SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “DİM ehtimalları doğrultmadı”

“DİM ehtimalları doğrultmadı”

Tarix:

11-05-2017, 10:58

/ 36 612 dəfə oxundu.
“DİM ehtimalları doğrultmadı”

Ekspert: “Test tapşırıqlarından azı ikisi indiyə qədər keçirilməyən mövzulardır”

Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün nəzərdə tutulan I, II, III və IV ixtisas qrupu üzrə qəbul imtahanının birinci mərhələsi yekunlaşıb.

Bu ildən etibarən DİM qəbul imtahanlarında hər bir abituriyentə iki dəfə iştirak etmək şansı verdi.

Birinci mərhələdə 2-ci və 3-cü ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 35 min 433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda II ixtisas qrupu üzrə iki abituriyent, III ixtisas qrupu üzrə isə bir abituriyent bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərərək 700 bal toplayıb. 1 və 4-cü ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 30239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib...

İmtahanda iştirak edən abituriyentlər imtahanda düşən sualların hələ keçilməmiş mövzulardan düşdüyünü deyirlər. Bir sual da bala təsir edir. Bəs bu nə dərəcədə doğrudur?

Təhsil eksperti Kamran Əsədov bütün ixtisas qruplarına daxil olan fənlərdən istifadə olunmuş test tapşırıqlarından azı ikisinin tədris proqramında mayın sonu, iyunun əvvəllərində keçirilməsi nəzərdə tutulan mövzulardan olduğunu dedi: “Son illər ərzində Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə nəzər saldıqda görürük ki, onların əksəriyyəti eyni məktəbin, liseyin məzunlarıdır. Bildiyiniz kimi, bu ildən etibarən DİM qəbul imtahanlarında hər bir abituriyentə iki dəfə iştirak etmək şansı verdi. Digər bir yenilik isə ondan ibarət idi ki, qəbul imtahanları tədris ili başa çatmadan, aprel ayının sonu, may ayının əvvəlində baş tutdu. Təhsil adamları düşünürdü ki, bu zaman qəbul imtahanlarında istifadə olunacaq test tapşırıqları şagirdlərin orta məktəblərdə keçdikləri dərsləri əhatə edəcək. Lakin geridə qalmış qəbul imtahanları göstərdi ki, DİM bu ehtimalları doğrultmadı. Belə ki, cari ildə keçirilən qəbul imtahanlarında bütün ixtisas qruplarına daxil olan fənlərdən istifadə olunmuş test tapşırıqlarından azı ikisi indiyə qədər keçirilməyən, tədris proqramında mayın sonu, iyunun əvvəllərində nəzərdə tutulan mövzulardır.

Belə olan halda çox maraqlı bir vəziyyət yaranır. Bildiyiniz kimi, bu il, 2017-2018-ci il üçün keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə isə 1 abituriyent , IV ixtisas qrupu üzrə isə 2 abituriyent hazırda orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. Amma bu onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktəbdə əldə etdikləri biliklərlə yox, məktəbdən kənar, repetitor yanında mənimsədikləri biliklərlə iştirak edirlər. Çünki cavab verdikləri test tapşırıqlarının mövzuları hələ onlara tədris olunmayıb, keçilməyib".
K.Əsədov bu il qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının ağırlıq dərəcəsinin əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı olduğunu dedi: “Belə demək mümkündür ki, DİM qəbul imtahanlarındakı test tapşırıqlarını süni şəkildə asanlaşdırıb. Belə ki, bütün ixtisas qrupları üzrə istifadə olunmuş test tapşırıqları 2014, 2015, 2016-cı illərdə qəbul və sınaq imtahanlarında istifadə olunmuşdu və orta hazırlıqlı abituriyentlər bu suallarla çox yaxından tanış idilər. Bu onu göstərir ki, DİM builki qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarına heç bir pul xərcləməyib. Əvvəlki illərin test tapşırıqlarının xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənmişdi. Builki qəbul imtahanlarında iştirak etmək üçün 40 manat ödəmiş 1500-dən çox abituriyent isə imtahanlarda iştirak etməyib. Halbuki DİM iddia edirdi ki, bundan sonra qəbul imtahanlarında daha istəkli və hazırlıqlı şagirdlər iştirak edəcək. Düşünürəm ki, asan test tapşırıqlarından istifadəyə səbəb abituriyentlərin sayındakı kəskin azalma və plan yerlərindəki artım ola bilər. Belə ki, keçən il 8 minə yaxın ali məktəblərdə plan yeri boş qalmışdı və universitetlər DİM-in fəaliyyətindən narazı qalmışdılar. Hesab edirəm ki, bu il qəbul imtahanlarında DİM əsasən keyfiyyətə yox, universitetlərin plan yerlərinin doldurulmasına yönəlmiş fəaliyyət göstərdi. Bu da onu göstərir ki, Azərbaycanda qəbul imtahanları çox çətin bir prosesdir, şagirdlər üçün əlçatan deyil. Bundan başqa, DİM qəbul imtahanlarını orta məktəb proqramına, dövlətin təsdiq etdiyi tədris cədvəlinə uyğun olaraq yox, repetitor proqramına uyğun olaraq həyata keçirir. Ümumiyyətlə, qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri nəticələr nə DİM-in, nə də ki, orta məktəblərin uğuru deyil. Bu, repetitor müəllimlərin əziyyətinin nəticəsidir ki, bu da valideyn, şagirdlərə öz vəsaitləri hesabına başa gəlib”.

Şərhlər

XƏBƏR LENTİ