SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Deputatdan Mehman Əliyevə dəstək: “İctimaiyyəti məlumatlandırmaq lazımdır”

Deputatdan Mehman Əliyevə dəstək: “İctimaiyyəti məlumatlandırmaq lazımdır”

Tarix:

26-08-2017, 12:21

/ 90 014 dəfə oxundu.
Deputatdan Mehman Əliyevə dəstək: “İctimaiyyəti məlumatlandırmaq lazımdır”

“Prezidentin imzaladığı dekriminallaşdırma haqqında fərmanını nəzərə alaraq, Mehman Əliyev barəsində həbs qətimkan tədbirini digərləri ilə əvəz etmək olardı”.

Bunu modern.az saytına açıqlamasında deputat Asim Mollazadə “Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsinə münasibət bildirərkən deyib.

A. Mollazadə qeyd edib ki, Mehman Əliyev jurnalist olduğuna görə, onun barəsində aparılan araşdırmaları da çox diqqətlə və ictimaiyyəti məlumatlandıraraq həyata keçirmək lazımdır.

“Amma bu proses belə həyata keçirilmir. Mehman Əliyevin həbs olunması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Ona görə də bu hadisə ilə bağlı diqqətli olmaq lazımdır. Mehman Əliyevə qarşı həbs qətimkan tədbiri deyil, prezidentin imzaladığı yeni fərmanını nəzərə alaraq digər formalardan istifadə oluna bilərdi”.

Vergilər Nazirliyinin məlumatına görə, istintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” Qanunun tələblərini pozub.

2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılmış, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