SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Elmar Məmmədyarova istefa tələbləri artır

Elmar Məmmədyarova istefa tələbləri artır

Tarix:

2-04-2018, 09:22

/ 1 158 dəfə oxundu.
Elmar Məmmədyarova istefa tələbləri artır

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Milli Məclisin 30 martda keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırıb. Deputat fikirlərini zəruri edən bir neçə arqument önə çəkib. F.Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.

Deputatın istefa çağırışının təsadüf olmadığı, 11 apreldəki növbədənkənar prezident seçkilərindən sonra Məmmədyarovun formalaşacaq yeni hökumətdə yer almayacağı qeyd olunur. F.Ağamalı “Yeni Müsavat”a açıqlamalarına bu fikrə gəlməsini bir neçə səbəblə izah etdi: “Öncəliklə deyim ki, bu, sosial sifariş olaraq gündəmdədir. Tək mənim deyil, müxtəlif şəxslərin dilindən də bu fikirlər səslənir. Mən bir ay öncə mətbuata verdiyim açıqlamada Elmar Məmmədyarovun fəaliyyətini tənqid etmişdim. O zaman KİV-lərdə belə bir xəbər getdi ki, ermənilər Kəlbəcər istiqamətindən işğal olunmuş digər torpaqlarımıza yeni yollar çəkirlər. Eyni zamanda, həm yollar ətrafında, daha münasib yerlərdə ticarət obyektləri, yaşayış evləri tikdikləri xəbərləri yayılmışdı. Ermənilərin işğal olunmuş torpaqlarımıza köçürülməsi məsələsinin də gündəmdə olduğu deyildi. Suallara cavab verdiyim zaman fikrimi çox sərt şəkildə ifadə etdim ki, bunlara Xarici İşlər Nazirliyi öz təpkisini göstərmir. İndiyə qədər Elmar Məmmədyarovun tutmuş olduğu yumşaq mövqe ermənilərin bu hərəkətlərinə kifayət qədər rəvac verir. Digər tərəfdən, Minsk Qrupunun fəaliyyəti də hamımıza bəllidir. Lakin onlarla görüşlərdə nazir kimi onun sərt mövqeyinin şahidi olmamışıq. Ölkə prezidentinin işğal olunmuş torpaqlarımızı azad etməklə bağlı çox sərt mövqeyi ortadadır.

