SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Kreslosunu gül dəstəsi ilə tərk edən tək nazir...

Kreslosunu gül dəstəsi ilə tərk edən tək nazir...

Tarix:

17-02-2017, 12:02

/ 2 424 dəfə oxundu.
Kreslosunu gül dəstəsi ilə tərk edən tək nazir...

Nəqliyyat Nazirliyinin nazirlik kimi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndən sonra işsiz qalan nəqliyyat naziri Ziya Məmmədov ötən gün keçmiş iş yeri ilə vidalaşıb. Xəbər verildiyi kimi Nəqliyyat Nazirliyinin binasında bu münasibətlə təhvil-təslim mərasimi də olub. Rabitə, yüksək texnologiyalar və nəqliyyat naziri təyin olunan Ramin Quluzadə nazirliyin binasına gedərək işləri təhvil alıb, Ziya Məmmədov isə keçmiş işçiləri ilə vidalaşaraq binanı tərk edib. Özü də əlində bir dəstə qızılgüllə. Belə məlum olurdu ki, keçmiş işçiləri uzun illər ölkənin ən qüdrətli oliqarx-nazirlərindən biri olmuş Ziya Məmmədovu bu cür, hörmətlə yola salıblar. Üstəlik onun yola salınması mərasimi üçün sıraya da düzülüblər.

Bu, görənlərdə xeyli qarışıq hisslər yaradan mənzərə idi. Ona görə ki, ilk dəfədir Azərbaycanda nazir postunu tərk edəni bu cür gül dəstələri ilə, sıra düzülüşü ilə yola salırdılar. Ən azından mətbuatın arxivini vərəqləsən başqa ikinci belə kadrlar tapa bilməzsən. Axı indiyədək Azərbaycanda nazirləri ya qara maskalı xüsusi təyinatlılar kreslodan zorla dartıb qoparırdı və həbsə atırdı, yaxud onlar işdən çıxarılanda kabinetlərini necə tərk etdiklərinə dair məqamları izləmək mümkün olmurdu, ən azından nazirliyin həyətində işdən çıxarılan naziri təntənəli yola salmaq mərasiminin şahidi olmamışdıq.

Məsələn, 2005-ci ildə ölkənin ən qüdrətli nazirlərindən ikisini-iqtisadi inkişaf naziri Fərhad Əliyevi və səhiyyə naziri Əli İnsanovu o dövrlərin ən qüdrətli nazirliyinin-MTN-nin qara maskalıları birbaşa kabinetlərindəcə həbs edib əllərini qandallamışdı. Bu nazirlər siyasi xəyanətdə, dövlət çevrilişi planlaşdırmaqda ittiham olunurdu, ancaq sonradan iqtisadi cinayətlərə görə mühakimə olundular.

Keçmiş maliyyə naziri Əvəz Ələkbərov da sonralar etiraf etdiyi kimi Eldar Mahmudovun onun barəsində yuxarılaraq ötürdüyü kompromatın nəticəsi olaraq 2006-cı ilin aprelində qəfil işdən azad edilmişdi. Ələkbərov işdən çıxarıldığı gün həmsədri olduğu ABŞ-Azərbaycan hökumətlərarası komissiyasının Bakıda keçirilən toplantısına rəhbərlik edirdi. İşdən çıxarılması haqda xəbəri isə axşam nümayəndə heyəti ilə işgüzar şam yeməyi zamanı AzTV-dən eşitmişdi.

2005-ci ildə Fərhad Əliyevin yerinə iqtisadi inkişaf naziri təyin olunan Heydər Babayevin işdən azad edilməsi isə bu cür qəfil olmadı. Prezident onu 2008-ci il prezident seçkilərindən sonra yenidən formalaşdırılan hökumətin tərkibinə daxil etmədi, nəticədə Heydər Babayev nazir postunu itirdi. Hərçənd ona etimadən bu seçkilərdən daha əvvəl sarsıldığı barədə məlumatlar dolaşırdı.

İki onillikdən çox müdafiə naziri vəzifəsini tutmuş Səfər Əbiyevin işdən çıxarılması da gül dəstələrinin müşaiyəti ilə baş vermədi. İşdən çıxarılandan sonra ictimaiyyət onun nə səsini eşidə, nə üzünü görə bildi. Hətta Əbiyevin Azərbaycanı tərk edərək Çexiyada məskunlaşdığı haqda şaiyələr də yayılmışdı. Ən azından Əbiyevin Müdafiə Nazirliyinin binasını tərk edərkən şəxsi heyət tərəfindən fəxri qarovulla və orkestrlə, gül dəstələri ilə yola salındığını görənlər olmayıb...

Nəhayət nazirlərin ən qalmaqallı şəkildə işdən uzaqlaşdırılmasına dair ikinci hadisə 2015-ci ilin oktyabrında yaşandı. Bir vaxtlar Əli İnsanovu və Fərhad Əliyevi kabinetlərində qandallamaq əmri verən milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünün başının üstünü təxminən formada-xüsusi təyinatlılar aldı. Ancaq bunlar Baş Xüsusi Dövlət Mühafiə Xidmətinin xüsusi təyinatlıları idi. Ölkənin ən təhlükəli adamının və bandasının on ildən çoxdur oturduğu binadan uzaqlaşdırılması üçün şəhərin müxtəlif yerlərində eyni vaxtda xüsusi əməliyyat keçirildi.

Doğrudur, bandasının üzvlərindən bir çoxu həbsə alınsa da Eldar Mahmudovun əllərini qandallamadılar, ancaq Mahmudov hər halda MTN-nin binasını əlində gül dəstəsi də tərk etmədi. Ardınca onun “tabeçiliyində” olan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun fərmanı verildi. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarının fonunda baş verdiyi üçün Abbasovu da gül dəstəsi ilə yola salan olmadı.

Ziya Məmmədova gəldikdə isə onun vəzifədən uzaqlaşdırılması prosesinin təxminən iki il əvvəldən, (bəlkə də daha əvvəldən) başladığını demək olar. Əvvəlcə onun nazirliyinin səlahiyyətləri alındı, dəmiryolları və avtomobil yolları ayrıca dövlət subyektinin idarəçiliyinə verildi. Nəqliyyat Nazirliyi tədricən səlahiyyətlərini böyük ölçüdə itirmiş formal nazirliyə çevrildi və neftin ucuzlaşmasının nəticəsi olaraq başlayan struktur islahatlarının bu nazirliyi haqlayacağı çoxdan gözlənilirdi. Nəhayət həmin gün gəlib çatdı və Ziya Məmmədov, bir vaxtların ən qüdrətli oliqarx-nazirlərindən biri özünün dediyi kimi “adi vətəndaşa” çevrildi. Ancaq əvvəlki nazirlərdən fərqli olaraq kreslosundan “dinc şəkildə”, hətta gül dəstəsi ilə uzaqlaşdırıldı. Ancaq onun “Heç bilmirəm, bundan sonra nə olacaq...” sitatı da keçmiş nazirin qucağını bəzəyən gül dəstəsi kimi yaddaşlarda həkk olundu...

Şərhlər

XƏBƏR LENTİ