SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Adımı çəksən, özünü ölmüş bil" - 62 yaşlı "əməkdar müəllim"in cinayət işi

"Adımı çəksən, özünü ölmüş bil" - 62 yaşlı "əməkdar müəllim"in cinayət işi

Tarix:

18-12-2017, 19:10

/ 1 491 dəfə oxundu.
"Adımı çəksən, özünü ölmüş bil" - 62 yaşlı "əməkdar müəllim"in cinayət işi

Dələduzluqda təqsirləndirilən 62 yaşlı "əməkdar müəllim" növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Ağayeva Nuriyyə Fərhad qızının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirib.

Belə ki, N.Ağayeva işə düzəltmək, ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşları aldadıb. İttihama görə, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında Rövşən Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəkmiş. Amma N.Ağayeva qeyd edilən məbləği alsa da vədinə əməl etməyib.

N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu SOCAR-a sürücü düzəltmək adı ilə 3 min manat alıb. N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

Zərərçəkmiş Rövşən Həsənov məhkəmədəki ifadəsində söyləyib ki, N.Ağayevaya əvvəlcə 3 min, sonra isə min manat verib: "Dedim ki, min manatı da iş düzələndən sonra verərəm. Dedi ki, yox. Yarım saatın içində pulu tapıb verdim. Sonra bu həftə, gələn həftə vədləri ilə məni aldatdı".

Təqsirləndirilən şəxs Nuriyyə Ağayeva pulu aldığını təsdiq edib. Bildirib ki, pulu verdiyi adam onu hədələdiyi üçün adını açıqlaya bilmir: "Məni hədələyir. Özü də müəllimədir. Yoldaşı da polisdir. Dedi ki, "adımı çəksən, özünü də, ailəni də ölmüş bil". Ona görə də adını çəkə bilmirəm. Pulu da vermir. Mən isə 6 aydır buradayam".

Məhkəmədə digər zərərçəkmişlər və şahidlər ifadə verib.

N.Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, N.Ağayeva filologiya elmləri namizədi, "əməkdar müəllim"dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