SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » AzTV sədri barədə araşdırma tələbi

AzTV sədri barədə araşdırma tələbi

Tarix:

8-05-2018, 09:14

/ 1 317 dəfə oxundu.
AzTV sədri barədə araşdırma tələbi

“AzTV sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir”. Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atılmalı, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır: “Doğru, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.
Aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanov və ailə üzvlərinin adı keçən proses davam edir. İş üzrə təqsirləndirilən şəxs Şücayət Əkbərov ittihamları qəbul etmir. Deyir ki, Arif Alışanov bir neçə il əvvəl Şamaxıya bir qızla gəlib, həmin qızı dağdan atıb. O, bu hadisəni bildiyi üçün də Arif Alışanovun həbs etdirib.
İttihama görə, Arif Alışanov 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonunun Nağaraxana kənd sakini Şücayət Əkbərovla tanış olub. AzTV sədri nəql edib ki, bu tanışlıqdan sonra Şücayətlə aralarında yaxşı münasibət yaranıb. 2012-ci ildə Alışanov qardaşı Habili, yeznəsi Vidadi Cəfərovu, qayınları - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa, yəni ortaq biznesə cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan kömək istəyib. Baş tutmayan bu biznesə 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşı Habil 200 min manat, yeznəsi Vidadi 200 min manat, qaynı Etibar 1 milyon 800 min manat, digər qaynı Natiq 3 milyon 500 min manat, özü isə 500 min manat - cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəliblər. Bu sövdələşmədən sonra Alışanov Şücayət Əkbərovdan 50 hektar torpaq sahəsi üçün 1 milyon 5 min manat alıb. 2014-cü ilin fevralında Şücayət Əkbərov 3 hektar 48 sot torpaq üçün 174 min manatı mənimsəyib.
AzTV sədri ifadəsində bildirib ki, Şücayət Əkbərov 2016-cı ilin dekabrından Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu göstərmək istədiyini və təsvir etdiyinə görə suvarma işlərində gələcəkdə problem olmaması üçün həmin su hovuzuna baxıb almalı olduqlarını ona deyib. “Həmin vaxt Şücayətin bu təklifini normal qarşıladım. Hazırda isə anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Lakin biz həmin yerə gedib baxa bilmədik. Bu hadisədən bir neçə gün sonra biz Şamaxıya gedəndə polis əməkdaşlarının Şücayəti tutduqlarını bildik. Bundan sonra Bakıya qayıtdıq. Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu”.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

İstintaq materiallarında AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi olması iddia edilir. Sədrin avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu güllələmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir.

Təqsirləndirilən şəxslər isə hər prosesdə bəyan edirlər ki, ittihamları qəbul etmirlər. Deyirlər ki, Arif Alışanov onları həbs etdirməklə özünün qanunsuz əməllərini, korrupsiya cinayətlərini gizlətməyə, pərdələməyə çalışır.

Bəs qanun nə deyir? Alışanov tutduğu vəzifə ilə yanaşı bizneslə məşğul ola bilərmi? O, istintaq və məhkəmə dövründə vəzifəsindən müvəqqəti də olsa, uzaqlaşdırılmalıdırmı?

Tanınmış hüquqşünas Əkrəm Həsənov təqsirləndirilən şəxslərin dilindən səslənən ittihamlara münasibət bildirərkən deyib ki, bu məsələləri istintaq araşdırmalıdır. Əgər dediklərində həqiqət payı varsa, müvafiq qaydada cinayət işi başlanıb araşdırma aparılmalıdır. Əkrəm Həsənov Arif Alışanovun pullarının mənbəyi haqda konkret söz deyə bilməyəcəyini söylədi: “Arif Alışanov 1200-1500 manat maaş alıb əli milyonlarla oynayır. Bunu istintaqda da deməkdən çəkinmir. Bilir ki, ona pulun mənbəyi ilə bağlı sual verən olmayacaq. Yəni Arif Alışanov 1500 manat maaş alırsa və günlərin birində məlum olursa ki, onun 6 milyonu var, biznesə yatırıb, hesabat verməlidir ki, 1500 manatla 5-6 milyon manatı necə toplaya bilib? Detallı, ətraflı deməlidir bunu və pulun mənbəyi ilə bağlı bütün suallara cavab verməlidir”.

Əkrəm Həsənov dövlət məmurlarının bir çoxunun harınladığını deyir: “Məmurlar haqda mərhum prezident qudurğan, harınlamış ifadəsini işlədirdi. Bu, təsadüfi deyildi. Əlində məmurların hansı işlərlə məşğul olmaları haqda konkret məlumatlar vardı. Bu gün elə məmurlar ver ki, bəlkə də arvadı da evdə ona deyir ki, kül başına, sənə o biri məmurlar gülürlər, yəni sənin pulun azdır, cəmi 5-6 milyonun var. Yəni pulun çox olmalı idi. Bir-birinin bəhsinə belə işlərə qol qoyurlar, sonda da Arif Alışanovun düşdüyü duruma yuvarlanırlar”.

Şərhlər

XƏBƏR LENTİ