SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Dünya üçün yeni dönəmin başlanmasına 48 saat qaldı

Dünya üçün yeni dönəmin başlanmasına 48 saat qaldı

Tarix:

17-01-2017, 10:13

/ 1 816 dəfə oxundu.
Dünya üçün yeni dönəmin başlanmasına 48 saat qaldı

Trampın inauqurasiyasına 2 milyondan çox adam qatılacaq

ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasiminə iki sutka qalıb.

Yanvarın 20-də Donald Tramp və vitse-prezident Maykl Pens Kapitolidə təntənəli surətdə İncilin üzərinə and içəcəklər. Bundan sonra isə Konqresin binasından Ağ Evə qədər uzanacaq izdihamlı paradda iştirak edəcəklər.

İnauqurasiya mərasiminin intriqa yaradan məqamlarından biri tədbirdə dəvət alan siyasətçilərin və məşhurların adı ilə bağlıdır. Məsələ ilə bağlı Tramp şəxsən ötən ilin dekabrında məsələyə münasibət bildirmişdi: “Bütün ”A" kateqoriyalı məşhurlar mənim inauqurasiyama dəvət almaq istəyir, lakin baxın, görün onlar Hillari üçün nə etdilər. Heç nə".

Dəvət olunan xarici siyasətçilərin siyahısına gəlincə, ABŞ-dakı protokol qaydalarına əsasən, inauqurasiya mərasiminə xarici ölkə səfirləri dəvət olunur. ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Mehdi Hüseynquliyev “Yeni Müsavat”a bildirib ki, Donald Trampın inauqurasiya mərasiminə ABŞ-dakı diplomatik missiya rəhbərləri həyat yoldaşları ilə birlikdə dəvət ediliblər.

Image result for Elin Süleymanov
Rəsmi dəvət olunanlar siyahısında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Rusiyanın səfiri Nikolay Laxonin, Ukraynanın səfiri Valeri Çalıy, Avropa ölkələrinin səfirləri və digərləri var. Bundan başqa, inauqurasiya mərasimində Donald Trampın biznes dostları və bir sıra Hollivud ulduzları, o cümlədən “Oskar” laureatı Klint İstvudun iştirakı gözlənilir.

İnauqurasiya mərasimi yanvarın 20-si Bakı vaxtilə saat 13.00-da başlayacaq. Mərasimdə 2-3 milyon arasında insanın iştirakı gözlənilir.

Dünya üçün yeni dönəmin başlanmasına 48 saat qaldı


ABŞ-ın keçmiş prezidenti Bill Klinton və xanımı, seçkilərdə D.Trampın demokrat rəqibi olmuş Hillari Klinton da yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə qatılacaqlar.

Vaşinqtonda baş tutacaq 58-ci inauqurasiya mərasiminə CNN-in məlumatına görə, xanımı Lora ilə birgə keçmiş prezident Corc Buş da gələcək.

Mərasimə son dərəcə ciddi təhlükəsizlik hazırlıqları da aparıldığı bildirilir. ABŞ-ın xüsusi xidməti və paytaxt polisi hesab edir ki, yeni seçilən prezident Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyası zamanı Vaşinqtonda dünyanın ən çətin əməliyyatlarından biri qeydə alına bilər. “The New York Times”in yazdığına görə, hazırda Tramp tərəfdarları ilə seçkinin nəticələrindən narazı qalanlar arasında mümkün qarşıdurmaların qarşısının alınması üçün ciddi hazırlıq gedir. Xüsusi xidmətin məlumatına görə, həmin gün kütləvi etiraz aksiyası təşkil oluna bilər.

Yanvarın 21-dən isə Donald Tramp ABŞ prezidenti vəzifəsini həyata keçirməyə başlayacaq. Əksər politoloqlar, siyasətçilər Trampın fövqəldövlətə rəhbərlik etməyə başlamasının dünya üçün yeni dönəmin başlaması olacağını bildirirlər. Sələfi Barak Obamanın qəbul etdiyi qərarların 70 faizinin dəyişdiriləcəyi və ya ləğv ediləcəyini bəyan edən D.Trampın prezidentliyinin ABŞ-ı və dünyanı hansı istiqamətə yönəldəcəyi ilə bağlı birmənalı proqnozlar yoxdur.

