SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Onlar niyə "vuruldu"? - TƏFSİLAT

Onlar niyə "vuruldu"? - TƏFSİLAT

Tarix:

24-04-2018, 09:40

/ 1 713 dəfə oxundu.
Onlar niyə "vuruldu"? - TƏFSİLAT

Azərbaycan hökumətinin yeni tərkibində yer almayan məmurlar arasında iki nazir diqqəti cəlb edir. Bunlar sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur. Hər iki şəxs nazir postuna təyin olunarkən rəhbərlik etdikləri sahələrdən böyük gözləntilər vardı. Hər iki istiqamət dövlətin prioritetləri sırasındaydı. Hər iki sahədə ciddi islahatların aparılmasına, dəyişikliklərin edilməsinə ehtiyac böyük idi.

H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri olduqdan sonra ilk işi ətrafına özü kimi maliyyəçiləri toplamaq oldu. On illərlə kənd təsərrüfatı sahəsində çalışmış mütəxəssislər işdən uzaqlaşdırıldı, əvəzində işdən məlumatsız maliyyəçilər götürüldü.

Aqrar sektor dövlət rəhbərliyinin birbaşa diqqətində olan sahələrdən bəlkə də birincisidir. Son illərdə xüsusilə bu sektorun inkişaf etdirilməsi qarşıya bir nömrəli məqsəd kimi qoyulub. Ölkə rəhbərliyi aqrar sektorun dirçəlməsi üçün lazım olan bütün maliyyə və resurs dəstəyini verməkdədir. Bu şəraitdə kənd təsərrüfatına rəhbərlik edən şəxsin çevik işləyən, sahəni doğru-düzgün bilən, nəhayət, ölkə qarşısındakı yeni çağırışlara cavab verəcək biri olmalıdır. H. Əsədov bu tələblərin heç birinə cavab vermirdi desək, yanılmarıq.

H.Əsədovun nazir təyinatından az sonra KTN daxilində, xüsusilə də əsas korrupsiya mənbəyinə çevrilmiş “Aqrolizinq” ASC sistemində müəyyən dəyişikliklər oldu, bir sıra rayonlarda yerli şöbə rəhbərləri işdən çıxarıldı. Bununla da gözlənilirdi ki, kənd təsərrüfatı istehsalçılarına dövlət subsidiyalarını, texniki yardımı paylayan bu qurumda vəziyyət düzələcək, yerlərdə müşahidə olunan neqativ hallara son qoyulacaq. Lakin az müddətdən - “Aqrolizinq”ə H.Əsədovun adamları yerləşdiriləndən sonra yenidən hər şey köhnə məcrasına qayıtdı. Yenə də dövlət xətti ilə alınıb gətirilən kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli satışında ayrı-seçkilik, korrupsiya bərpa olundu. Eyni zamanda güzəştli qiymətlərlə gübrə satışında özbaşınalıqlar davam etdi. Bir neçə həftə əvvəl bununla bağlı Tərtər və Ağcabədi rayonlarından redaksiyamıza müraciət edən fermerlər taxıl üçün zəruri olan gübrənin onlara verilmədiyi, “Aqrolizinq” tərəfindən əlaltından satıldığı bildirilirdi.

Kənd təsərrüfatı texnikasının, damazlıq mal-qaranın, gübrələrin alınması üçün keçirilən tenderlərdə qapalılıq hökm sürür, heç kimin tanımadığı, hətta qeydiyyatdan keçdiyi ölkələrin reyestrində belə barəsində hər hansı məlumat olmayan şirkətlər qalib elan olunurdu. Bu şübhəli tenderlərlə bağlı mətbuatda gedən materiallar nazirlik tərəfindən qulaqardına vurulurdu.

Bütün bunlar göstərir ki, kənd təsərrüfatına diqqətin artdığı, qeyri-neft sektorunun əsas prioritetlərindən birinə çevrildiyi bir zamanda bu sahəyə fəaliyyətində səmərəlilik və təmizlik prinsiplərinə əməl edən birinin rəhbərlik etməsi getdikcə daha böyük zərurətə çevrilirdi. Ölkə rəhbərliyinin məhz bu zərurətdən irəli gələrək H.Əsədovu İnam Kərimovla əvəz etməsi ictimaiyyət tərəfindən razılıqla qarşılanıb.

Fəaliyyəti geniş əhali qruplarının diqqətində olan ikinci nazir S.Müslümov idi. S.Müslümov Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etdiyi dövrdə pensiya sistemində mühüm dəyişikliklər baş vermişdi - daha çox pensiyaçıların zərərinə. Belə ki, ölkənin pensiya sistemində islahatların ilk mərhələsi olaraq əhalinin 2006-cı ilədək mövcud olmuş pensiya stajı cüzi məbləğlə ifadə olundu. Nəticədə uzun illər Sovet müəssisələrində, daha sonra müstəqillik dövründə ölkədə işləyərək dövlətə sosial ödəniş həyata keçirən şəxslərin pensiyası qəpik-quruşla ölçüləcək həddə salındı.

Düzdür, S.Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra əlilliyin təyinatı və sair sahələrdə müəyyən dəyişikliklər həyata keçirildi. Lakin bunlar rüşvətxorluğun, qeyri-qanuni ödənişlərin qarşısını ala bilmədi. Əvəzində isə həqiqətən əlil olan şəxslərin əlilliyinin təsdiqi prosesi çətinləşdi. Eyni zamanda Qarabağ müharibəsində əlil olan şəxslərin avtomobil, mənzil növbəsinə götürülməsi prosesi, demək olar ki, tamamən dayandırıldı.

DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verilməsindən sonra S.Müslümovun rəhbərliyi ilə pensiya islahatlarının yeni mərhələsi başladıldı. Bu dəfə tətbiq edilən yeniliklər sayəsində isə həm pensiya yaşı artırıldı, həm də elə qaydalar müəyyən olundu ki, mütəxəssislərin fikrincə, indiki şərtlər daxilində, işləyən hər 100 nəfərdən 35-40 nəfəri ancaq o qaydalar əsasında pensiya ala biləcək.

Göründüyü kimi, hər iki sabiq məmur vəzifədə olarkən heç də müsbət imicə malik olmayıblar. Bu baxımdan hesab edirik ki, onların vəzifədən uzaqlaşdırılması hökumətin tərkibində qeydə alınan ən müsbət dəyişikliklərdən biri hesab olunmalıdır.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