SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Prezidentin etimadı və hökumətin yeni dörd naziri: - Güvəni doğruldacaqlarmı?

Prezidentin etimadı və hökumətin yeni dörd naziri: - Güvəni doğruldacaqlarmı?

Tarix:

3-05-2018, 09:23

/ 1 767 dəfə oxundu.
Prezidentin etimadı və hökumətin yeni dörd naziri: - Güvəni doğruldacaqlarmı?

Yeni hökumətin təsdiqilə gözlər Nazirlər Kabinetinin yeni tərkibinə dikilib. Kabinetdə bır sıra nazirlik və komitə sədrlərinin vəzifəsini itirməsiylə islahatların da məhz yeni təyinat alan məmurlar tərəfindən aparılacağı qənaəti formalaşıb. Nəzərə alsaq ki, yeni təyinatlar da əhəmiyyət baxımından öncül olan sahələr üzrə aparılıb, o zaman islahatların da məhz bu gözləntilərə və əhəmyyət dərəcəsinə uyğun olması arzuediləndir. İndi əsas məsələ yeni təyinat alan məmurların onlara göstərilən etimadı doğruldub-doğrultmayacağı, öz sahələri üzrə çoxdan gözlənilən islahatların aparılması, problemlərin həllinə yönəlik tədbirlərə necə yanaşacağıdır.

İlk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən başlayaraq. İlk deyəndə sosialyönümlü ölkə olmağın qarşıya məqsəd qoyulduğunu və ölkə başçısının da çıxışlarında məhz bu istiqamətin dəfələrlə vurğulandığı nəzərə alırıq. Səlim Müslümovu bu vəzifədə əvəzləyən yeni nazir Sahil Babayevin işi heç də asan olmayacaq. Sosial təminat Azərbaycan vətəndaşının bu gün ən çox ehtiyac duyğudu sahədir və hətta dövlətin bu sahəyə yönəlik diqqəti belə zaman-zaman kadrların düzgün olmayan yanaşması səbəbindən istənilən effekti verməyib. Təkcə bir məsələni xatırlatmaqla ümumi fonu canlandırmaq mümkündür. Pensiyaların ödənilməsində son aylarda olduqca ciddi problemlər özünü göstərib. Bir çox hallarda maliyyələşmənin zamanında aparılmasına baxmayaraq, ödəmələrin gecikməsi nazirliyi və onun keçmiş rəhbərini hədəfə gətirib. İş hətta o yerə çatıb ki, Qarabağ qaziləri, əlillər onlara ödəniləcək pensiyaları vaxtında ala bilməməkdə şikayətlənərək nazirliyin qarşısına toplaşmaq məsələsini müzakirə edibər. Müharibə şəraitində olan bir ölkədə belə münasibət qəbulediməzdir və nəticəsi də bəzi şəxslər üçün xoşagəlməz olmadı. Yeni pensiya islahatında da birbaşa Səlim Müslümovun təkidi və rolu olmasa da, hər halda parlamenti də bunun xeyri və ya ziyanlı nəticələrinə inandırmaq nazir kimi onun vəzifəsi idi.

