vüsal Ələkbərovun işi üzrə zərərçəkənlər hazırda fəaliyyəti dayandırılmış “Texnikabank”ın iri əmanətçiləridir. MTN bu banka basqın edib rəhbəri Etibar Əliyevi həbs edəndən sonra bankın iri əmanətçilərini də bir-bir tutaraq hədə-qorxu, işgəncə yoluyla onların milyonlarla dollarını alıb. İndi zərərçəkənlər vaxtilə Mövlam Şıxəliyevin onlardan aldıqları milyonların geri qaytarılmasını, generalın həbs olunmasını tələb edirlər.

M.Şıxəliyev isə məhkəmədə zərərçəkənlərlə sanki bu gün də istintaq idarəsinin rəisi kimi davranıb, kəskin mübahisələr edib. Zərərçəkənlər deyirlər ki, pul məsələsini şəxsən Mövlam Şıxəliyev onlarla müzakirə edib. Amma Şıxəliyev bu adamlarla görüşmədiyini deyib.

“Mövlam Şıxəliyevin otağında olmuşam. Mənə dedi ki, şefin göstərişi var, həbs edilməlisən. Mən Eldar Mahmudovu ”OBXSS"də işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min istədi, axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm", - zərərçəkən Namil Rzayev məhkəmədə general dindirilərkən belə deyib.

Şıxəliyev isə Eldar Mahmudovu “satmaqdan” imtina edib, rəhbərlikdən hər hansı qanunsuz göstəriş almadığını söyləyib. Bunun əksini deyə bilərdimi?

Suala M.Şıxəliyevin bioqrafiyasına, karyera pillələrində atdığı addımlara nəzər salmaqla cavab axtaraq.
Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri postuna təyin olunandan dərhal sonra M.Şıxəliyev Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə qəbul edilib. 2007-ci ilə qədər həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləyib. Tabeçiliyində rəis müavini Təhsin Ağayev, İbtidai İstintaq İdarəsinin rəisi Yasim Məmmədov, onun müavini Nadir Mustafayev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, onun müavini Vüqar Əliyev, 3-cü şöbənin rəisi Mahir Qasımov, onun müavini Samir Əliyev, şöbələrin mühüm işlər üzrə baş müstəntiqlər və müstəntiqləri olub. Eldar Mahmudovun yaxın adamı olmadan M.Şıxəliyev MTN-də yüksələ, general rütbəsi ala bilməzdi. Bu baxımdan onun Eldar Mahmudovun əleyhinə ifadə verməsini düşünmək sadəlöhvlük olardı. Üstəlik M.Şıxəliyev yaxasını “MTN işi” üzrə istintaqdan kənar saxlaya bilib. Mövlam Şıxəliyev də Hilal Əsədov kimi gününü keçirir. “TexnikaBank” işində zərərçəkmiş Hüseyn Səfərov israrla dövlət orqanlarından Mövlam Şıxəliyevin həbsini tələb edib, amma onun şikayətləri havada qalıb. İş o yerə çatıb ki, sahibkar özünü M.Şıxəliyevin metronun “Sahil” stansiyasının üzərində inşa edilmiş evinin qarşısında benzin töküb yandıracağı kimi bəyanatla da çıxış etmişdi. Onun bəyanatında belə bir fikir də keçirdi:

“Dəqiq bilirik ki, Mövlam Şıxəliyev Novxanıdakı villasından dənizi seyr edib kef çəkir, biz isə zəlil gündəyik.”

Bu gün MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 sahibkarzərərçəkmiş şəxs qismində tanınıb. Bu insanları qorxudub infarkt və müflis vəziyyətinə gətirənlərin, demək olar, hamısı generallardır. Generallar dövlətin keşiyində dayanmalı olduqları halda, sahibkarlığa qarşı geniş cəbhə açıblar. Başçılıq edən də göz qabağında və azadlıqdadır: Onun adamları Hilal Əsədov, Mövlam Şıxəliyev də həmçinin. Rəsmilər bu adamların həbs edilməməsinin səbəbi ilə bağlı da hər hansı bir açıqlama verməyə tələsmirlər. 11 il ərzində Eldar Mahmudovun rəhbərliyi altında törədilən cinayətlərin tam araşdırılacağına ümidlər də yoxa çıxıb.

Qeyd edək ki, M.Şıxəliyevin işçisi Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