SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “MTN işi” ətrafında ilginc gəlişmə

“MTN işi” ətrafında ilginc gəlişmə

Tarix:

8-11-2017, 09:37

/ 64 631 dəfə oxundu.
“MTN işi” ətrafında ilginc gəlişmə

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Belə ki, V.Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb. Qeyd edək ki, Vüqar Mahmudov eyni zamanda Eldar Mahmudovun əmisi oğludur.

Həlqə daralır

Xatırladaq ki, Eldar Mahmudov iki ay əvvəl MTN-nin keçmiş Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesinə çağırılmışdı. Məhkəmə prosesində çıxış edən E.Quliyev ifadəsində zərərçəkmiş Maqsud Məmmədovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudovun etdiyini bildirib: “MTN-ə çağırılan şəxslərin göstərişini Eldar Mahmudovun verdiyini deyib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır”. M.Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. M. Mustafayev deyib ki, iclasda ifadə vermiş MTN əməkdaşları bildirirlər ki, onlara tapşırığı İlqar Əliyev verib: “Əgər belədirsə, niyə onlar bu qanunsuz hərəkətlərə sövq edənlər barədə nazirə, nazir müavininə xəbər vermirdirlər?”

Hakim bu vəsatətlərə növbəti iclaslarda baxılacağını bildirsə də, Eldar Mahmudov nə istinaqa cəlb edildi, nə də məhkəmədə ifadə verdi.

“MTN işi” ətrafında ilginc gəlişmə

Artıq keçmiş MTN “şefi” irəli sürülən ittihamlar üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb. E.Mahmudovun hansı tarixdə ifadə verəcəyi məlum olmasa da, ehtimal budur ki, bu günədək müxtəlif səviyyələrdə ona qarşı irəli sürülmüş ittihamlar üzrə araşdırma aparılıb. Bu baxımdan ilkin dindirilmələrdən sonra Mahmudovun saxlanılacağı da ehtimallar arasındadır. Halbuki MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan keçmiş rəisi Akif Çovdarovun məhkəmə işi bağlananda istinaqın qapılarının da Eldar Mahmudova bağlanıldığı iddiası ortaya çıxmışdı. Hesab olunurdu ki, 12 il həbs cəzası alan və quldurluq yolu ilə əldə etdiyi 33 milyon manatlıq əmlakı müsadirə edilən Akif Çovdarovla birlikdə Mahmudovun işi də bağlanacaq. Lakin onun gözlənilmədən Baş Prokurorluğa çağırılması “MTN işi” ətrafında yeni gəlişmələrin başlanacağından xəbər verir. Vaxtilə Mahmudov və komandasının əsas fiqurlarından biri olan Vüqar Mahmudovun saxlanılması da o ehtimalı gücləndirir ki, keçmiş MTN “şefi” ətrafında daralan “həlqə” onu da sıxa bilər.

1 milyardlıq əmlak istintaq masasında

Təhlükəsizlik üzrə ekspertlər Eldar Mahmudovun istintaqa cəlb edilməsi üçün kifayət qədər dəlil və şahid ittihamlarının olduğunu bildirirlər. MTN polkovniki İlqar Əliyevin həbsxanada müəmmalı intiharından sonra bütün diqqətləri özünə çəkən Eldar Mahmudov bir sıra məqamlarda Elçin Quliyev kimi yaxın adamları tərəfindən ələ verilib. İş ortağı Akif Çovdarov hökm oxunana qədər sussa da, məhkəmə proseslərində bir çox şahid dindirilmələri zamanı açıqlanan faktlar da onun əleyhinədir. Üstəgəl, keçmiş rabitə naziri Əli Abbasov və “METAK” MMC-nin rəhbəri Alik Kərimov istinaqa ifadəsi vaxtı Mahmudovun şantajla onlardan külli miqdarda maddi vəsait aldıqlarını etiraf ediblər. Elçin Quliyev də açıq şəkildə Eldar Mahmudovun tapşırığı ilə bir çox şəxsdən pul aldığını bildirib. Digər yandan, keçən il aparılan araşdırmalardan sonra Eldar Mahmudovun Azərbaycan və bir sıra Avropa ölkələrində 1 milyard dollardan çox əmlakının olması faktı üzə çıxıb. İstintaq dindirmələrində keçmiş MTN “şefi”nin bu əmlaka hansı vasitələrlə sahib olması məsələsinə aydınlıq gətiriləcəyi də istisna edilmir.

Şərhlər

XƏBƏR LENTİ