SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Nardaran işi-3”: “Bizə elə işgəncələr veriblər ki…”

“Nardaran işi-3”: “Bizə elə işgəncələr veriblər ki…”

Tarix:

13-11-2017, 22:05

/ 48 217 dəfə oxundu.
“Nardaran işi-3”: “Bizə elə işgəncələr veriblər ki…”

«Bizə «bandotdel»də elə işgəncələr veriblər ki… Oradakılar elə hərəkətlər eləyirlər ki, inanmıram, evlərinə gedəndə onlardan nə iş gördüklərini soruşan olsa, öz əməllərini danışa bilsinlər», – ilahiyyatçı Elman Ağayev noyabrın 13-də məhkəmədə son sözündə belə deyib.
«Seyid Elman» kimi tanınan ilahiyyatçı Lənkəranda yaşayıb, orada fəaliyyət göstərsə də, Nardaran hadisələrinə görə həbs olunub. 11 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, şərti olaraq, «Nardaran-3» adlandırılan qrupun tərkibində mühakimə olunur. Nardaran hadisələrinə görə, terrorçuluq, dövlət çevrilişi, kütləvi iğtişaşların təşkili kimi ağır maddələrlə suçlananların sayı ümumilikdə 43 nəfər olsa da, onlardan 17-sinin, o cümlədən ilahiyyatçı Taleh Bağırovun məhkəməsi yekunlaşıb. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun mühakiməsi davam edir. Nardaran əməliyyatında güllə yarası alaraq, iflic olan Əbülfəz Bünyadov və Elxan İsgəndərovun məhkəməsi isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

«NƏ ÜSTÜMDƏ, NƏ EVİMDƏ SİLAH OLUB»

Elman Ağayevgilin işi üzrə də məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror onlara 14 ildən 16 ilə qədər cəza istəyib. Vəkillər də çıxış edib. Təqsirləndirilən şəxslərin də əksəriyyəti son sözünü deyib.

Qalan üç nəfərdən biri E.Ağayev noyabrın 13-də çıxış edib. O, özünü qətiyyən təqsirli bilmədiyini, verilmiş ittihamların hamısının saxta olduğunu deyib. İlahiyyatçının sözlərinə görə, onlara ağır maddələrlə ittiham veriblər, amma heç bir ciddi sübut ortaya qoymayıblar:

«Ortada polislərin və onlarla əməkdaşlıq edib, hal şahidi kimi qələmə verilənlərin saxta, yalan ifadələrindən başqa heç nə yoxdur. Mənim nə üstümdə, nə də evimdə silah olub. Belə təqdim edirlər ki, guya məndə silah-sursat olması haqda hələ noyabrın 26-dan «bandotdel»ə əməliyyat məlumatı daxil olub. Məni həbs eləmək üçün evimə gələn «bandotdel»in əməliyyatçısı Elman Bayramov ifadəsində də belə deyir. Həmin Bayramova burada sual verdik ki, bəs niyə noyabrın 29-da əməliyyat-axtarış tədbiri keçirəndə əlinizdə nə məhkəmənin, nə də müstəntiqin qərarı yox idi? Dedi ki, təxirəsalınmaz tədbir olduğuna görə qərarı ala bilməyiblər. Axı o biri tərəfdən də yazırsız ki, ayın 26-dan məlumat vardı, bəs niyə üç gündə qərar alınmayıb? Çünki hamısı başdan-ayağa yalandır».

İlahiyyatçının sözlərinə görə, evində axtarış aparılmasına razılıq ərizəsinə ona polis idarəsində zorla imza atdırıblar, özü də axtarışdan sonra.

«BU, ONUN İŞİDİR»

İttihamların hər biri haqda ayrı-ayrılıqda danışan E.Ağayev bildirib ki, onun heç vaxt nə dövlət əleyhinə, milli, dini ayrıseçkilik ifadə edən çıxışları olmayıb. Dediyinə görə, ittihamda onun Youtube-dakı çıxışlarına istinad olunsa da, əslində həmin çıxışlarda iddia olunan çağırışların heç biri yoxdur.

