SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sığorta şirkətləri avtomobil sahiblərini necə aldadır?

Sığorta şirkətləri avtomobil sahiblərini necə aldadır?

Tarix:

16-05-2017, 11:04

/ 68 107 dəfə oxundu.
Sığorta şirkətləri avtomobil sahiblərini necə aldadır?

İcbari Sığorta Bürosu avtomobil sahiblərinə müraciət edərək onları icbari avtosığorta ilə bağlı qanunsuz endirim təkliflərindən imtina etməyi tövsiyə edir
Bürodan verilən məlumata görə, qanunsuz endirimlərdən yararlanmaq sığortalının sığorta təminatını sual altına qoyur.
Belə ki, təyin olunmuş sığorta haqqından daha aşağı məbləğə icbari sığorta əldə edən sürücülər bilməlidir ki, gələcəkdə sığorta hadisəsi baş verdiyi halda, sığorta şirkəti onların tələbini təmin etməyə bilər. Bir sıra hallarda bəzi sığorta vasitəçiləri fürsətcil və tamahkar davranış nümayiş etdirərək vətəndaşa icbari sığorta satarkən sığorta şirkətinin məlumat sisteminə müştərinin sığortalamaq istədiyi avtomobilin deyil, eyni markadan olan daha aşağı mühərrikli avtonəqliyyat vasitəsinin məlumatlarını daxil edir və nəticədə müqavilə üzrə daha kiçik sığorta haqqı məbləği formalaşır.
Məlumatların sistemə daxil edilməsi vətəndaşın iştirakı ilə baş vermədiyindən, sığorta vasitəçisi bu məbləği məhz endirimli məbləğ kimi qələmə verir və bu da ilk baxışdan vətəndaşı qane edir. Belə ki, onun fikrincə, məhz bu sığorta vasitəçisindən aldığı icbari sığorta digərlərinə nisbətən daha münasibdir. Lakin bu məmnunluq ilk sığorta hadisəsi baş verənədək davam edir – hadisə baş verən zaman sığorta tələbini araşdıran sığorta şirkəti tərəfindən müqavilə məlumatlarının reallıqla uyğun gəlmədiyi aşkar olunur və bununla da vətəndaşın sığorta tələbi böyük sual altına düşmüş olur.
Endirimli icbari sığorta sığorta hadisəsi baş verdikdə daha kiçik məbləğdə sığorta ödənişi ilə nəticələnə bilər.
Əfsuslar olsun ki, bu gün ədalətli oyun qaydalarını pozaraq daha çox gəlir götürmək istəyən bəzi sığorta şirkətlərinin öz satış təmsilçilərini bu cür arzuolunmaz davranışlara təhrik etməsi halları da mövcuddur. Qanuna əsasən, sığortaçı icbari sığorta satışından daxil olan sığorta haqlarının 20%-dək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15%-dək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Lakin bəzi hallarda sığortaçı öz agentinə müştəriyə bundan da aşağı məbləğlər müqabilində icbari sığorta satışı təklif etməsini tapşırır, bu isə sığortaçının sığorta ödənişləri üçün nəzərdə tutulan ehtiyatlar fondunun azalması hesabına mümkün olur. Bunu əyani misalla aydın şəkildə belə təsvir etmək olar: 100 manatlıq icbari sığorta müqaviləsinin 20 manatı həmin müqavilənin satışının təşkili üzrə çəkilmiş xərclər və sığorta şirkətinin öz agentinə verdiyi mükafatdan ibarətdir, yerdə qalan 80 manat isə həmin müqavilə üzrə yarana biləcək öhdəlik üzrə xərclənməsi məqsədilə nəzərdə tutulan ehtiyatı formalaşdırır. Lakin agentin müştəriyə təklif etdiyi qeyri-qanuni endirim nəticəsində sığorta şirkəti həmin 80 manatın əlavə 15 manatını da vasitəçiyə verirsə, nəticədə ehtiyat fondu 65 manatadək azalır. Gələcəkdə sığorta hadisəsi baş verdikdə, sığorta şirkəti itirilmiş həmin 15 manatı bərpa etmək üçün ödəniş məbləğini müxtəlif yollarla azaltmağa çalışır. Nəticədə isə bundan uduzan müştəri olur; vaxtilə 15 manat qənaət etməsi müqabilində indi bundan qat-qat böyük məbləğlərdə ödənişdən məhrum olur və həmin məbləği qarşı tərəfə öz cibindən ödəməli olur.
Bir sözlə, vətəndaşlara təklif olunan endirimlər sığorta şirkətinin büdcəsinin müəyyən kəsirləri hesabına əldə edilir, bu isə sığorta hadisəsi zamanı yaranacaq sığorta tələbinin sığorta şirkəti tərəfindən daha aşağı keyfiyyətlə təmin edilməsi ilə nəticələnəcəkdir. Bu səbəbdən, müştərilər daha ucuz yox, daha keyfiyyətli xidmət göstərən şirkətlərə üz tutmalıdır. Sığorta şirkətinin göstərdiyi xidmətin keyfiyyəti isə sığorta hadisələri zamanı ödənişlərin vaxtında və tam həcmdə təmin edilməsi ölçülür.
Məhz buna görə, yəni icbari sığorta bazarında endirimlərin kütləvi şəkildə təklif edilməsi hesabına yaranan haqsız rəqabətin qarşısının alınması, eləcə də sığorta ödənişlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə icbari sığorta haqlarına hər hansı endirim və ya güzəştlərin təklif edilməsi həm Qanunla, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığortaçılara və vasitəçilərə edilən çoxsaylı xəbərdarlıqlarla qadağan edilmişdir.

Şərhlər

XƏBƏR LENTİ