SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Mənə işgəncə verib, diri-diri basdırır” - Aktyor baş rejissora savaş açdı

“Mənə işgəncə verib, diri-diri basdırır” - Aktyor baş rejissora savaş açdı

Tarix:

15-03-2017, 12:30

/ 1 997 dəfə oxundu.
“Mənə işgəncə verib, diri-diri basdırır” - Aktyor baş rejissora savaş açdı

Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayev haqsızlıqla qarşılaşıb. Uzun zamandır ki, teatrda quruluş verilən tamaşalarda rol ala bilməyən aktyor baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanova qarşı savaş açdı.

Məhərrəm Musayevi redaksiyamıza gətirən səbəb də ədalətsizliyə susmamaq və mübarizə aparmaqdır.

-Gənc Tamaşaçılar Teatrında qeyri-normal, aktyora xas olmayan atmosfer yaranıb. Gənc Tamaşaçılar Teatrı Gənclər və Kamera Teatrına birləşəndən sonra Cənnət Səlimova bizə Baş rejissor təyin olundu. Bir xeyli keçəndən sonra baxdıq ki, Cənnət Səlimova hansı əsərə quruluş verirsə, orada ancaq Kamera Teatrının aktyorlarına rol verir. Bizim teatrın aktyorlarna isə həmin tamaşalarda ancaq epizodik rollar verilir. Bu teatrda böyük narazılığa səbəb oldu. Başda Tariyel Qasımov olmaq şərti ilə, teatrın adlı-sanlı aktyorları "bu nə münasibətdir?" deyə ayağa qalxdı. Dedik “Cənnət Səlimova bizi burada niyə saxlayır, elə öz aktyorları ilə işləsin də.” Aktyorlar arasında etdiyi ayrıseçkiliyə görə, Cənnət Səlimovanı teatrda baş rejissor vəzifəsindən kənarlaşdırdılar. Onun yerinə Bəhram Osmanov gəldi. Dedik, aha, teatrda dəyişiklik olacaq, ayrıseçkilik götürüləcək, aktyorlar bir-birini görəndə arxasını deyil, üzünü görəcəklər. Bəhram da nə Bəhram, Cənnətin getdiyi yolu qarış-qarış gedir. Başına bir dəstə aktyor yığıb ancaq onlarla işləyir. Teatrda hansı əsər qoyulsa, həmin aktyorlara rol verirlər, tədbirlərdə isə onları başda otuzdururlar. Bizi isə diriykən ölü hesab edirlər.

-Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun “teatr truppası”ında kimlər var?

-Hər üç teatrın aktyorlarından o “truppa”da yer alan aktyor var. Amma bizim, yəni yaşlı sənət adamlarının üstündən xətt çəkib. Biz onunla neçə illər bir yerdə işləmişik. Gücümə də bələddir. Bu adam özünü elə aparır ki, guya biz bu teatrda işləmirik. Bu da aktyor üçün işgəncədir. Aktyorun sənəti səhnə tələb edir. Səhnə, rol yoxdursa bu aktyor üçün ölüm deməkdir. Heç bir diqqət yoxdur. Özü də mən tək deyiləm, siyahıda Ələsgər, Bəxtiyar və neçə-neçə aktyorlar. Bizə rol vermir. Bəyəm biz öz xahişimizlə teatra gəlmişik? Onda heç bu teatrları birləşdirməzdiniz də.

-Neçə vaxtdır ki, sizə rol verilmir?

-Bəhram Osmanov gələndən mənə bir dəfə də olsun rol verməyib. Mən Moskvada Zaxarovun kursunda oxumuşam. O, hər bir aktyora uyğun əsər seçirdi, heç bir narazılıq olmurdu. Bir adamı vəzifəyə qoyanda gərək o, işlədiyi bütün kollektivə eyni gözlə baxsın. Daha birini yandırıb, birini qandırmasın. Mən də ona görə aktyor olmamışam ki, gəlib burada xırda adamların əlində qalım. Mən aktyor olanda düşünmürdüm ki, nə vaxtsa belə şey olar. Mənə qarşı haqsızlıq, ayrıseçkilik var. Nə rol verirlər, nə tədbirə dəvət edirlər. Hər gün teatra boş-boşuna gəlmək işgəncə kimi bir şeydir. İşgəncə verib, diri-diri basdırırlar. Teatrda bədii şura var. Həmin şurada mənim təcrübəmdən daha çox faydalanmaq olar, nəinki oranın üzvlərindən. Bir dəfə teatrın baş rejissoru Bəhram Osmanov televiziyadakı çıxışında belə bir ifadə işlətdi. Dedi ki, “Gənc Tamaşaçılar Teatrı olduğu üçün tamaşaları onların üstündə qururam.” Dedim, bu nə danışır? Bu teatrın adı gənc ifaçılar deyil, Gənc Tamaşaçılar Teatrıdır. Məni gülmək tutur, baş rejissor da belə açıqlama verər?!

