SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Arif Əsgərovun dələduzluqda təqsirləndirilən qohumu məhkəməyə gəlməsə, axtarışa veriləcək

Arif Əsgərovun dələduzluqda təqsirləndirilən qohumu məhkəməyə gəlməsə, axtarışa veriləcək

Tarix:

2-02-2018, 11:13

/ 1 711 dəfə oxundu.
Arif Əsgərovun dələduzluqda təqsirləndirilən qohumu məhkəməyə gəlməsə, axtarışa veriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs iştirak etməyib. Onun vəkili sənəd təqdim edərək müvəkkilinin xəstəxanada müalicə olunduğunu deyib. Məhkəmə katibi bildirib ki, təqsirləndirilən şəxsin barəsində məcburi gətirilmə qərarı olsa da, icra edilməyib. Hakim bildirib ki, məhkəməyə təqdim edilən sənədlərdən onun ciddi xəstəliyinin olmadığı qeyd edilir.

Təqsirləndirilən şəxsin vəkilləri isə onun fevralın 6-da xəstəxanadan çıxacağını deyiblər.

Zərərçəkmiş şəxsin vəkili onun məhkəməni uzatmaq üçün belə addım atdığını deyib.

Hakim onun barəsində olan məcburi gətirilmə qərarını qüvvəsində saxlayıb və iclası fevralın 8-nə təxirə salıb. Bildirib ki, növbəti iclasda gəlməsə, barəsində axtarış elan ediləcək.

Qeyd edək ki, ötən iclasda da təqsirləndirilən şəxs iştirak etməyib və vəkilləri onun xəstə olduğunu deyiblər. Buna görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılmışdı.

İttihama görə, E. Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət işi materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E. Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs qətimkan tədbiri seçilən E. Hüseynovun daha sonra ev dustaqlığı qətimkan tədbiri seçilib.

E. Hüseynov “Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynov da külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Şərhlər

XƏBƏR LENTİ