SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Vüqar Qaradağlı və Turan İbrahimov cəzalandırılsın" — YAP deputatından TƏLƏB

"Vüqar Qaradağlı və Turan İbrahimov cəzalandırılsın" — YAP deputatından TƏLƏB

Tarix:

26-09-2017, 16:06

/ 54 022 dəfə oxundu.
"Vüqar Qaradağlı və Turan İbrahimov cəzalandırılsın" — YAP deputatından TƏLƏB

“Turan İbrahimov efirdə etdiyi çıxışlarında hakimiyyətə dərs vermək istəyirdi. O, təkcə hakimiyyətə deyil, bütün sahələrdə insanlara dərs vermək istəyirdi, özünü hamıdan ağıllı göstərirdi. Bilirsiniz, kiməsə məsləhət vermək olar, istənilən sahədən danışmaq olar, ancaq “mən deyən doğrudur” demək olmaz”.

Bu fikirləri açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov ATV rəhbəri Vüqar Qaradağlının tutduğu vəzifədən azad olunması məsələsinə münasibət bildirərkən deyib.

E.Məmmədov Turan İbrahimovun aparıcılıq etdiyi verilişləri izlədiyini bildirib:

“Həmin verilişlərə mən də baxmışam. O bir neçə vaxt idi ki, efirlərdə yox idi. Ancaq son bir həftə ərzində Turan İbrahimov yenə peyda olmuşdu. Mən onun verilişdə çıxışlarına baxırdım. Kimliyindən, sənətindən, peşəsindən asılı olmayaraq, kim Azərbaycan hakimiyyətinə qarşı çağırışlar edirsə, təbii ki, həmin adamlar cəzalandırılmalıdır. Bu qanunla da qadağandır. Bu adi məsələ deyil. Əgər Turan İbrahimov da hakimiyyətə qarşı çıxışlar və çağırışlar edibsə, təbii ki, onu teleməkandan kənarlaşdıracaqlar. Həm ATV rəhbərliyi, həm də Turan İbrahimov bu hərəkətinə görə cəza almalıdır. Çünki televiziyaya təkcə biz baxmırıq. Ona istəyən də, istəməyən də baxır. Əgər Turan İbrahimov hakimiyyət əleyhinə çağırışlar edibsə, o zaman bu cür hərəkətlər kütləvi itaətsizliyə və çağırışlara gətirib çıxara bilər”.

E.Məmmədov Turan İbrahimovu yenidən efirə qaytaranları da qınayıb:

“Neçə ay idi ki, bu adamı efirdən kənarlaşdırmışdılar. Belə olan halda axı nə üçün onu yenidən efirə qaytardılar? Demək ki, burada əsas günahkarlardan biri ATV rəhbəridir. Eyni zamanda Milli Televiziya və Radio Şurasının (MTRŞ) da günahı var. Çünki onlar görürdü ki, Turan İbrahimov öz teleaparıcılığı və yersiz çıxışları ilə problem yaradır. Bəs nə üçün onu yenidən efirə buraxırdınız? Ümumiyyətlə, bu cür problem yaradan, davranışını və çıxışını bilməyən teleaparıcı təkcə Turan İbrahimov deyil. Bu gün Azərbaycan teleməkanında Turan kimi xeyli sayda teleaparıcı var. Onlar özlərini istədikləri kimi aparırlar, insanları təhqir edirlər və sairə. Bu cür teleaparıcılara qarşı da addımlar atılmalıdır”.

Xatırladaq ki, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalındadır. TV-də xüsusi iclas keçirilir. Kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, “qaldıqları yerdən davam etmələri” məsələni daha da kəskinləşdirib.

Məlum olub ki, T. İbrahimovun MTRŞ-yə, konkret olaraq hökumətin TV siyasətinə qarşı meydan oxuması bütövlükdə ATV rəhbərliyinin başını bəlaya salıb. Bu şou-biznes uşağının başından böyük mövzulara müraciət edərək iqtidara az qala dərs keçməsi bağışlanmaz həddə çatıb. Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki, ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə tənqid etməsi qəti yol verilməzdir.

“Ölkə.Az”

Şərhlər

XƏBƏR LENTİ