Yaxınlarda keçirilən tədbirlərdə prezident İrəvan, Zəngəzur və digər ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu bir daha önə çəkdi, həmin torpaqlara qayıdışımızın vacibliyini vurğuladı, o torpaqlarımıza qayıdacağımızı çox böyük nikbinliklə qeyd etdi. Bunları ölkə prezidenti edir, bəs nədən Elmar Məmmədyarov nazir olaraq bu sərt mövqeyi öz fəaliyyətində əsas götürmür? Bunların hamısı hər kəsə bəllidir. Məmmədyarovun fəaliyyəti bu günün tələblərinə cavab vermir. İşğal olunmuş torpaqlarımızın azad edilməsinə cavab verən fəaliyyət aparılmır. Martın əvvəllərindəki fikirlərimdən sonra ayrı-ayrı siyasətçilər, politoloqlar tərəfindən bu və ya digər şəkildə mətbuatda bu tipli açıqlamalar getdi. Sizin qəzetinizdə Eldar Namazovun müsahibəsində belə fikirlərlə tanış oldum. Cəmiyyətin düşündüklərini Milli Məclis səviyyəsində gündəmə gətirdim. Yəqin etdim ki, Elmar Məmmədyarovun xalqımız qarşısında ən böyük xidməti o olardı ki, öz təşəbbüsü ilə istefaya getsin. Görünən odur ki, Elmar Məmmədyarov bu işin öhdəsindən gələ bilmir. Onunla mənim aramda heç bir problem yoxdur və ola da bilməz. Ümumiyyətlə, heç bir məmur, nazirlə şəxsi problemlərim yoxdur. Ölkə prezidentinin siyasətinin həyata keçməsi, ona dəstək verməyim baxımından bu məsələləri önə çəkirəm. Nazirlərin işdən azad olunmaları və yenilərinin təyin olunması ölkə başçısının səlahiyyətindədir. Bu səlahiyyətlərə hörmətlə yanaşmağa borcluyuq”.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da XİN rəhbərinin gedişinin vacibliyini vurğuladı: “Prezident seçkisindən sonra bəzi nazirlərin dəyişdiriləcəyinə dair xəbərlərin sayı artır. Bu belə də olmalıdır, hakimiyyətə yeni nəfəs lazımdır, bunu dövlət başçısı da anlayır, təsadüfi deyil ki, elə son illərdə postlarında şişən nazirlər gənc kadrlarla əvəzləndi. Seçkidən sonra bu prosesin bir az daha sürətlənəcəyini düşünürəm. Dəyişməli olan nazirlər sırasında xarici işlər naziri də olmalıdır. Çünki onun verdiyi açıqlamalar siyasi ekspertlər və cəmiyyətdə birmənalı qarşılanmır. Elmar Məmmədyarov uzun illər diplomatiya sahəsindədir, müxtəlif ölkələrdə çalışıb, səfir işləyib. Ancaq hər yaxşı səfirdən uğurlu xarici işlər naziri çıxmaz. Səfir ölkəsindən aldığı təlimatları yerinə yetirir, daha çox sənədlərlə işləyir, qonaq qarşılayır və yola salır. Əlbəttə, səfirdən səfirə də fərq var. Elə səfir var ki, kabinetdən bayıra çıxmır, gününü keçirir, eləsi də var ki, çalışdığı ölkədə nüfuz sahibinə çevrilir ki, bu iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edir. Mən istisna etmirəm ki, Elmar Məmmədyarov ikincilərdən olub. Ancaq xarici işlər naziri postu tam fərqlidir, həm işgüzar olmalı, hər də yaradıcı fikirlərlə çıxış etməlidir. Xarici işlər nazirin fikrini səlis və aydın ifadə etmək bacarığı da olmalıdır. Bəzən Elmar Məmmədyarov Azərbaycan dilində elə fikir deyir ki, bir neçə dəfə oxuduqdan sonra onun nə dediyini anlaya bilirsən. Bəlkə də bu səbəbdəndir ki, Elmar Məmmədyarov yerli media orqanlarına müsahibə vermir, daha çox rusdilli və ingilisdilli nəşrlərə müsahibə verir. Xarici işlər nazir postu onun media ilə sıx əlaqəsini diktə edir.

Ancaq biz bunu görmürük. Azərbaycanın əsas problemi torpaqlarımızın işğalının davam etməsidir. Bu durumu dəyişmək üçün xarici işlər nazirinin üzərinə böyük yük düşür. Nazir açıqlama verməklə işini bitmiş hesab etməməlidir. Məsələn, erməni separatçılarının lideri gah Paris, gah da Vaşinqtonda peyda olur. Elmar Məmmədyarov bunun qarşısını almaq üçün indiyə qədər nələr edib?

Niyə Dağlıq Qarabağın azərbaycanlı icmasının liderinin eyni ölkələrə səfərləri və görüşləri təşkil olunmur? Yox əgər Elmar Məmmədyarov hesab edirsə ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının lideri bu vəzifəni yerinə yetirmək qabiliyyətində deyil, onda bu haqda prezidenti məlumatlandırmalıdır. Əgər o bunu da etmirsə, demək o ”mənə nə var" prizmasından çıxış edir. Elmar Məmmədyarov uzun illərdir deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı substansiv danışıqlar aparılmalıdır. Aparılmır, indi nə edək? Elə “substansiv danışıqlar aparılmalıdır” deməklə deyil ki. Ondan başqa heç kim bu ifadəni dilə gətirmir. Ermənistan istəmir və böyük dövlətlər İrəvanın işğalçı siyasətinə təsir etmir. 2016-cı ilin aprel savaşından sonra belə bir inam var idi ki, beynəlxalq aləm, o cümlədən həmsədr dövlətlər Azərbaycanın gücünü gördülər və əgər müharibənin bir daha təkrarlanmasını istəmirlərsə, Ermənistan hakimiyyətinə təsir edəcəklər. Etmədilər, İrəvanın xətrinə dəymədilər və Azərbaycan Xarici İşlər Nazirliyi bu durumu xeyrimizə dəyişmək üçün gücsüz qaldı. Daha sonra Elmar Məmmədyarov həmsədrlərin Krakov görüşündən sonda dedi ki, “kreativ təkliflər var”. Ancaq üstündən aylar keçib, nə ortada Məmmədyarovun dediyi “kreativ təkliflər” var, nə də danışıqlarda irəliləyiş qeydə alınıb".

Şərhlər

XƏBƏR LENTİ