SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cəbhə xəttindəki son təxribatlarda “rus izi” - erməni yenə maşa rolunda

Cəbhə xəttindəki son təxribatlarda “rus izi” - erməni yenə maşa rolunda

Tarix:

10-08-2017, 09:27

/ 140 380 dəfə oxundu.
Cəbhə xəttindəki son təxribatlarda “rus izi” - erməni yenə maşa rolunda

Cəbhə xəttində və Ermənistan-Azərbaycan sərhədi boyu düşmən təxribatları yenidən artıb. Məhz bu təxribatların nəticəsində srağagün Tovuzun həmsərhəd kəndində 13 yaşlı uşaq yaralanıb. Dünən isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, işğalçı qüvvələr növbəti diversiyaya əl atıb, lakin geri oturdulub və bu zaman bir düşmən hərbçisi məhv edilib. Biz tərəfdən itki yoxdur, əməliyyat şəraitinə tam nəzarət edilir.

Ancaq istənilən halda erməni silahlı qüvvələrinin bu arada fəallaşması diqqət çəkməyə bilmir. Belə bir fəallaşmanın xüsusən də qonşu Gürcüstan ərazisində NATO təlimlərinin davam etdiyi (avqustun 12-də bitəcək) və Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinə səfər günlərinə təsadüf eləməsi ikiqat diqqət çəkir, maraq və suallar doğurur.

Yəni baş verənlərdə bir “rus izi” axtarmağın da bir yeri var. Demək, Azərbaycan daha diqqətli olmalıdır. Siyasi şərhçilər də bu məqamı ciddiyə almağın tərəfdarıdırlar.

***

“Ermənilərin son təxribatlarına adekvat cavab vermək sərhəd bölgələrdə daha irimiqyaslı toqquşmalara səbəb ola bilər”. Bu fikri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın mülki əhali ilə mübarizə apardığını bildirməli, buna diqqət yönəltməlıidir.

“Torpaqlarımızın işğalı ilə bağlı dünya ictimaiyyətində düzgün təsəvvürlər oyada bilmək üçün daha çox iş görməliyik. Doğrudur, bəzən dünya ictimai rəyi də birtərəfli düşünür və hadisələri birbaşa erməni mənbələrindən alır. Biz bunu təbliğat predmetinə çevirməyi bacarmalı, bu faktdan Ermənistanın qəsbkar və işğalçı siyasətini faş etmək üçün yararlanmalıyıq. Füzuli rayonunun Alxanlı kəndində erməni ordusunun dinc sakinləri hədəf alması nəticəsində azyaşlı Zəhra və nənəsinin qətlə yetirilməsi dünya ictimaiyyətində böyük rezonans doğurdu. Eyni hadisə ötən gün (srağagün-red.)Tovuzun Qaralar kəndində də təkrarlandı və 13 yaşlı Ramin Yusifov ağır yaralandı. Bu hadisəyə səssiz qalmamalı və həyəcan siqnalı çalmalıyıq. Ermənistan artıq öz təxribatlarını sərhəd rayonlarına yönəldib”, - deyə politoloq deyib.

Onun qənaətincə, İrəvan əsas bir məqsəd güdür: “O da Azərbaycan Ordusunu təxribatlara cəlb etmək və bununla da ”Putin NATO-su" adlandırılan KTMT-ni Azərbaycan-Ermənistan münaqişəsinə cəlb etməkdir. Biz bunu nəzərə alaraq, məsələnin təbliğat tərəflərini ön plana çəkməliyik. Çünki bu məsələnin təkcə Ermənistan tərəfindən hazırlandığını düşünmək sadəlövhlük olardı. Bunun arxasında daha irəliyə gedən məqsədlər güdən beynəlxalq güclərin dayandığını mütləq nəzərə almaq lazımdır".