Bəziləri Tramp xarakterində və mövqeyində olan bir şəxsin Amerikaya prezidentliyinin bu ölkənin özü və dünya üçün təlatümlər gətirəcəyini, bir çoxları isə ABŞ-ı və dünyanı bataqlıqdan çıxaracağını, dünyaya sabitlik gətirəcəyini proqnozlaşdırırlar.

Dünya ölkələrinin əksəriyyəti üçün Trampla işləməyin Barak Obama ilə işləməkdən asan olacağı da proqnoz edilir. Eləcə də Azərbaycan hakimiyyəti üçün də yeni prezident Trampla işləmək ən azından Obama administrasiyası ilə işləməkdən daha asan olacaq.

Bu fikirdə olan politoloqlar diqqəti daha çox yeni dövlət katibinin üzərinə cəmləyirlər. Donald Trampın xarici siyasətini "ExxonMobil" neft şirkətinin artıq sabiq sədri Reks Tillerson dövlət katibi olaraq yürüdəcək və təbii ki, onun da Azərbaycanla əlaqəsi olub, ölkəmizdə bir çox insanları şəxsən tanıyır. Bu şəxsi tanışlıq da münasibətlərin qurulmasında müəyyən rol oynayacaq. Trampın özü də Azərbaycanla tanışdır və burada biznes maraqları olub. Prezident seçiləndən sonra da Azərbaycan prezidenti ilə telefonla danışıb. Bu da Azərbaycanın müstəqillik tarixində bir ilkdir.

Ekspertlər qeyd edirlər ki, bütün bunlara rəğmən demək olmaz ki, Tramp və onun iqtidarı bütün məsələlərdə Azərbaycan iqtidarının yanında olacaqlar və heç bir tənqid səsləndirməyəcəklər. ABŞ-da hökumət idarəçiliyi əsrlərin ənənəsinə əsaslanır və hər qurumun öz işi var. Heç kim də onlara fərdi və kollektiv təzyiq göstərmək iqtidarında deyil. Bu baxımdan, ABŞ-ın demokratik təsisatları, o cümlədən ABŞ Dövlət Departamenti əvvəlki qaydada Azərbaycanda monitorinqlərini davam etdirəcək və hesabatlarını açıqlayacaq. Bu hesabatlarda tənqid də olacaq.

Ekspertlərin fikrincə, Trampın seçki kampaniyası dövründə Cənubi Qafqaz və Qarabağ problemi ilə bağlı heç bir fikir işlətməməsi o demək deyil ki, Cənubi Qafqaz, Dağlıq Qarabağ məsələsi ABŞ-ın xarici siyasətində önəmli yer tutmayacaq. İndidən demək olmaz ki, Tramp Cənubi Qafqaza, Dağlıq Qarabağ məsələsinə diqqət ayırmayacaq. Nəzərə almaq lazımdır ki, geosiyasi məsələlər təkcə prezidentin müəyyənləşdirdiyi məsələlər deyil. ABŞ bir şəxsin iradəsi ilə idarə olunan dövlət deyil.

Trampın dövründə də ABŞ Cənubi Qafqazda, o cümlədən Dağlıq Qarabağ məsələsində öz maraqlarını həyata keçirməyə çalışacaq. Əgər Trampın rəhbərlik edəcəyi ABŞ-ın xarici siyasətində bütün dünya gücləri, eyni zamanda Rusiya ilə uzlaşma siyasəti yürüdüləcəksə, təbii ki, bunun Azərbaycana da, xüsusilə Dağlıq Qarabağ məsələsinə də təsiri olacaq. Dağlıq Qarabağ probleminin həlli yalnız qlobal regional münaqişələr kontekstində mümkün olacaq. Bu məsələyə Suriya və Ukrayna problemi kontekstində baxılmalıdır.

Gələcəkdə Suriya məsələsində Tramp Kremllə anlaşacaqsa, bu, uzlaşmanın Ukraynaya, ardınca isə Dağlıq Qarabağ məsələsinə də təsiri olacaq. Ona görə də məsələlərə kompleks şəkildə yanaşılmalıdır. ABŞ-la Rusiyanın anlaşması olmalıdır ki, regiondakı münaqişələr həllini tapsın. Bu olmadan nə Suriyada, nə Krımda, nə Dağlıq Qarabağda münaqişənin həllini görməyəcəyik.

Trampın erməni lobbisi ilə əlaqəsinin olmaması faktının Azərbaycanın da xeyrinə olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