SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat şəhid malına əl uzadıb - “Karmen” şəhid ailəsinin 40 min manatını necə “üyüdüb?”

Deputat şəhid malına əl uzadıb - “Karmen” şəhid ailəsinin 40 min manatını necə “üyüdüb?”

Tarix:

6-04-2017, 12:39

/ 111 134 dəfə oxundu.
Deputat şəhid malına əl uzadıb - “Karmen” şəhid ailəsinin 40 min manatını necə “üyüdüb?”

Tanınmış vəkil Osman Kazımov deputat Əsabil Qasımova məxsus “Karmen” şirkətinin şəhid əsgərimiz, prezident İlham Əliyevin 25 iyun 2011-ci il tarixli sərəncamına əsasən, “İgidliyə görə” medalı (vəsiqə №1-168) ilə təltif edilmiş Heydərov Sərvan Heydər oğlunun ailəsindən aldığı 175 ton taxılın pulunu ödəməkdən min bir bəhanə ilə yayınır.

Bu məsələni davamlı olaraq ictimailəşdirən vəkil Osman Kazımov özünün “Facebook” səhifəsində “Karmen”in və hüquq-mühafizə orqanlarının şəhid Sərvan Heydərovun ailəsini 2 ildən çoxdur ki, süründürüldüyünü qeyd edib.

Vəkil sosial şəbəkədə paylaşdığı statuslarda diqqəti Daxili İşlər Nazirliyi (DİN) Təhqiqat və Baş istintaq İdarəsi ilə Baş prokurorluğun bu işə 2 ildir, yumşaq deyilsə, səhlənkar yanaşdığına yönəldib. Kazımovun yazdığına görə, qeyd olunan məsələ üzrə ittiham olunan şəxslərdən biri şəhid ailəsinə vurulan külli miqdarda maddi ziyanın 1 manatını belə ödəmədiyi halda, azadlığa buraxılıb:

“Daxili İşlər Nazirliyi və Baş Prokurorluq 2 ildir ki, yəni 720 gündən çoxdur, quldurları məsuliyyətə cəlb edə bilmirdi. Əsas quldurbaşını da guya müəyyən edə bilmirdilər. Bu gün həmin murdarın əldə etdiyim şəkilini dövlət başçısı İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova göndərdim. Özü də cavablı və sifarişli məktubla: itirməsinlər deyə. Bəhanələrini də kəsmişəm”.

Kazımov paylaşdığı növbəti məlumatda “Karmen”in ölkə xaricində 1 milyard dollarlıq layihə həyata keçirtdiyi halda, şəhid ailəsinə ödənəcək məbləğin “arxasına keçdiyini” bildirib. Vəkil bununla bağlı son paylaşımında prokurorluğun şəhid ailəsinin 175 ton taxılını mənimsəyən şəxsləri məsuliyyətə cəlb etmədiyini deyib:

“Dələduzlardan birinin barəsində həbs qətiimkan tədbiri seçilib. Amma Bakı Apellyasiya məhkəməsi həmin şəxsi azad edib. Digər şəxs isə guya axtarışdadır, şəxsiyyətini müəyyən edə bilmirlər. Baxmayaraq ki, həmin şəxsin fotosu istintaqa təqdim edilib. Üçüncü şəxs isə “Karmen”in məsul əməkdaşıdır. Prokurorluq onu məsuliyyətə cəlb etməyə cəsarət etmir. Halbuki, taxılın pulu bilavasitə onun tərəfindən guya tanımadıqları dələduza verilib. “Karmen”in sahibləri Rusiyada 1 milyard dollara yaxın dəyəri olan sanatoriya tikdiriblər. Hətta açılışı özləri etdilər. Şəhid ailəsi isə zəhmətlə əkib-becərdiyi taxılın pulunu ala bilmir. Müstəntiqlə söhbətimdən aydın oldu ki, burda yazdıqlarımı hər gün oxuyurlar”.

Şəhid ailəsi ilə bağlı bu həssas məsələ barəsində Yeniçağ.Az-a danışan vəkil Osman Kazımov “Karmen” şirkətinin külli miqdarda pulla ifadə olunan bu fırıldağını qısa olaraq belə təsvir edib:

“Şəhid Sərvan Heydərovun ailəsi və şirkətdə işləyən yaxın qohumları 175 ton taxılı “Karmen”ə təhvil veriblər. “Karmen”in məsul işçisi isə taxılın sahiblərini işdən çıxarıb, pulu isə guya heç bir sənəd tələb etmədən tanımadığı şəxsə verib. Bu gün də deyir ki, həmin şəxsi tanımır. Özünüz deyin, 40 min manat pulu naməlum şəxsə verərlərmi? O vaxtdan bu yana iki ildir ki, məsələ həll olunmur”.

Vəkil bu fırıldaqda iştirak edən şəxslərin hələ də məsuliyyətə cəlb olunmamasını hüquq-mühafizə orqanlarının çəkingənliyi ilə əlaqələndirib:

“Onların məsuliyyətə cəlb edilməmələrinin səbəbini Daxili işlər Nazirliyi və Baş Prokurorluq daha dəqiq deyə bilər. Pulu verən şəxs şirkətin Müşfiq adlı əməkdaşıdır. Sadəcə, onu məsuliyyətə cəlb etməkdən qorxurlar. Hər şey ortadadır. Həmin şəxsin şəklini bu gün Prezidentə, Daxili İşlər Nazirinə və Baş Prokurora göndərmişəm”.

Kazımov “Karmen”in sahibi olduğu deyilən deputat Əsabil Qasımovun adının bu məsələdə hallanmasına nədən göz yumduğuna da münasibət bildirib:

“Siz bu barədə yazdıqlarımı deməli, oxuyursunuz. Onu deputatdan soruşun ki, qohum-əqrabasının cilovunu niyə çəkmir? Şəhid malına niyə göz dikirlər?”

Vəkil sonda qeyd edib ki, məsələ tezliklə öz ədalətli həllini tapmasa, şəhid ailəsi Azərbaycana utanc gətirən addım ata bilər:

“Şəhid ailəsi müraciətlərə verilən cavabdan asılı olaraq növbəti addımını müəyyən edəcək. Konkret nə edəcəklərini isə bilmirəm – buna özləri qərar verəcəklər”.
Yeniçağ

Şərhlər

XƏBƏR LENTİ