Digər tərəfdən, işsizliyə dair müavinətlərin ödənilməsindəki dəyişiklik bu sahədə çalışan bir sıra qeyri-hökumət təşkilatlarının kəskin etirazı ilə qarşılanmasına rəğmən, nazirik buna adekvat reksiyanı gecikdirirdi. Bu baxımdan, yeni nazirdən gözləntlər böyükdür. Sosial təminat ölkə vətəndaşının ən təbii haqqı, dövlətin ən ümdə vəzifəsi olduğundan hökuməti bu istiqamətdə yeniliklərin vacibliyinə inandırmaq yeni nazir Sahil Babayev və komandasının əsas fəaliyyət istiqaməti olmalıdır. Pensiya, işsizliyin aradan qaldırılması, sosial müavinətlərin verilmə qaydasında yeniliklərin olması ölkədə sosial narazılığı kifayət qədər aradan qaldıra bilər və yeni komandadan gözlənti də məhz bu istiqamətdədir. Xatırladaq ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov yeni təyin olunan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edərək bəzi təkiflər irəli sürüb. Bildirib ki, ölkədə 800 000-dən çox pay torpaqları var və pay torpağı olan ailədə hətta bu torpaqdan istifadə etməsələr belə, bütün əmək qabiliyyətli şəxslər avtomatik məşğul sayılır. Halbuki o torpaqlardan ya istifadə olunmur, ya qeyri-rəsmi satılıb, ya da əksəriyyət hallarda ailənin bütün əmək qabiliyyətli şəxsləri həmin sahədə məşğul olmur. Uzağı bir-iki nəfər. Bu o deməkdir ki, bu kateqoriyaya daxil olanların hamısının məşğul sayılması statistikanı süni surətdə dəyişir. QHT sədrinin fikrincə, bir çox müəssisələrdə işçilər uzunmüddətli məzuniyyətə göndərilib və onlar uzun illərdir əmək haqqı almır, sığorta olunmur. Amma məşğul hesab olunurlar. Əslində isə işsizdirlər. Bundan başqa bir çox məşğul insanlar mövsümi məşğuldur. Yəni ilin yalnız bir hissəsini işləyirlər. Bu xüsusən, kənd təsərrüfatına aiddir. Beləliklə, həmin insanlar natamam məşğuldur və əslində ilin çox hissəsini işsiz olaraq keçirirlər. QHT sədri hesab edir ki, yeni nazir bu ciddi amilləri nəzərə almadan işsizliyə dair göstəriciləri açıqlayacaqsa, dedikləri rəsmi statistikaya uyğun olacaq, amma reallığı əks etdirməyəcək.

Yeni kabinetdə yer almayan daha bir nazir kənd təsərrüfati naziri Heydər Əsədov oldu. Bu sahə Azərbaycan üçün xüsusən, neft gəlirlərinin azaldığı bir zamanda aktuallığını artırıb və dəfələrlə dövlət başçısı səviyyəsində qeyri-neft sektorunun inkişafının vacibiyi vurğulanıb. Bu çıxışların hər biri birbaşa Heydər Əsədova rəhbərlik etdiyi sahədə ciddi dönüş yaratmaq üçün xəbərdarlıq olsa da, görünür, sabiq nazir bu xəbərdarlıqlardan yetərli dərs çıxara bilmədi. Kənd təsərrüfatının inkişafı üçün potensialın yüksək olmasına baxmayaraq, Azərbaycana heç vəchlə inkişaf etmiş kənd təsərrüfatı ölkəsi olmadı. Nə ölkədə kənd təsərrüfatı ili elan edilməsi, nə pambıqçılıq, üzümçülük, tütünçülüyün inkişafına dair dövlət proqramları, nə torpaq sahiblərinin fəaliyyətinin stimullaşdırılmasına yönəlik dövlət dəstəyi bu sahəni dirçəltməyib. Sabiq nazir üçün kənd təsərrüfatı həftəsonu və ya bayramöncəsi satış yarmarkalarının keçirilməsindən uzağa getməyib, ancaq keyfiyyətsiz malların çıxarılması, alverçilərin ayaq açması, satılan ətlərin mənşəyinin şübhə altına alınması kimi xoşagəlməz halların mətbuatın gündəmindən düşməməsi sabiq nazirin iş prinsipinə çevrilən “yarmarka sevgisi”nin üstünə xətt çəkdi. Artıq ölkə üçün prioritet sahə olan kənd təsərrüfatına yeni kadr rəhbərlik edəcək. Hər baxımdan yenilik kimi qəbil edilən İnam Kərimovun adı Azərbaycan brendi kimi qəbul edilən “ASAN Xidmət”dən həm ölkə əhalisinə, həm də əcnəbilərə yaxşı tanışdır. “ASAN Xidmət” Azərbaycan hökumətini bir çox hallarda ciddi tənqidlərin hədəfinə çevrilməkdən xilas edib, korrupsiya və rüşvətxorluqla mübarizədə qalxan rolunu oynayıb. Bura təkcə daxili yox, həm də xaricdən ünvanlanan tənqidləri daxil etmək lazımdır. Azərbaycan hökumətinin hər zaman uğuruna güvəndiyi “ASAN Xidmət” modelinin dünya üçün yaxşı təcrübə olmasının yüksək səviyyələrdə vurğulanması indi bu sahəyə rəhbərlik edən kadrın yerdəyişməsilə kənd təsərrüfatının inkişafına olan inamı artırır. Təsadüfi deyil ki, belə bir zamanda kənd təsərrüfatına, yəni ölkə əhalisinin ərzaq təminatı kimi mühüm sahəyə rəhbərliyin özünü keçmiş iş yerində yetərincə doğrultmuş bir kadra həvalə edilməsi onu yeni hökumətin ən doğru kadri kimi xarakterizəyə imkan yaradıb. İndi qalır ona həm ölkə başçısı, həm də xalq tərəfindən göstərilən bu etimadı doğrultmaq üçün ciddi addımlar atmaq. Azərbaycanı neft asılılığından qurtararaq qeyri-neft sektorunun inkişaf etdiyi, ərzaq asılılığından qurtarmış, keyfiyyətli və ucuz ərzaq təminatının yaradıldığı ölkələr sırasına qatmaq üçün nazir kreslosu yetər də artar.

