SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Rəsul Quliyev: “Azərbaycan buna məcbur edildi”

Rəsul Quliyev: “Azərbaycan buna məcbur edildi”

Tarix:

18-09-2017, 11:08

/ 38 103 dəfə oxundu.
Rəsul Quliyev: “Azərbaycan buna məcbur edildi”

Məlum olduğu kimi, sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” – “Çıraq” – “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb

Bu Saziş imzalanmamışdan bir neçə gün əvvəlsə, Qərb mətbuatında Azərbaycan hakimiyyətinin əleyhinə indiyədək görünməmiş miqyasda kəskin yazıların dərcinə başlanmışdı və bu media hücumlarının arxasında da məhz xarici neft şirkətlərinin hazırlanan müqavilə şərtlərini öz lehinə dəyişmək cəhdlərinin durduğu iddia edilirdi…

Bəs, bu yeni Sazişin imzalanması hansı zərurətdən yaranmışdı?

21 ildir ABŞ-da yaşayan Azərbaycan müxalifətinin lideri, neft-qaz sahəsi üzrə ən yaxşı mütəxəssislərdən biri sayılan eks-spiker Rəsul Quliyev yeni Sazişin hansı səbəblərdən imzalandığı və kontraktın daha çox kimə gərəkli olduğu haqda Ovqat.com saytının baş redaktoru Heydər Oğuza maraqlı müsahibə verib.

Həmin müsahibəni oxucularına təqdim edirik:

– Rəsul müəllim, bildiyimiz kimi, Azəri-Çıraq-Günəşli (AÇG) yatağının istismarı üzrə birinci neft müqaviləsinin öz qüvvəsini dayandırmasına hələ 7 il vardı. Müqavilə şərtləri də tamamilə Azərbaycanın xeyrinə idi. Belə bir vəziyyətdə ikinci neft kontraktı bağlandı. Sizcə, bu, hansı zərurətdən doğurdu?

– 1994-cü ildə gedən qatara 23 ildən sonra minmək olmaz. Kontraktı əvvəlki şərtlərlə davam etdirməmək, 32 illiyinə fərqli şərtlərlə yeni kontrakt imzalamaq (baxmayaraq ki, əvvəlki şərtlər də Azərbaycanın xeyrinə deyildi), böyük ehtimalla, əsas oyunçu olan BP-nin israrı nəticəsində baş verib. Sözün kəsəsi, yeni kontrakt həm Azərbaycanın, həm də SOCAR-ın ziyanına, BP və xarici firmaların xeyrinədir.

– Yeni müqavilənin şərtləri tam açıqlanmayıb. Amma bütün hallarda xarici şirkətlər ikinci kontrakt çərçivəsində qoyduqları kapitalı çıxartmayınca, neft gəlirlərini də özünə götürəcək. Beləçıxır ki, indiki iqtisadi böhran zamanında neftə bəslədiyimiz ümid də puç olacaq. Bu, Azərbaycanın xarici şirkətlər tərəfindən çöküşünün sürətləndirilməsi demək deyilmi? Rəsmi Bakı buna niyə getdi?

– Əslində xarici şirkətlərin qiymətlər yuxarı olanda maksimum neft çıxardıb və maksimum gəlir götürməsi strategiyasının, azı, 70 yaşı var. Belə vəhşicəsinə istismarın qarşısını, adətən, neft hasilatçısı ölkələrin hökümətləri alır. Bizdə isə hər şey tərsinə baş verdi. Qiymətlər maksimum həddə çatanda neft çıxaran şirkətlər hasilatı da artırdılar və hakimiyyət şəxsi maraqları naminə bu siyasətə göz yumdu. Müqaviləyə əsasən, 2005-2012-ci illər arasında neftin istehsalı ildə 25 milyon ton olmalıydı, amma hasilat 35 milyon tona çatdırıldı. Çünki o zaman dünya bazarında neftin qiymətləri bahalaşırdı. 2005-ci ildə bareli 60 dollarla olan neftin qiyməti arta-arta, artıq 2012-ci ildə 128 dollara yüksəlmişdi. 10 il müddətində neftin bir barelinin qiyməti orta hesabla 110 dollar səviyyəsində oldu.

Qiymətlərin bu qədər yüksək olması xarici şirkətləri hasilatı artırmağa təşviq edirdi. Bizim hökumət isə çayın hər zaman qırmızı alma gətirəcəyini düşünüb ölkə iqtisadiyyatının misilsiz inkişafı barədə nağıllar uydururdu. Bu şirin xəyallar 2014-ci ildən sonra tam iflasa uğradı. Artıq o dövrdən başlayaraq, neftin qiymətləri aşağı düşdü. Azərbaycandakı quyuların müqavilədə nəzərdə tutulandan az neft hasil etməsi də məhz bu dövrdən sonra başladı.

