SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Generalın həbs edilən bacısı oğlunu Fədayə ilə nə bağlayır?

Generalın həbs edilən bacısı oğlunu Fədayə ilə nə bağlayır?

Tarix:

1-11-2017, 10:07

/ 59 266 dəfə oxundu.
Generalın həbs edilən bacısı oğlunu Fədayə ilə nə bağlayır?

Penitensiar Xidmətin rəis müavini, general Hüseynağa Əlixanovun qaçan avtoritetlərə görə həbs edilən bacısı oğlunun müğənni Fədayə Laçınla işbirliyi haqda iddialar səslənir.
Məlumata görə, istintaqa cəlb edilən şəxslərdən biri generalın qohumu, qarovul rəisi Ceyhun Səmədovdur.
C.Səmədovun məhkumların qaçmasına şərait yaratmaqda şübhəli şəxs kimi saxlanması, onun srağagün həbs edilən müğənni Fədayə Laçınla əlbir olduğu iddialarını gücləndirib.
F.Laçını “Qoca” ləqəbli Etibar Məmmədovu qaçırması, onunla sevgili olması üzə çıxdıqdan sonra həbs ediblər. Kriminal avtoritet isə axtarışdadır.
Hazırda istintaq altında olan ifaçıdan “Qoca”nın yerini təsbit etmək üçün sorğu-sual aparırlar. Müğənninin bu işi təkbaşına təşkil etməsi inandırıcı görünmür.
Penitensiar Xidmətin əməkdaşlarının nəzarətindən çıxıb qatardan qaçmaq ağılasığmaz hadisədir. Görünür ki, bu əməliyyatda başqa personajlar da olub.
Əks təqdirdə, PX əməkdaşlarının ciddi şəkildə naşılığı və ya əlbirliyi şübhələri meydana çıxır.
C.Səmədovun F.Laçınla hansı danışıqlara getməsi, bu əməliyyatda əlbir olub-olmadıqları istintaqın gedişində məlum olacaq.
Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.
Məlumata görə, C.Səmədovla F.Laçının mütəşəkkil işbirliyi ortalığa çıxarsa, general da onu xilas edə bilməyəcək.
Generalın bu hadisədən sonra vəzifədə qalıb-qalmayacağı sual altındadır. İşin gedişatından asılı olaraq qərar qəbul ediləcəyi deyilir.
Penitensiar Xidmətin rəis müavini bacısı oğlunu bu hadisədən qurtarmaq üçün səfərbər olunduğu da söylənir.
Mənbənin qeydlərinə görə, H.Əlixanovun məsuliyyət daşıdığı bu işin detalları araşdırılır. Onun və bacısı oğlunun məhkumların qaçışı işində hansı boşluqlara, səhvlərə yol verdikləri araşdırılır.
Generalın işindən nöqsanlar aşkarlana və vəzifəsindən azad oluna bilər. Hazırda işi incə tükdən asılı qalan ədliyyə generalının vəziyyəti olduqca ağırdır.
Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar.
Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə Fədayə Laçını iki ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Lent.az-ın əldə etdiyi məlumata görə, avtoritetlərin xüsusi tipli vaqondan qaçmasının təşkilatçısı əslində birbaşa Fədayə Laçın deyil. Bu işdə əsas iştirakçı dəstənin digər xanım üzvü Günay Atakişiyeva olub.
Bildirilir ki, G.Atakişiyeva son bir neçə ayda bir neçə dəfə “Qoca”nı həbsxanada ziyarət edib. Onunla yaxın münasibəti olduğu görüntüsü yaradıb.
F.Laçın isə bu işdə əsasən maddi dəstəkçi rolu oynayıb. O, G.Atakişiyevaya qaçış planının baş tutması üçün lazım olan maddi dəstəyi verib.
Əldə etdiyimiz məlumatda deyilir ki, planı həyata keçirmək üçün G.Atakişiyeva əvvəlcədən Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib.
Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək “Qoca”nın yanına girib.
Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı “Qoca”ya verə bilib.
Etibarə Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar.
F.Laçın isə bildirib ki, onu aldadıblar: “Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur”. Son xəbərə görə, G.Atakişiyeva da həbs edilib.

Şərhlər

XƏBƏR LENTİ