SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ramiz Mehdiyev sərəncam verdi

Ramiz Mehdiyev sərəncam verdi

Tarix:

27-01-2017, 15:55

/ 2 606 dəfə oxundu.
Ramiz Mehdiyev sərəncam verdi

Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

xalqxeber.az-ın məlumatına görə, tədbirlər planı Azərbaycan prezidentinin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Xocalı köçkünlərinin beynəlxalq ictimaiyyətə müraciəti, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində qanlı qırğını əks etdirən materialların yayılması və mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

Şərhlər

XƏBƏR LENTİ