SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Dünya üçün şah maşını - Azərbaycanda isə...

Dünya üçün şah maşını - Azərbaycanda isə...

Tarix:

7-08-2017, 09:57

/ 57 025 dəfə oxundu.
Dünya üçün şah maşını - Azərbaycanda isə...

"Gelandewagen" sözü alman dilindən hərfi tərcümədə "yolsuzluq üçün avtomobil" mənasını verir.

Hesab edilir ki, Mersedes Benz şirkətinin G-klass seriyasına aid olan bu model NATO hərbçiləri üçün özəl olaraq dizayn edilib. Lakin tarixi faktlar bunun tam əksini deyir. Çünki şirkət bu maşının istehsalına 1979-cu ildən start verib. Modelin hərbi variantları isə yalnız 1981-ci ildən istehsal olunmağa başlanıb.

Avtomobilə olan tələbat əslində çox sadə olubmuş - hərbi birləşmələrdə istifadə etmək.

Modelin ilk istehsalçısı olan Daimler-Benz şirkəti bu modelləri Almaniyada təşkil edilən parad və hərbi müsabiqə üçün hazırlayırmış. Şirkət G-klass modelini müsabiqəyə çıxarmağı bacarır, lakin burada uğursuzluqla qarşılaşır. Çünki bu model digər iştirakçılara nisbətən olduqca bahalı idi və heç kim onu almağa cəsarət etmirdi.

Ancaq avtomobilin bəxti gətirir. Çünki o, konstruktiv potensial baxımından nəinki hərbi, həm də mülki istifadəyə olduqca yararlı idi.

Bəs bu qeyri-adi, bir o qədər də cazibədar avtomobilin dizaynı kimin ağlına gəlib?

Təəssüf ki, avtomobilin ilk seriyası üzərində işləyən və bu modeli sifariş verən insanlardan heç biri həyatda deyil. Modelin ilkin variantları isə bu günə qədər gəlib çata bilməyib. Buna görə də bu suala yalnız tarixi faktlar əsasında qismən cavab tapmaq mümkündür.

Daimler-Benz şirkətinin istehsal etdiyi ilk yolsuzluq avtomobilləri artıq 1971-ci ilə qədər bazarlardan yığışdırılmışdı və ondan heç kim istifadə etmirdi. Şirkət isə maşın istehsalını davam etdirmək niyyətində idi. Lakin həmin dövrdə İranda İslam inqilabının baş qaldırması, şah Rza Pəhləvinin ölkəsindən ABŞ-a qaçması şirkətin bütün planlarını yaxşı mənada alt-üst etdi.

Çünki ölümcül xəstəliyə tutulan şah şəxsi qvardiyası üçün 20 000 orijinal xizəkli-tırtıllı hərbi maşın sifariş etmək niyyətinin olduğunu bildirmişdi. Daimler-Benz və onun ortağı olan Steyr-Puş şirkətlərinin bu sifarişi almaq üçün 100 milyon avstriya markına ehtiyacı var idi. Şirkət isə bu məbləği ortaqları sayəsində asanlıqla toplamağı bacarıb və beləliklə, hazırda Avropanın və ölkəmizin ən maraqlı avtomobil atributlarından olan müasir "Gelandewagen"in ilkin versiyası İran qvardiyası üçün istehsal edilib.

Həmin dövrdə heç kim düşünmürdü ki, gələcəkdə bu modeli qeyri-adi və uzun həyat yolu gözləyir.
"Gelandewagen"in ulduzu ilk dəfə Paris marafonunda parlayıb. Daha sonra Roma Papası avtomobilin xüsusi zirehli variantlarından dindarlarla görüşü zamanı istifadə edib. Avtomobil xüsusi mühafizə dəstələrində və bir çox mühüm şəxslərin, o cümlədən, Rusiyanın ilk prezidenti Boris Yeltsinin avtomobil karvanında da istifadə edilərək rəğbət qazanıb.

"Gelandewagen"in hərbi variantı istehsala verildikdən sonra Argentina, Norveç, İndoneziya və bir çox ölkələrdə ordunun silahlandırılmasında geniş şəkildə istifadə edilib. Nəhayət, model Almaniyanın diqqətini çəkib. Məhz Mersedes-Benz şirkətinin modelin istehsal patentini almasından sonra Qelandevagen Avropada əsas avtomobillərdən birinə çevrilib.

İlkin variantda "Gelandewagen "in bir-birindən tamamilə fərqlənən motorxanası olan 3 variantı mövcud olub (təkər bazası, dördvariantlı mühərrik və təkərlərin transmissiyasına görə). Birinci variant Avstriya, Lixtenşteyn, İsveçrə, Sloveniya və Xorvatiyada daha çox istifadəyə buraxılıb.

Bu model ön disk əyləclər, təkər yayları və ön-arxa diferensialı ilə digər yolsuzluq avtomobillərindən kəskin fərqlənməkdədir.

Mersedes G-klass seriyası istifadəçilərə xidmət etdiyi ilk gündən etibarən dəyişməyən dizayn və xüsusiyyətlərə malik olması ilə hafizələrdə qalıb. "Qutu" dizayn forması ilə diqqət çəkən modelin sınaqlarının aparıldığı yerlər belə istifadəçilərin diqqətindən qaçmayıb. Çünki şirkət əsl yolsuzluq avtomobilinin səhrada, tarlada, boz çöllərdə və şimal torpaqlarında sınaqdan keçirilməsini hər zaman müdafiə edib.

Mersedes-Benz şirkəti G-klass ailəsinin 6x6 versiyasına daxil olan "Gelandewagen "in istehsalına 2015-ci ildən etibarən son verib. Gələcəkdə bu avtomobilin yeni modellərinin istehsalına davam edilib-edilməyəcəyi isə sual altındadır.

Onu da qeyd edək ki, 1979-cu ildən günümüzə qədər orijinallığını qoruyaraq gələn G-klass sinfi modelləri Mersedes tarixinin ən uzunömürlü avtomobil seriyası ünvanına sahibdir.

Şərhlər

XƏBƏR LENTİ