SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hərbi əlil nədən şikayətçi düşüb? - Müraciət...

Hərbi əlil nədən şikayətçi düşüb? - Müraciət...

Tarix:

17-05-2017, 09:49

/ 64 239 dəfə oxundu.
Hərbi əlil nədən şikayətçi düşüb? - Müraciət...

"Müharibədən əlil kimi qayıdıb ordu sıralarından ehtiyata buraxılan polkovnik-leytenantam, 143 manatla dolana bilmirəm. O pulla səhhətimi düşünüm, yoxsa qarnımın çörəyini?.." Zakir Hüseynov 1992-ci ildə zabit kimi könüllü hərbi xidmətə yollanıb. 1 il sonra Qarabağ döyüşlərində ağır yaralanıb və bir ayağını itirib. İkinci qrup əlilə çevrilib. Ancaq ordudan tərxis olunmayıb.
Yaxın illərədək Müdafiə Nazirliyinin tabeliyində olmuş Hərbi Komissarlıqda hərbi xidmətini davam etdirib. 8 il əvvəl ştat ixtisarı zamanı ixtisara düşüb, sərəncama götürülüb: "Heç bir xidməti qüsurum olmadığı halda son yaş həddinə çatmamış məni vaxtından əvvəl hərbi xidmətdən tərxis etdilər. Sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Komissarlığında mülki işçi kimi işə qəbul olundum. 2012-ci ildə hərbi komissarlıq sistemi yenidən quruldu və bazasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaradıldı. Sonra da ştatların ixtisara salınmasını səbəb gətirərək məni növbəti dəfə işsiz qoydular. Çoxlu müraciətlərimdən sonra SHXÇDX-nin nəzdində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin Bakı şəhərindəki filialında mühəndis-mexanik kimi işə qəbul etdilər. Lakin mühəndis-mexanik vəzifəsi ixtisasıma uyğun deyil – mən nə mühəndisəm, nə də mexanik işini bilirəm. İndiki işimə görə aldığım 143 manat maaş isə nə hərbi rütbəmə uyğundur, nə də müalicə xərclərimi ödəyir".
Polkovnik-leytenant iddia edir ki, SHXÇDX rəisi Arzu Rəhimov həmin vəzifəyə təyin olunduqdan sonra 700-800 nəfər civarında mülki işçiləri ştat ixtisarı adı altında işdən azad edərək yerlərinə başqalarını götürüb: "Yerimizə elə adamları götürüb ki, nə müharibə görüblər, nə hərbi təlimlər... Ortaya sual çıxır, əgər ştat ixtisar olunursa, sonradan həmin yerə hansı əsasla yenidən işçi qəbul olunur? Mən dəfələrlə II qrup əlilliyimin və himayəmdə azyaşlı övladımın nəzərə alınması üçün general Arzu Rəhimovun qəbulunda oldum. Dəfələrlə işə bərpa olunmağım üçün xahiş etdim. Ancaq hələ də ixtisasıma və rütbəmə uyğun olmayan işdə 143 manat maaşa qulluq edirəm".
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə bildirilib ki, Xidmət yaradılarkən ixtisara düşmüş ştatlara sonradan işçi götürülməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Qurum keçmiş hərbçiyə iş tapmaqda köməklik edib və vaxtilə o, özü bu işlə kifayətlənib. Narazılığı varsa, quruma təkrar müraciət edə bilər.

Şərhlər

XƏBƏR LENTİ