SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Ekspert: “Azərbaycandakı lombardların hamısının fəaliyyəti qanunsuzdur”

Ekspert: “Azərbaycandakı lombardların hamısının fəaliyyəti qanunsuzdur”

Tarix:

16-05-2017, 10:26

/ 65 710 dəfə oxundu.
Ekspert: “Azərbaycandakı lombardların hamısının fəaliyyəti qanunsuzdur”

“Onlar ya bank, ya da ən azı bank olmayan kredit təşkilatı kimi Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almalıdır”
Bakı sakini lombarda qoyduğu qızılları geri ala bilmir. 8-ci Polis Bölməsinə müraciət edən İmanova Sevinc İsabala qızı mart ayında Neftçi Qurban küçəsi 36 ünvanındakı lombarda 70 qram qızıl qoyub 800 manat pul götürdüyünü bildirib. Daha sonra borcunu ödəyib qızıllarını geri almaq istəyən qadın obyektin bağlandığını görüb.
Təəssüfedici olsa da, bu cür hadisələr son zamanlar tez-tez baş verir. Buna səbəb isə bir sıra bankların əhaliyə kredit verilməsini dayandırması və ya kredit şərtlərini çətinləşdirməsidir. Banklarda kredit verilməsi dayandığı üçün pula ehtiyacı olanlar lombardlara üz tutur, qızıl qarşılığında pul götürürlər. Burada qızılın qramından asılı olaraq məbləğ dəyişir. Bankdan fərqli olaraq lombarddan aldığın məbləğin miqdarından asılı olaraq ödənilən aylıq ödəniş sizin aldığınız borcun üzərindən getmir. Aldığınız məbləği bütöv geri qaytardıqda girov qoyduğunuz qızılları geri almaq mümkün olur.
Təəssüf ki, son zamanlar lombardlar bu qaydanı pozur və xalqı soymaqla məşğul olur. Çox zamanlar onlar aylıq ödəniş gecikən kimi borclunun qoyduğu girovu satdıqlarını deyirlər. Təbii, o qızılların qiyməti borclunun aldığı məbləğdən bəzən dəfələrlə çox olur. Bəs bu nə dərəcədə doğrudur və məsələ qanunla necə tənzimlənir?
Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov heç bir lombardın özbaşına girov qoyulan əmlakı götürüb satmaq hüququnun olmadığını dedi: “Lombard həmin borc üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə onun xeyrinə qərar çıxarmalı və girov əmlak da açıq hərracdan satılmalıdır. Əks halda, bu, qanun pozuntusudur və buna görə də vətəndaş həmin lombardı məhkəməyə verə bilər. Faktiki olaraq bu, girov əmlakın oğurlanması kimi qiymətləndirilə bilər. Mən girov qoymamışam ki, sabah aylıq ödənişi bir gün gecikdirsəm, sən o əmlakı götür özünə. Yəni məhkəmə qərarı olmadan bunlar edilə bilməz. Sadəcə olaraq, bizdə əhalinin əksəriyyəti qanunları bilmir və təəssüf ki, lombardlar da bundan istifadə edir. Digər problem isə odur ki, ümumiyyətlə, Azərbaycandakı lombardların hamısının fəaliyyəti qanunsuzdur. Çünki lombardlar yalnız öz vəsaiti hesabına, yəni öz sənədlərinə görə borc pul verə bilərlər. Bizdə isə lombardların öz kapitalları 2, 5, 10 manatdır. Bəs bunlar minlərlə, milyonlarla vəsaiti haradan verir?! Lombardların özləri də borc götürür. Əksər hallarda da bu borcu banklardan götürürlər. Bu isə artıq o deməkdir ki, onlar qanunsuz bank fəaliyyəti ilə məşğuldurlar. Kiminsə kiməsə kredit verməsi bank fəaliyyəti deyil. Mən bu gün sizə borc verə bilərəm, siz də mənə. Mən bu gün gedib lombard fəaliyyəti ilə də məşğul ola bilərəm. Amma o şərtlə ki, həmin borcu öz hesabımdan verirəm, öz pulumu verirəm. Əgər mən gedib başqasından borc alıb başqalarına kredit kimi verirəmsə, bu artıq bank fəaliyyətidir. Buna görə də bank lisenziyası alınmalıdır. Ya bank, ya da ən azı bank olmayan kredit təşkilatı kimi Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya alınmalıdır”.
“Qanunsuz fəaliyyət göstərən lombardların fəaliyyəti məhdudlaşdırılmalıdırmı” sualına gəlincə isə Ə. Həsənov bildirdi ki, lombardların fəaliyyətini yasaqlamaq yox, lisenziyalaşdırmaq lazımdır: “Lombardların fəaliyyəti bir ara dayanmışdı. Əslində onları bağlamamışdılar. Sadəcə olaraq, vətəndaşların banklardan kredit alması asanlaşmışdı deyə lombardlara ehtiyac qalmamışdı. Heç kəs kredit üçün lombarda müraciət etmirdi. Bu gün isə banklardan kredit almaq çətinləşib, həm də ki, banklara və bank olmayan kredit təşkilatlarına xarici valyutada kredit vermə qadağan edilib. Buna görə də hətta elə banklar var ki, onlar özləri də lombarddan təşkil edirlər. Çünki orada əhaliyə dollarla kreditlər verirlər. Mən hesab edirəm ki, lombardların fəaliyyətini yasaqlamaq yox, lisenziyalaşdırmaq lazımdır. Yəni onları da bank olmayan kredit təşkilatlarına bərabər tutmaq lazımdır və tələb etmək lazımdır ki, onlar da Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya alsınlar və yalnız bu lisenziya əsasında fəaliyyət göstərsinlər. Maliyyə Bazarlarına Nəzarət Palatası da onların fəaliyyətinə nəzarət etsin. Bu, problemlərin bir çoxunun qarşısını alacaq”.

Şərhlər

XƏBƏR LENTİ