-Aktyorlara qarşı edilən bu haqsızlığa və ayrıseçkiliyə görə etiraz səsinizi qaldırmısınız. Yəni, kiməsə şikayət etmisiniz?

-Əlbəttə. Dəfələrlə Bəhram Osmanovla və teatrın direktoru ilə aramızda söhbət olub. Hətta bir dəfə mənə qarşı edilən haqsızlığa görə, müsahibə verdim. Məni çağırdılar ki, “sən niyə danışmısan? Sənə bu ixtiyarı kim verib?” Dedim anlamıram, siz mənə rol verməyə bilərsiniz, amma mənim hüququmu əlimdən ala bilməzsiniz. Özümə qarşı diqqət istəyirəm. Bu teatrda işləyirəmsə, adıma görə mənə iş versinlər və mən də onunla məşğul olum. Heç kimlə düşmənçiliyim yoxdur. Özlərinə də demişəm. Amma onlar özlərini mənə düşmən etmək istəyir. Niyə? Mən,axı, sizə nə etmişəm?! Həmin vaxt rəhbərlik mənə rol veriləcəyini bildirdi. Amma üstündən hardasa 2 ilə yaxın vaxt keçir. Hələ də roldan xəbər-ətər yoxdur. Bundan başqa 3 dəfədən çox Mədəniyyət və Turizm Nazirliyində olmuşam. Elə bil ki, bura gələn aktyorlarla əvvəl işləyən aktyorlar başqa-başqa adamlardır. Mən onlara dedim ki, mənim davam sizin verəcəyiniz fəxri ad yox, Respublikanın Əməkdar Artist fəxri adını almaqdır. Mən Gənc Tamaşaçılar Teatrının verəcəyi adı istəmirəm. Onu özünüzə saxlayın. Bu məsələnin qəlizliyi var.

-Nədir o qəlizlik?

-Mən Lənkəran teatrında 25 il işləmişəm. Heç bir aktyor rayon teatrında 25 il həyatını verib, sonra gəlib belə bir mühitə düşməzdi. Açığı mən heç bura gəlməzdim də. Baxdım, uşaqlar burda, biz orda düz gəlmir, bu üzdən gəldik. Yoxsa elə bir teatrı qoyub gəlməzdim. İnanın, bəlkə mən Lənkəran teatrında olsaydım çoxdan ad alacaqdım. Mən öz haqqımı istəyirəm. Bir məsələni də açıqlayacam. Bizim repertuarda “Ölülər” tamaşamız vardı, orada həm rejissor, həm də aktyor kimi rolum vardı. Bu tamaşaya baxandan sonra rəhmətlik Mehdi Məmmədov, tənqidçi Cabir Səfərov və Noruz Təhməzov teatrın baş rejissoru Baba Rzayevə dedilər ki, “Məhərrəm Musayev üçün ayrıca bir repertuar seç. O, Azərbaycanın talantlı aktyorlarındandır.” Bunu tərif üçün demirəm. Görünür, onlar məni tanımır. Mən də onlara başa salmağa çalışıram ki, mən elə-belə aktyor deyiləm. Bu sənətə sıradan bir aktyor olmaq üçün gəlməmişəm, doğrudan da aktyor olmaq istəmişəm. Əgər siz məni aktyor hesab etmirsinizsə, onda sizə bir sualım var. Saydığınız aktyorlarla qurduğunuz tamaşalara baxmaq üçün bilet alan tamaşaçıların teatrın qarşısında tutduğu növbəni mənə göstərin. Axı, bu bir həqiqətdir. Sizin qurduğunuz tamaşalara heç kim baxmır. Hamı bilir ki, teatra tamaşaçı necə gəlir. Bilet paylamaqla tamaşa olar? Bu başda oturanlar bilərəkdən teatrı uçuruma aparırlar. Axı bunlar niyə belə edir? Mən Sizin hansı tamaşanıza baxıram gülürəm. Başdan ayağa haqsızlıq, ədalətsizlik aydınca görünür. Mən Azərbaycan rejissorlarının işindən çox narazıyam.

-Yəqin ki, bunun bir səbəbi var...

-Heç birinin işində məntiqdən doğan arqumentlər yoxdur. Rejissorların quruluş verdiyi tamaşalarda aktyorlar səhnəyə ancaq söz deməyə çıxır. Halbuki aktyor səhnəyə iş görmək üçün çıxmalıdır. Hanı elə bir rejissor ki, o, teatrda iş görsün? Rejissorların quruluş verdiyi tamaşa Azərbaycan teatrında nə böyük iş görüb? Heç bir şey...Sadəcə vaxt keçirirlər. Adama deyərlər ki, get o vaxtı evində keçir də...Axı, biz yazıq deyilik? Bu sənətə heyfiniz gəlmirsə, bu aktyorlara yazığınız gəlsin...

AzNews

Şərhlər

XƏBƏR LENTİ