SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Eldar Mahmudov haqda sensasiya: Şantajçı qadın və daha iki “reket” tutulub

Eldar Mahmudov haqda sensasiya: Şantajçı qadın və daha iki “reket” tutulub

Tarix:

6-02-2017, 00:20

/ 1 945 dəfə oxundu.
Eldar Mahmudov haqda sensasiya: Şantajçı qadın və daha iki “reket” tutulub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun himayə etdiyi “reket jurnalistlər” işi barədə yeni sensasion məlumatlar əldə etmişik

Bu haqda daxil olan məlumata görə, E.Mahmudov dəstəsinin himayə etdiyi “mətbu qruplaşmada” şantajçı bir qadın müəyyən edilib və istintaqa cəlb olunub.

Əldə etdiyimiz xəbərə görə, hazırda onun istintaqla əməkdaşlıq etdiyi, bu qadın özü vasitəsi ilə tora salınmış şəxslər barəsində müfəssəl bilgilər verdiyi deyilir.

Onun dindirilməsi nəticəsində daha iki şəxs - “reket mətbuat” nümayəndəsi məsuliyyətə cəlb olunub. Hazırda istintaq davam etdirilir. Mahmudovun “şantajçı qadın” əməkdaşı isə istintaqla əməkdaşlıq etdiyi üçün zaminə buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin qadından istifadə etməklə otel-restoran sahibləri şantaj olunublar. Guya onların iaşə müəssisələrində əxlaqsızlıq yuvası saxlamaları təsbit edilib.

Daxil olan məlumata görə, həmin qadın restoranlardan birinə gedib, orada əxlaqsızlıq hərəkətləri etmək səhnəsi qurub və bu zaman Mahmudovun “mətbu bandası” obyektə basqın edib, “əməliyyat” zamanı onların şəkillərini çəkib, mətbuata yaymaqla təhdid edib.

Bu cür “əməliyyat”lar bir neçə restoranda həyata keçirilib. Hazırda Mahmudovun “reket jurnalistləri” işi üzrə zərər çəkmiş şəxslərin əksəriyyəti otel-restoran sahibləridir. İş üzrə 30-dan çox epizod var.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son günlər reket nəşrlər və sayt rəhbərlərinin həbsinə başlaması ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Eldar Mahmudovun işdən qovulmasından 1 il sonraya təsadüf edən bu həbslər ləğv olunmuş MTN şəbəkəsinin mediada “kökünün” qazınması hesab olunur.

“Bizim dövr” qəzetinin (həm də eyniadlı saytın) rəhbəri Surxay Əliyev, “Gündəlik Bakı” qəzetinin (həm də eyni adlı saytın) baş redaktoru Habil Vəliyev xüsusi əməliyyat zamanı saxlanılıb.

DTX-nin yaydığı rəsmi məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparmaqla şantajda, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb etməkdə, eləcə də müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan “haqq” almaqda suçlanırlar. Məhkəmə artıq hər iki şəxs barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Məlumatlara görə, bu şəxslərə əməllərinə dəstək vermiş ayrı-ayrı adamlar, o cümlədən şantajçı qadınlar da saxlanılıb. “MTN çetesi”nin ifşasından sonra bu quruma bağlı olan medianın da adı mətbuatda tez-tez hallanırdı.

Onların fəaliyyətini hələ də davam etdirməsi bəzi suallar da yaratmışdı. İddia olunurdu ki, bu şəbəkə indi də başqa bir dövlət orqanının və ya ayrı-ayrı məmurların himayəsində fəaliyyət göstərə bilər.

Şərhlər

XƏBƏR LENTİ