SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Qarabağ üçün yeni dönəm - zaman müharibəyə işləyir

Qarabağ üçün yeni dönəm - zaman müharibəyə işləyir

Tarix:

23-04-2018, 09:12

/ 1 333 dəfə oxundu.
Qarabağ üçün yeni dönəm - zaman müharibəyə işləyir

Keçən həftənin Qarabağ kontekstində də az önəm daşımayan olaylardan biri də Bakıda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Körtis Skaparotti arasında reallaşan görüş oldu. Məlumata görə, generallar Cənubi Qafqazdakı durumu da diqqətdə saxlayıblar. Cənubi Qafqaz isə həm də Azərbaycan, Dağlıq Qarabağ məsələsi deməkdir.

Bu olaydan dolayı heç də az əhəmiyyət kəsb eləməyən başqa bir hadisə NATO komandanının Bakıda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşü oldu. Görüşdə Azərbaycanın hərb naziri ölkəmizin Qarabağ məsələsində mövqeyini bir daha səsləndirib, “Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmalıdır” deyib.

Nazir onu da bildirib ki, Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir. NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən nazir Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

*****

Generalların Bakı görüşü şübhəsiz ki, Azərbaycanın aktivinə yazılan, onun beynəlxalq imicinə işləyən hadisədir. Üstəlik, belə bir unikal format Qarabağ dərdimizi, haqlı mövqeyimizi dünyaya, ələlxüsus, qlobal güc mərkəzlərinə birbaşa çatdırmaq üçün yeni və etibarlı platforma sayıla bilər. Önəmlisi həmçinin, odur ki, Ermənistan belə imkana, platformaya malik deyil. Gerçəkdən də Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyimizin təbliği üçün bu qəbildən nə qədər çox tribuna qazansa, təbii ki, daha yaxşıdır.

Bu arada işğalçı ölkədə daxili ictimai-siyasi vəziyyət kritik olaraq qalır. Konstitusiya islahatları bəhanəsi ilə prezidentlik kürsüsündən baş nazir vəzifəsində “sıçrayış edən” Serj Sərkisyana qarşı kütləvi etirazlar ikinci həftədir davam edir. Aydındır ki, situasiya uzun müddət belə davam edə bilməz və hansısa məntiqi sonluğa çatmalıdır.

“Bu prosesin nəticəsinin nə olacağını demək çətindir. İstisna deyil ki, güc tətbiq olunandan sonra nümayişlər səngiyəcək. Ancaq problem qalacaq və gec-tez Qarabağ klanına qarşı müxtəlif addımlar atılacaq”. Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib (Axar.az). Politoloq işğalçı ölkədə yaşananları ilk növbədə Ermənistana 20 ildir rəhbərlik edən Qarabağ klanının yanlış siyasəti ilə bağlı olduğunu düşünür.

“Bəzən deyirlər ki, ermənilərin çox uzunmüddətli strategiyası var. Ancaq bu strategiyanı analiz edərkən belə qənaətə gəlmək olar ki, onlar bütün mümkün səhvlərə yol verirlər. Fikir verin, balaca Ermənistan özünə düşmən olaraq 80 milyonluq əhaliyə malik və NATO-da ABŞ-dan sonra ikinci ən böyük hərbi gücə sahib Türkiyəni seçib. İkinci düşmən ölkə isə Azərbaycanı seçib, hansı ki, əhalisi qat-qat Ermənistanınkından çoxdur, iqtisadi potensialı və imkanları olduqca yüksəkdir. Yəni Ermənistan çox böyük strateji səhvlərə yol verir. Bu strategiya tezliklə Ermənistanı böhrana gətirəcək”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan işğalçı ölkənin hazırkı duruma düşməsi üçün güc amillərini yetərincə tətbiq edib: “Söhbət Ermənistanın regional və transregional layihələrdən təcrid edilməsindən, iqtisadi və hərbi təzyiqlərdən gedir. Bu baxımdan onların konfliktdə məğlub olması qaçılmazdır. Rusiyada problemlər üzə çıxandan sonra Moskva iqtisadi baxımdan İrəvanı saxlamaq istəmir. Çünki Ermənistanın iqtisadiyyatı sıfır vəziyyətindədir və birbaşa Rusiyada işləyən adamlara və Rusiyadan gələn yardımlara bağlıdır. Ermənistan gec-tez bu köməkdən tamamilə məhrum olacaq. Ona görə də İrəvan indi Qərbə üz tutub və Rusiyanı iqtisadi baxımdan Qərblə əvəzləmək istəyir. Bir sözlə, qarşıda Ermənistanı çətin günlər gözləyir”.

Sabiq diplomat Ermənistan iqtisadi baxımdan iflasa uğramış bir məkan sayır və onun Rusiya ilə əlaqələrində iki problemə diqqət yönəldir: “Bu - iqtisadi və təhlükəsizlik məsələləridir. Rusiya indiki halda Ermənistanı himayə etmək istəmir. Əgər Qərb Ermənistanı iqtisadi baxımdan himayə edərsə, onda Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? İrəvan istəyir ki, Rusiya bir müddət də Ermənistanın təhlükəsizliyini təmin etsin. Bu fonda təhlükəsizlik və hərbi məsələlərdə Rusiyanın qarant missiyasında qalacağını düşünmək olar. Əks təqdirdə Azərbaycana tab gətirə bilməz və bəlkə də Qarabağdan qaçarlar. Hər halda maraqlı bir dövr başlayır”.

Politoloqa görə, bir balaca imkan olan kimi, Azərbaycan öz hüquqlarını tam bərpa etmək üçün bundan istifadə edəcək. “Prezident seçkidən sonra ilk bəyanatında işğal olunmuş Azərbaycan torpaqlarından söz açdı. Bu onu göstərir ki, gündəmdə olan əsas məsələ Qarabağ problemidir. Ancaq prosesə nə vaxt start veriləcəyini demək çətindir. Proseslərin gedişatını gözləməliyik. Ən önəmlisi odur ki, artıq Azərbaycan cəmiyyətində Qarabağ məsələsi ilə bağlı ümumi mövqe mövcuddur. Bu, çox ciddi siyasi məsələdir”, - deyə o əlavə edib.

*****

Azərbaycan cəmiyyətində Qarabağla bağlı daşlaşmış ümumi mövqe isə belədir ki, işğal rejimi sonsuzadək sürə, münaqişə bir neçə nəsil dəyişməsindən sonraya saxlana bilməz. Onu məhz indiki nəsillər həll eləməlidir.

Bu mənada zaman əslinə qalsa, dinc anlaşmaya, böyük sülhə deyil, müharibəyə işləyir əfsus ki. Düşmən ölkə və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri bir an öncə bu təhlükəni ciddiyə alsalar, məqbul olar. İlk növbədə də işğalçı Ermənistan üçün. Çünki böyük sülhü əvəzləyəcək böyük müharibə Ermənistanda daşı daş üstdə saxlamayacaq...

Şərhlər

XƏBƏR LENTİ