SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “MTN işi” Eldar Mahmudov üçün sürprizlə yekunlaşa bilər - Gəlişmə

“MTN işi” Eldar Mahmudov üçün sürprizlə yekunlaşa bilər - Gəlişmə

Tarix:

4-10-2017, 09:43

/ 64 275 dəfə oxundu.
“MTN işi” Eldar Mahmudov üçün sürprizlə yekunlaşa bilər - Gəlişmə

“MTN işi” ilə bağlı məhkəmələrin yekunlaşdığı bir zamanda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov öz adamları tərəfindən sıxılır. Belə ki, MTN generalı, nazirliyin Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevin məhkəməsində Eldar Mahmudovun məhkəməyə çağırılması məsələsi yenidən qaldırılıb.
Oktyabrın 2-də Bakı Hərbi Məhkəməsində həbsdə olan generalın işinə baxılarkən iş üzrə zərərçəkmiş, vaxtilə MTN əməkdaşları tərəfindən qanunsuz silah saxlama ittihamı ilə həbs olunan Mətləb Mustafayev sabiq nazirin dindirilməsi haqda vəsatət qaldırıb.
MTN əməkdaşlarının onu şərlədiyini, evində silah olmadığını deyən Mustafayev Eldar Mahmudovu məhkəmə önündə görmək istəməsini isə belə əsaslandırıb: “Cinayət işinin materiallarındakı ifadələrdə, o cümlədən İlqar Əliyevin ifadəsində var ki, digər zərərçəkmiş Maqsud Mahmudovdan alınmış 120 min nazirin göstəriş verdiyi pay üzrə bölünüb. Elçin Quliyev özü də ifadəsində deyib ki, MTN-ə çağırılan şəxslərlə bağlı göstəriş Eldar Mahmudovdan gəlib. Ona görə də Eldar Mahmudov bura gəlməli, deyilən məsələlərə aydınlıq gətirməlidir”.
Məhkəmə prosesinə sədrlik edən Elbəyi Allahverdiyev deyib ki, Eldar Mahmudovla bağlı vəsatətə növbəti iclasda baxılacaq.
Təqsirləndirilən general isə Eldar Mahmudovun daxili telefonla ona zəng edərək, Mətləb Mustafayev və bacısının evində silah olması haqda məlumat verdiyini deyib. Elçin Quliyev həmin əməliyyat məlumatının surətinin məhkəməyə təqdim olunmasını istəyib.
Hakim bu vəsatətə də növbəti məhkəmə iclasında baxılacağını deyib.
Xatırladaq ki, hələ Eldar Mahmudov vəzifədən azad edildiyi ərəfədə onun tezliklə həbs olunacağı ilə bağlı fikirlər səsləndirilirdi. Artıq onun vəzifəsindən azad edilməsindən 2 il vaxt keçib. Bu müddət ərzində “MTN işi” üzrə Bakı Hərbi Məhkəməsində 20-yə yaxın sabiq MTN-çi mühakimə olunur. Tutulanların demək olar ki, hər biri vaxtilə Eldar Mahmudovun yaxın ətrafına daxil olan, onun komandasının üzvləri olaraq MTN-də yüksək postlar tutmuş, onun təqdimatı ilə general rütbəsinə qədər yüksəlmiş şəxslərdir. Eldar Mahmudov isə onların arasında deyil. İddialar var ki, “MTN işi” üzrə məhkəmə prosesinin sonlarına doğru Eldar Mahmudovun da məhkəmə zalına çıxarılması və həbs edilməsi mümkündür. Bunun üçün isə digər sabiq MTN-çilərin istintaq işləri yekunlaşmalıdır.
“Yeni Müsavat”a mövzu ilə bağlı danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, əgər məsələ tam olaraq hüquqi müstəvidə aparılsaydı, Mahmudov çoxdan həbs edilməli idi: “Düşünmürəm ki, ”MTN işi" üzrə məhkəmə proseslərinin yekunlaşması Eldar Mahmudovun həbsini yaxınlaşdırır. Neçə ki, proses bu cür davam edir, Eldar Mahmudov həbs edilməyəcək. Əgər məsələ hüquqi müstəvidə olsaydı, Eldar Mahmudov elə başından bəri həm məhkəməyə, həm də cinayət məsuliyyətinə cəlb olunmalı idi. Sadəcə olaraq, bu proses yazılmamış qanunlarla idarə olunduğu üçün məhkəməsi gedən ən sonuncu MTN işçisi belə həbs olunarsa, yenə Eldar Mahmudov məhkəməyə çağırılmayacaq. Çünki məhkəmə qeyd etdiyim kimi, hüquqi müstəvidə həll olunmur. İndiyə qədər onu qoruyan əl yenə qoruyacaq. Burada əlavə nəsə düşünməyə ehtiyac yoxdur. Hadisələrin fərqli məcrada dəyişəcəyi isə gözlənilmir. Çünki hiss olunur ki, şərtlər əvvəlcədən bu cür olub".
Onu da qeyd edək ki, Eldar Mahmudovdan başqa onun müavinləri Əli Şəfiyev və Hilal Əsədovun aqibəti bəlli deyil. MTN-dəki məlum əməliyyatlardan sonra Hilal Əsədovun saxlanılması haqda xəbərlər dolaşsa da, sonradan bu məlumatlar təsdiqini tapmadı. Əli Şəfiyevin barəsində isə ictimaiyyətə geniş məlumat verilməyib. Bilinən odur ki, MTN ləğv olunandan sonra bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətini davam etdirib.
Ə.Şəfiyev E.Mahmudovun dövründə milli təhlükəsizlik nazirinin müavini olub. O, Eldar Mahmudovun əmisi qızının həyat yoldaşıdır. Eldar Mahmudovun nazirliyi dövründə polkovnik-leytenantdan general leytenant rütbəsinə qalxıb, müavin təyin olunub.
Ekspert İlham İsmayıl bildirib ki, Mahmudovun müavinlərinə qarşı da eyni proses davam edir. Qəti şəkildə Hilal Əsədovla bağlı fikir söyləyə bilmərəm. Ancaq ən azı bilirəm ki, Eldar Mahmudov heç bir cinayət məsuliyyətinə, məhkəməyə cəlb olunmayacaq. Səbəbi də yuxarıda qeyd etdim".

Şərhlər

XƏBƏR LENTİ