«Əməliyyatçı Elman Bayramovun da, özlərinin adamları olan hal şahidlərinin ifadələrində də var ki, guya mənim evimdən «Hacı Taleh Bağırzadənin müraciəti» adlı kitabçalar çıxıb. İfadələrində də yazıblar ki, kitabçaları özləri görüblər. Məhkəmədə hamısından soruşduq ki, kitabçada nə yazılmışdı? Cavab verə bilmədilər. Bəs bu adamlar necə görüblər o kitabçaları? Bakıxan adlı hal şahidi özü də təsdiqlədi ki, polisin adamıdır. Burada ona deyəndə ki, 40-a yaxın işdə onun adı keçir, dedi ki, «40 nədir, minlərlə işdə polislə əməkdaşlıq edib». Bu, onun işidir», – E.Ağayev son sözündə bildirib.

Həbsinin gerçək səbəblərinə gəlincə, E.Ağayevin sözlərinə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona qeyri-rəsmi bu haqda deyiblər: «Məlum oldu ki, əsas səbəb Hacı Taleh Lənkərana gələndə onunla görüşməyim, xütbədə «Allahu Əkbər» şüarı səsləndirməyimizdir. Halbuki, bütün dini mərasimlərdə bu səslənir. Hesab edirəm ki, həbsimin səbəblərindən biri də Lənkəranda Aşura mərasimlərinin keçirilməsi ilə bağlıdır. Hakimiyyət orqanlarını qorxuya salan əsas amillərdən biri bu olub. «Bandotdel»də mənə işgəncə veriləndə, əsasən, bu haqda suallar verib deyirdilər ki, «Lənkəranda təşkilatçılıq eləyirsən, tərəfdarlar toplayırsan»».

«BUNU GÖZÜNÜZÜN ÖNÜNƏ GƏTİRİN»

Məhkəmənin ədalətli keçirilməməsindən, müdafiə tərəfinə araşdırma aparmağa imkan verilməməsindən danışan ilahiyyatçının sözlərinə görə, hakimlər də prokurora qoşulub, təqsirləndirilən şəxslərin xeyrinə ifadə verən şahidlərin sözünü kəsir, polislərin yalanını üzə çıxarmaq üçün vəkillərin verdiyi sualların qarşısını alırdı. E.Ağayev yada salıb ki, bir müddət öncə məhkəmədən jurnalistlərin çıxarıldığı insidentdən sonra onları Kürdəxanıdakı istintaq təcridxanasında üç gün «kars»a salıb işgəncə veriblər.

İlahiyyatçı prokurorun onlara istədiyi cəzaya da etiraz edib:

«İllərlə adamların başına oyunlar açan, evlər yıxan Akif Çovdarova 15 il iş istəmişdilər. Bizə də heç bir günahımız olmadığı halda, 15-16 il cəza istənilir. Ortada da yalan ifadələrdən başqa heç nə yoxdur».

E.Ağayev çıxışının sonunda hakimlərə səslənərək, bəraət hökmü çıxarılmasını istəyib:

«Siz hakim kimi and içmisiniz, tərəf olmamalı, ədalətli qərar çıxarmalısınız. Dünya elədir ki, hər şey dəyişə bilər. İndi biz oturduğumuz yerdə necə prokurorlar, nazirlər oturub. Vaxt gələr, təyinatlı hakimlər də oturar. Təsəvvür edin, Hacı Zülfüqar (onunla birlikdə mühakimə olunan ilahiyyatçı Zülfüqar Mikayılovu nəzərdə tutur-red.) sizin əyləşdiyiniz yerdə oturub, siz isə bizim indi olduğumuz yerdəsiz. Bunu gözünüzün önünə gətirin…».

Məhkəmə noyabrın 27-də qalan iki təqsirləndirilən şəxsin son sözü ilə davam edəcək.

Ardınca da hökm çıxarılacaq.

Şərhlər

XƏBƏR LENTİ