Qiymətlərin baha olduğu dövrlərdə quyuların amansız istismarı hasilatı 2015-ci ildə tənəzzülə aparırdı və istehsal gündə 100 min barel aşağı düşdü. Paralel olaraq, qiymətlərin 2 dəfə aşağı düşməsi nəinki neft kompaniyalarını, həmçinin, Azərbaycan hökümətini də iflasa sürüklədi. Artıq BP-nin Xəzər neftinin istismarında heç bir marağı qalmamışdı.

Hazırda neft hasilatını stabilləşdirmək üçün ildə, təxminən, 2 milyarda yaxın vəsaitin qoyulması tələb olunur və BP-nin isə belə bir marağı yoxdur. Bu gedişlə neft hasilatı ildə, ən azı, 3 milyon ton azala bilərdi. Bu da öz növbəsində Azərbaycan hökümətinin büdcə kəsiri üçün ən təhlükəli səbəb olardı. Hesab edirəm ki, hökümət BP-ni onun öz şərtlərilə müvəqqəti dilə tuta bilib…

– Rəsul müəllim, yeri gəlmişkən, bir məsələni xatırlatmaq istərdim. Yadınızdadırsa, bir neçə il əvvəl ölkə başçısı BP-nin öz öhdəliyini yerinə yetirmədiyindən gileylənmişdi. Onun fikrincə, bağlanan neft müqaviləsində hasilatın ilk dövr üçün qazancın böyük hissəsi xarici şirkətlərin payına düşürdü. Buna görə də xarici şirkətlər daha çox neft hasil edirdilər. Müqavilənin şərtləri Azərbaycanın xeyrinə dəyişdikcə, hasilat da azaldı…

– Bəli, səhv etmirəmsə, Prezident bu gileyini 2012-ci ilin axırlarında ilin yekunlarına dair Nazirlər Kabinetində keçirdiyi iclasda dilə gətirdi. O, həmin nitqində ‘’2008-ci ildə neft gəlirlərinin Azərbaycanın xeyrinə dəyişildiyi vaxtdan etibarən BP öz hasilatını azaldıb’’ dedi. Bunun nə demək olduğunu nə BP-dəkilərin, nə də mənim anlamaq şansım var. Çünki Azərbaycanın xeyrinə heç bir şey dəyişilə bilməz. Kontraktın şərtlərinə görə, BP öz gəlirini götürəcəkdi və Azərbaycanın payının artması mümkün deyildi.

Sadəcə olaraq, neft çox çıxarılanda kontrakt iştirakçılarının hamısının nəzərdə tutulan faizlərinə uyğun gəlirləri də artırdı. BP-nin strategiyasına görə, Azərbaycanda neftin hasilatını artırmaq üçün əlavə xərclərin çəkilməsi düzgün deyil.

2012-ci ildə ildən hasilat düşməyə başladı. Yəni Prezidentin bütün iradlarına baxmayaraq, BP öz istehsalını artırmadı. Çünki quyularda müqavilədə nəzərdə tutulan miqdarda neft qalmamışdı. Müqavilə şərtləri şirkətlərin xeyrinə olan zamanlarda quyuların amansız istismarı bu acınacaqlı durumun yaranmasına gətirib çıxartmışdı.

2014-cü ildən sonra isə neftin dünya bazarında qiymətləri düşməyə başladı və artıq 2015-ci ildə BP-nin Xəzərdə neft istehsal etmək marağı tamamilə azaldı. Bu dövrdən başlayaraq, bütün işini gələcək strategiyası üzərində quran BP dünyada enerji resurslarına dəyişilmiş münasibətlərin fonunda tənəzzülə gedən Xəzər neft sektoruna böyük kapital yatırmaqdan yaxasını qurtarmaq istəyir. BP (ABƏŞ-dəki o biri kompaniyaların ya özləri, ya da payları kiçikdir) bu gün investisiyanı şelf qazı istehsalı, günəş və külək enerjisindən istifadə texnologiyasına yönəltməsə, 10-15 ildən sonra onun öz qapısını iflas təhlükəsi döyəcək. Yəqin ki, məhz bu səbəbdən BP-nin israrı ilə ilk kontraktın şərtləri dəyişdirilərək, Azərbaycanın ziyanına qəbul olundu. Başqa sözlə, Azərbaycan buna məcbur edildi.

