SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Naxçıvanın daxili işlər naziri kim olacaq? - İDDİA

Naxçıvanın daxili işlər naziri kim olacaq? - İDDİA

Tarix:

16-08-2017, 09:25

/ 59 283 dəfə oxundu.
Naxçıvanın daxili işlər naziri kim olacaq? - İDDİA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 iyul tarixli sərəncamı ilə vəzifəsindən azad olunan MR Daxili İşlər naziri Əhməd Əhmədovu bu postda kimin əvəz edəcəyi maraqla gözlənilir.
Mötəbər mənbələrdən daxil olan məlumata görə, Naxçıvanın yeni polis nazirinin kim olacağı artıq məlumdur və bu həftə bununla bağlı Ali Məclis sədrinin sərəncamı olacaq. Əgər hansısa səbəbdən qərar dəyişməzsə, çox böyük ehtimalla, Naxçıvan MR-in hazırki prokuroru Səbuhi Şahverdiyev vəzifəsindən azad olunaraq Daxili İşlər naziri təyin olunacaq. S.Şahverdiyev DİN sisteminə yad adam deyil və prokurorluq orqanlarından əvvəl məhz polisdə işləyib. “Ali Məclis sədri onun namizədliyi üzərində dayanıb. Bu həftə qərarın rəsmiləşəcəyi gözlənilir” – mənbə bildirib.
Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib, 2001-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunub.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Ailəlidir, iki övladı var.
S.Şahverdiyevinin qayınatası əvvəllər Naxçıvan Daxili İşlər nazirinin müavini vəzifəsində işləyib. Bəzi məlumatlara görə, onun sürətli karyera yüksəlişində məhz qayınatasının ciddi rolu olub. Bununla belə, MR rəhbərliyinin S.Şahverdiyevə ciddi etimadının olduğu da bildirilir. Onun, gözlənilmədən DİN rəhbəri postuna əsas namizədə çevrilməsi də elə bu etimaddan xəbər verir.
Xatırlatmaq yerinə düşər ki, Ə.Əhmədov vəzifəsindən azad olunduqdan sonra nazir postuna əsas namizədlər kimi iki nəfərin – hazırda nazir səlahiyyətlərini icra edən Səbuhi Novruzovun və MR DTX-sında yüksək post tutan bir şəxsin adları keçirdi.

“AzPolitika.info”

Şərhlər

XƏBƏR LENTİ