SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daha bir qaçqından Kərəm Həsənovun Abşeron qrupuna rüşvət ittihamı

Daha bir qaçqından Kərəm Həsənovun Abşeron qrupuna rüşvət ittihamı

Tarix:

16-11-2017, 09:30

/ 1 454 dəfə oxundu.
Daha bir qaçqından Kərəm Həsənovun Abşeron qrupuna rüşvət ittihamı

1991-ci il təvəllüdlü, Ağdamdan valideynləri ilə məcburi köçkün düşmüş Mustafayeva Pakizə Amil qızı şikayət məktubunda Dövlət Reyestr Xidmətinin Abşeron Şöbəsindən yazıb.
O, ailə qurduqdan sonra valideynlərininin və qohumlarının da köməyi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Xurşudbanu Natəvan -18A ünvanda mənzil alsa da, BT məmurlarının rüşvət istəməsi səbəbindən rəsmiləşdirə bilmir.
Pakizə Mustafayeva hüquq mühafizə orqanlarının da bu cür qanunsuzluqlarla mübarizə aparmaq istəmədiklərini düşündüyü üçün çıxış yolunu ölkə prezidentinə müraciət etməkdə görür.
Ancaq Dövlət Reyestr Xidmətinin yerli idarələrindən şikayətçi olan təkcə P.Mustafayeva deyil.
Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı Prezident İlham Əliyevin tapşırığından 6 ildən artıq vaxt keçsə də, bu məsələ hələ də həllini tapmayıb.
Xatırladaq ki, dövlət başçısı bu problemi 2011-ci ilin martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib.
Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu: “O evlər və digər tikililər qeydiyyata alınmalıdır.
Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Ona görə də göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək”.
Ölkə Prezidenti 6 il öncə xalqın xeyrinə təşəbbüs irəli sürəndə Əmlak Məsələləri Dövlət Komitəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan məmurların, o cümlədən Həsənov Kərəmin kəramətinə gözəl bələd idi.
Bilirdi ki, bəzi məmurlar tamah ucbatından bu təşəbbüsə imkan verməyəcək. Şikayətlər və faktlar bunu təsdiqləyir.
Bir müddət əvvəl, konkret desək aprel ayında Qarabağ Müharibəsi veteranı, Laçın rayonundan məcburi köçkün Zahid Novruzov da şikayətçi idi.
O, hüquqi yardım üçün Qafqaz Hüquq Mərkəzinə etdiyi müraciətdə bildirirdi ki, 25 ildir Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayır:
“Bütün aidiyyəti təşkilatların rəsmi icazəsi ilə Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10/1 ünvanda yerləşən 80 kv/metr torpaq sahəsi üzərində 1 mərtəbəli qeyri-yaşayış obyekti tikmişəm.
Tikinti başa çatandan sonra obyektə “texniki pasport” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) müraciət etdim”. ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinin rəis müavini Xəyalə Mərdanova 12 noyabr 2012-ci ildə cavab məktubunda (№123020643193) vətəndaşa yazır ki:
“Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsi Bələdiyyə ərazisinə aid deyil və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşür”.
Başqa fakt: bir qrup Qarabağ əlili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Neftçalada 13 saylı Ərazi İdarəsinin rəisi Seymur Əliyevin fəaliyyətindən ölkə rəhbərliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova şikayət ünvanlamışdılar.
Qarabağ əlilləri Seymur Əliyevin rüşvətxorluğundan, əhalini yerli-yersiz incitməsindən və idarəyə müraciət edən vətəndaşlardan açıq şəkildə rüşvət tələb edilməsindən bəhs edilir.
Şikayətçilər bildirirlər ki, Seymur Əliyev tərəfindən vətəndaşlara, o cümlədən Qarabağ əlillərinə və müharibə veteranlarına göstərdiyi hörmətsizlik və özbaşınalıq artıq bütün mümkün həddləri aşıb keçir.
Belə ki, ev tikmək üçün kəndlərdə torpaq sahələri alan insanlar açıq şəkildə Seymur Əliyevin rüşvət terroru ilə üz-üzə qalırlar.
Sənədlərin qaydasında olub-olmamasından asılı olmayaraq, Seymur Əliyev hər kəsdən rüşvət tələb edir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