Hökumətin strateji qovluqlarından birinin də etibar edildiyi yeni naziri Ceyhun Bayramovdur. Ötən ilin dekabrından, yəni Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən vergilər naziri vəsifəsinə transferindən sonra bu sahəyə nazir müavini kimi məhz Ceyhun Bayramov cavabdehlik daşıyıb. Doğrudur, cavabdehlik daşıdığı bu müddətdə hansısa ciddi yeniliklərlə adından bəhs etdirməyib. Əksinə, təhsil müəssisələrindən bir-birinin ardınca tədrisin keyfiyyətsizliyi, pul toplanması və ya qeyri-etik hadisələrə dair xəbərlər yayılıb. Təhsil ölkənin strateji sahəsi olduğu qədər də kifayət qədər problemli və diqqət mərkəzində olmasıyla seçilir. Hər bir ailənin bu və ya digər formada təhsillə bağlılığı var, buna görə də istənilən neqativi gözdən yayındırmaq mümkün olmur. Azərbycanın ən böyük problemli sahələrindən biri olan təhsilin dirçəldilməsi artıq nazir vəzifəsinin icraçısı kimi yox, məhz nazir kimi Ceyhun Bayramovun vəzifəsidir. Bu sahədə etimadı nə qədər doğruldacağını da uzun müddət gözləməyə ehtiyac qalmyacaq. Hərçənd ki, yeni nazirin təyinatından qısa müddət sonra məktəblərdə işə qəbulla bağlı dəyişikliklərin gözlənildiyinə dair xəbərlər pozitiv başlanğıcdan xəbər vermir. Ümid edək ki, Ceyhun Bayramov üçün təhsil naziri kreslosu həm də bu sahədəki problemləri aradan qaldırmaq üçün stimul olacaq.

Hökunmətin yeni tərkibində yer almayan sonuncu nazir ekologiya və təbii sərvətləra cavabdehlik daşıyan Hüseynqulu Bağırov olub. Adı qalmaqallı işlərdə çəkilməsə də, sabiq nazirin fəaliyyətilə bağlı da kifayət qədər şikayətlər vardı. Xüsusilə də yaşıllıqların məhv edilərək tikintilərə qurban verilməsiylə bağlı yayılan xəbərlərə bu nazirliyin reaksiyası daldan atılan daşdan uzağa gedə bilmirdi. Güman etmək olar ki, H.Bağırov da məhz qırılan yaşıllıqların güdazına getdi. Unutmayaq ki, kəsilən ağacların səs-sədası bir müddət əvvəl Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin də vəzifəsini itirməsinə səbəb olmuşdu. Parlamentdən nazirliyə gətirilən Muxtar Babayevdən də gözləntilər böyükdür. Ekologiyanın qorunmasından tutmuş ölkəyə gəlir gətirəcək ekoturizmin inkişaıfna qədər bir çox sahələrdə yeniliklər Azərbaycanın faydasına olardı. Muxtar Babayev kollektivə təqdimatında nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib. İndi qalır etimadı doğrultmaq və verilən vədləri yerinə yetirmək. İlk nəticələr üçünsə hər 4 nazir üçün 100 gün də kifayət edər.

Şərhlər

XƏBƏR LENTİ