– Amma BP və ABƏŞ-nin digər payçılarıyla bağlanmış müqavilələr var. Şirkətlər, o cümlədən BP də bu müqavilənin şərtlərinə əməl etməlidir. Lazım gəlsə, hətta quyuların istismarını yaxşılaşdırmaq üçün ora yenidən kapital yatırmalıdırlar. BP öz öhdəlik borcundan boyun qaçırarkən nəyi bəhanə edir?

– Bu gün Azərbaycanda çıxarılan neftin bir barelinin maya dəyəri 15 dollara yaxınlaşır. Neft hasilatını stabil saxlamaq üçün quyuların istismarına əlavə vəsait qoyulmalıdır. Vəsaitin qoyulması maya dəyərinin artması və mənfəətin azalması deməkdir. Belə bir perspektiv BP-nin çıxarlarına uyğun gəlmir. Üstəlik, neft hasilatını stabil saxlayacağı barədə BP heç bir öhdəlik götürməyib. Belə bir öhdəliyi tarix boyu heç bir kompaniya götürməyib və götürə bilməz. Çünki, yerin təkindən 100 faiz düzgün proqnoz vermək, hələ ki, mümkün olmayıb.

– BP-ni başa düşdük. Azərbaycan niyə 7 il gözləyib, ilk müqavilə müddəti tamamlanandan sonra tələb olunan vəsaiti öz gücünə və ya başqa şirkətlərdən təmin edərək, daha səmərəli kontrakt bağlamağa həvəsli deyil?

– Bunun iki səbəbi var. Əvvəla, bayaq dediyim kimi, Azərbaycan buna məcbur edilib. İkinci daha vacib amil; Azərbaycan nefti artıq öz əhəmiyyətini itirib. Həm yataqlarda investisiya qoymağa dəyəcək qədər neft yoxdur, həm də neftin indiki qiyməti xarici şirkətlər üçün səmərəli deyil. Heç bir şirkət Xəzər neftinə investisiya qoymaz.

Həmin yataqlardan neft hasilatını indiki səviyyədə saxlamaq BP-yə yox, Azərbaycana lazımdır. Yəni neft istehsalının, məsələn, gündə 300 min barelə düşməsi BP üçün heç nədir, Azərbaycan üçünsə ölüm deməkdir. Bayaq dediyim kimi, Azərbaycan, sadəcə, bu müqaviləni yeniləməyə məcbur oldu.

– Amma ikinci neft kontraktı zərurətini başqa amillərlə izah edənlər də var. Məsələn, bu müəmmanı Azərbaycanın 3.6 milyard dollarlıq bonus almaq fürsəti qazanması fürsətilə əlaqələndirirlər. Doğrudanmı, ölkənin indiki vəziyyəti potensialımızı dəyər-dəyməzə satmaq məcburiyyətində qalmaq həddindədir?

– 3.6 milyardlıq bonus uşaq başı aldatmaqdan başqa bir şey deyil. Bu bonusun yeganə bir missiyası var: hökumət neft siyasətindən anlamayan kütlə qarşısında özünün necə ‘’qəhrəman’’ olduğunu desin.

Əslində isə nədir 3.6 millyard bonus? Bu bonus 8 il müddətində, başqa sözlə, ildə 450 milyon dollar səviyyəsində veriləcək. Həmin 450 milyonun da ən azı 20 faizi oğurlanacaq, yerdə 310 milyon qalacaq. Bu məbləğ indiki büdcə kəsirinin qarşısında heç saman çöpü belə deyil.

– Bayaq Azərbaycanın, belə deyək, neft kitabının bağlandığını, indiki vəziyyətdə heç bir şirkətin Xəzər neftinə investisiya qoymaq istəməyəcəyini dediniz. Bəs, BP niyə bu rentabelsiz layihəni uzatdı?

– Kontraktda hesabat 32 il müddətində neftin qiymətinin bir barelinin 55 dollar qəbul edilərək aparılıb. Bu kontrakt öz payını Azərbaycan Neft Şirkətinə tədricən ötürmək üçün BP-yə bir neçə illiyinə lazım olacaq. Kontraktda neft istehsalını 550 min barel səviyyəsində saxlamaq üçün 32 il ərzində 50 milyard dollar pul xərclənəcəyi qeyd olunur. Başqa sözlə, ildə 1.5 milyard dollar. Payı 11 faizdən 25 faizə çatdırılmış Azərbaycan Neft Şirkəti də payına düşən ildə 390 milyon investisiyanı qoymağa məcburdur. Bu puldan cəmi 60 milyon çox olan bonusu Azərbaycan höküməti götürəcək. SOCAR-ın isə verməyə pulu olmayacaq (bu gün belə, həmin şirkətin finans vəziyyəti ağırdır) və yenidən payını satmağa cəhd edəcək. Heç kim isə o payı alan deyil. Əksinə, BP bir neçə ilə Azərbaycandakı payının 15 faizini də satmaq istədiyini deyəcək. Beləcə, bu yeni kontraktın ömrü 32 il yox, heç 10 il də çəkməyəcək. Açığını desəm, kontrakt BP tərəfindən beynəlxalq öhdəliklərdən təmiz çıxmaq üçün bağlanıb.

