SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Akif Çovdarovun bəraət istəməsinin sirri

Akif Çovdarovun bəraət istəməsinin sirri

Tarix:

22-11-2017, 09:32

/ 1 460 dəfə oxundu.
Akif Çovdarovun bəraət istəməsinin sirri

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki hökmdən apelyasiya şikayəti verilib.
Bu barədə A. Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. O qeyd edib ki, əmlakı dövlətin xeyrinə müsadirə olunan zərərçəkmişlər də apelyasiya şikayəti verib. Şikayətdə təqsirləndirilən şəxslərə bəraət verilməsi istənilir. İşə yaxın vaxtlarda Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Məlumat üçün bildirək ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Maraqlıdır ki, sabiq təhlükəsizlik naziri Eldar Mahmudov istintaqa çağırılandan sonra Akif Çovdarov daha israrla bəraət istəyir. Məhkəmə iclaslarında Mahmudovun adını çəkməsə də, görünən odur ki, sabiq nazirin həbs təhlükəsinin yaranması Çovdarovda bir ümid yaradıb. Törətdiyi əməllərinə rəğmən, bəraət istəyən Çovdarov sanki nümayiş etdirir ki, onun heç bir günahı yoxdur.
Çovdarovun məhkəmədə son sözünə də diqqət etsək, bu kimi arqumentlərin izini görmüş olarıq. O, son sözündə bildirmişdi ki, hər zaman dövlətinə sadiq olub: “Lakin ”əgər dövlətim və hakim məni cəzalandırarsa, mən bunu xidmətimin davamı kimi qiymətləndirəcəyəm" deyən Çovdarov indiki məqamda həbsdə qalmaq istəmir.
Məsələ ilə bağlı danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, Çovdarovun cinayət əməlləri hər kəsə məlumdur: “Bir məsələ də var ki, Akif Çovdarov məhkəmə iclaslarında da bildirirdi ki, guya heç bir günahı yoxdur. Özünü indi də günahkar hesab etmir və buna görə də Apelyasiya Məhkəməsinə müraciət edir. Açığı, onun bu cür addım atacağı gözlənilən idi. Təbii ki, özünü günahkar hesab etməyən şəxs Apelyasiya Məhkəməsinə müraciət edib, kəsilən ilin azaldılmasını istəyə bilməzdi. Bu baxımdan onun bəraət istəməsi təbii haldır. Onun günahkar olub-olmaması isə artıq hər kəsə məlumdur. İndiyə qədər əziyyət verdiyi sahibkarlar və digər insanlar da mətbuat qarşısına çıxıb, başlarına gələnləri danışıblar. Ona görə də bilənlər yaxşı bilir ki, o günahkardır, ya yox. Ümid edirəm ki, Eldar Mahmudovla bağlılığından asılı olmayaraq, onun bəraət arzusu baş tutmayacaq. Bəraət istəmək və almaq qanunla mümkündür. Bəraət odur ki, bu adamın heç bir günahı yoxdur və birinci instansiya məhkəməsi düzgün qərar verməyib. Çovdarovun isə günahları söylədiyim kimi göz qabağındadır. Bu barədə hansısa müzakirə açmağa ehtiyac yoxdur. Belə olan halda hansı bəraətdən danışmaq olar? Sadəcə olaraq, Çovdarov ”göylə getməyə" çox öyrəşib. Ona görə də özünü bu cür aparır və bildirir ki, mənim günahım yoxdur. Bu ona bənzəyir ki, bir adam vurub kimisə öldürür və 15 il iş alır. Sonra da durub apelyasiya şikayəti verir ki, mən yox, başqası öldürüb. Sübut olunsa ki, doğrudan da başqası öldürüb, o zaman şəxsə bəraət verilməlidir. İndi Çovdarov da bəraət almaq üçün birinci instansiya məhkəməsində verilən qərarın əksini sübut etməlidir. O, Azərbaycan vətəndaşıdır və bu cür tələblə çıxış etmək hüququ var. Ancaq ehtimal etmirəm ki, Çovdarov bəraət alıb, azadlığa çıxacaq".
Ekspert Eldar Mahmudovla bağlı da fikir söyləyərək qeyd edib ki, sabiq nazir heç də bütün qanunsuz əmrləri verə bilməz: “Çovdarovun qanunsuz əmrləri icra etmək ixtiyarı yoxdur. Əmr qanunsuz olubsa, onu necə icra etmək olar axı? Əgər nazir qanuna uyğun olmayan əmrlər veribsə, ərizəsini yazıb, işdən çıxardı. Qanunsuz əmrə tabe olmamalısan. Bu adam hərbi xidmətdə deyildi ki... İstənilən halda vəzifədən gedə bilərdi. Bildiyim qədər Çovdarovun xeyli sayda qanunsuz əməllərdə əli var. İndi bunların hamısını bəyəm Eldar Mahmudovun göstərişi ilə edib? Hesab edirəm ki, burada onun özünün də özbaşına etdiyi əməllər az deyil. Hər halda Çovdarov da yüksək vəzifə sahibi idi. Belə çıxır ki, elə Mahmudov oturub otağında bütün günü qanunsuz göstərişlər verirmiş. Buna nazirin heç fiziki baxımdan da vaxtı çatmazdı. Ona görə də söyləmək olar ki, Mahmudovun tabeliyində olanlar bəzi cinayətləri özləri törədiblər və hər birini də məsuliyyətə cəlb etmək lazımdır. Bəlli olduğu kimi, hazırda Mahmudovun özü də istintaqa çağırılıb, ifadəsi alınır. Məhkəmə qərarı olmadan isə biz kimsəni təqsirli hesab edə bilmərik. Ancaq eyni zamanda çox təəccüblü olardı ki, MTN-də bu qədər qanunsuz əməllər olduğu halda, Eldar Mahmudovun bunlarda heç bir rolu olmasın. Ona görə də ehtimal edirəm ki, Mahmudovun da yəqin ki, günahı var. Burada bir məsələ də var ki, Eldar Mahmudov cinayətkardısa belə, o, adi cinayətkar deyil. Həm də adi məmur da olmayıb. Xarici təcrübə göstərir ki, təhlükəsizlik orqanlarının rəhbərlərinə fərqli münasibət var. Burada dövlət maraqlarının, sirlərinin olması mümkündür. Ona görə də Mahmudovun həbs olunacağını söyləmək də çətindir. Düşünürəm ki, Akif Çovdarov və Eldar Mahmudov kimi adamlar mənəvi cəhətdən xeyli cəza çəkiblər. Çünki hər zaman rahat həyat içərisində yaşayan, bu cür həyatı olan insanlardan hər kəsin anidən üz çevirməsi elə ən böyük cəzadır”.

Şərhlər

XƏBƏR LENTİ