Sabiq dövlət müşavirinə görə, bəzi qüvvələr Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək bölgəni müharibə meydanına çevirmək istəyir: “Cənubi Qafqazda NATO-nun təsirinin yayılması bu dairələrə öz güclərini göstərməyə imkan vermir. Biz onlara cavab verməklə bölgəni müharibə ocağına çevirə bilərik. Bu, əslində hüquqi vəziyyət yaratmasa da, formal olaraq Rusiyanın müdaxiləsiylə nəticələnə bilər. Bu hadisə Rusiya və Ermənistanın öz ordularını birləşdirilməsindən qısa zaman sonra baş verdi. Bütün bunlar onu göstərir ki, Rusiyanın erməni ordusu ilə təlimlər keçirməsi məkrli bir plana hazırlıqdır. Erməni təxribatlarına hərbi addımlarla cavab verə bilərik. Azərbaycan hazırda çox həssas bir dövr yaşayır. Yeni sanksiyalarla üzləşən Rusiya belə bir zamanda yenə də vəziyyəti dəyişmək istəyir. Azərbaycan səbrli davranıb, Rusiyanın əlinə fürsət verməməli, bölgədə sabitlik naminə yeni addımlar atmalı, monitorinq qrupunun bölgəyə dəvət olunmasını təmin etməli və Ermənistanın bölgədəki vəziyyəti hansısa dairələrin tapşırığı ilə sabotaj etməsinin qarşısını almalıdır”.

***

KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) söz düşmüşkən, yada salaq ki, bu qurumun hazırkı icraçı baş katibi erməni general Yuri Xaçaturovdur. İstisna deyil ki, erməni tərəfini həm də bu fakt müəyyən mənada ruhlandırır, İrəvan bunu özünə fürsət bilir. Söhbət hansısa hərbi insidentin baş verəcəyi və Azərbaycanın növbəti uğur qazanacağı təqdirdə Bakının hərəkətini KTMT rəhbərliyi səviyyəsində pisləməkdən və bununla da Ermənistana siyasi divident qazandırmaqdan, Qarabağ məsələsində onun mövqeyini gücləndirmək məramından gedir.

Hərçənd, aydındır ki, Rusiyadan başqa heç bir KTMT üzvü, xüsusən də Qazaxıstan və Belarus Ermənistanın tərəfini tutmayacaq. Rusiyaya gəlincə isə, Moskva həqiqətən son vaxtlar NATO-nun, ABŞ-ın bölgədə hərbi cəhətcə öz təsirini artırmasından narahatdır. Putinin Abxaziyaya son qanunsuz səfərinin əsas motivi də burda axtarılsa, doğru olar.

Bu səfərin ardınca Kremlin bölgədə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi zonasında erməninin əli ilə təxribat törədib, sonra da özünün güc nümayişi üçün fürsət qazanmaq istəyini qulaqardı eləmək olmaz. Hərgah, bu yerdə bir daha qeyd eləmək zərurəti var ki, Moskvanın da qatıla biləcəyi yeni və genişmiqyaslı Qarabağ müharibəsi Kremlin marağında ola bilməz. Ona görə ki, o halda Rusiya Azərbaycan və Türkiyəni həmişəlik itirə bilər.

Getdikcə Qərbin, ilk növbədə isə ABŞ-ın ağır sanksiyaları ilə üzləşən şimal qonşumuza belə perspektiv əsla sərfəli deyil. Rusiya bu dar macalda satellit Ermənistana görə düşmənlərinin sayını artırmaq istəməz - o ki ola Azərbaycan və Türkiyə kimi regionun mühüm, açar ölkələrinin hesabına artıra.

O üzdən Dağlıq Qarabağ konflikti ətrafında da gerçəkdən, olduqca həssas bir durumun yarandığını söyləmək olar. Belə bir situasiyada nə işğalçı Ermənistanın, nə də onun əsas müttəfiqi olan Rusiyanın əlinə işləyən, yaxud ikisinin ortaq maraqlarına uyğun gələn hər hansı kiçicik fürsət belə vermək olmaz. Müharibə variantı yalnız Azərbaycan üçün ən əlverişli regional şərtlər formalaşdıqda, o sırada Rusiya amilinin neytrallığına əmin olduqda son çarə kimi işə salına bilər.

Şərhlər

XƏBƏR LENTİ