– Rəsul müəllim, gəlin, bir də məsələyə optimist nöqteyi-nəzərdən yanaşaq. Yeni müqavilədən Azərbaycan, ən yaxşı ehtimalla, nə qədər qazana bilər?

– Azərbaycanda bir barel neftin maya dəyəri 12-15 dollardır. Yəni gündə cıxarılacaq 550 min barel neftdən (bir barel orta hesabla 50 dollar olsa) gələn ümumi gəlir ildə 7 milyard (bu rəqəm 3 il bundan öncə 25 milyard səviyyəsində idi) həcmində ola bilər. Deməli, Azərbaycan hökümətinə çatan pul bir ildə 3.5 milyard dollardan artıq olmayacaq. İllik büdcə kəsiri isə, demək olar ki, (büdcə 2017-ci ildə 2 dəfə aşağı salınandan sonra belə) azı 5 milyard dollara çatacaq. Bir sözlə, Azərbaycanın yeni neft kontraktına böyük ümidlər bəsləməsi yersizdir. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı barədə düşünsə, zənnimcə, daha doğru addım atmış olar. Bunun üçün isə ilk növbədə demokratik, hüquqi və iqtisadi islahatlar aparılmalıdır. İslahatları bu gün başlasa, 5 ildən sonra nəticəsini gözləyə bilərlər. Ancaq Azərbaycanda belə bir dərrakə ilə islahat gözləmirəm.

– Məni bir məsələ də çox maraqlandırır. Azərbaycanın Neft Fondu 35 milyard dolları olduğu açıqlandı. Azərbaycan özünün təcili ehtiyaclarını həmin fond vasitəsilə təmin edə bilərdi. Niyə Neft Fondundakı vəsaitlərə toxunmadan başqasından borc almağa üstünlük veririk?

– Azərbaycanın Neft Fondunun necə elan edilməsinə baxmayaraq, 20-22 milyard dollardan artıq pul qalmaz. Əslində bu fond gələcək nəsillərin payıdır, ona əl vurmaq olmaz. Ancaq son iki ildə oradan artıq 12 milyard dollar götürülüb. Yaxın 5 ildə Azərbaycanda heç bir islahatlar aparılmasa, həmin Neft Fondunun əriməsi uzun çəkməz. Hökümət o pulu qara gününə görə hələ az xərcləyir. Aradan çıxmaq vaxtı gələndə isə zaman qazanmaq üçün daha çox israfçılığa gedəcəklər.

-Sizə verəcəyim son sualın bəlkə də bu mövzuya çox dəxli yoxdur. Amma Azərbaycanın gələcək intellektual bazasının düzgün hazırlanması üçün çox mühüm sualdır. Bilirsiniz ki, Azərbaycan neft dövründə milli kadrlarını yetişdirmək üçün Bakı Ali Neft Məktəbi adlanan təhsil ocağı yaratdı. Hazırda qəbul imtahanlarında ən yüksək nəticə göstərən uşaqlar həmin məktəbə cəlb olunurlar. Neft erası isə artıq bitmək üzrədir. Sizə elə gəlmir ki, bu siyasət potensial intellektual bazamızın yanlış istiqamətə, ən istedadlı gənclərimizin gələcəkdə mənasını itirəcək iş sahəsinə yönləndirilməsi deməkdir?

– İntellektual inkişafın əsas şərti ölkədə insanların azad və sərbəst olmalarıdır. Həyatda özünə layiq yer tutmaqları ancaq və ancaq özlərinin şəxsi qabiliyyət və istedadlarından asılı olmalıdır. Total rüşvətin, çinovnik harınlığının, prokurorlardan asılı məhkəmə sisteminin olduğu ölkədə heç vaxt intellektual potensial yarana bilməz. İntellektual potensial insanların özlərini reallaşdırdığı cəmiyyətlərdə baş verə belər, əgər belə bir proses getmirsə, indiki rejimin axırı xaosla dağılmaqla qurtaracaq.

Şərhlər

XƏBƏR LENTİ