SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Azər Süleymanovun tələfat statistikası: Baytarlıq İdarəsi gələcəyimizi qumara qoyub?

Azər Süleymanovun tələfat statistikası: Baytarlıq İdarəsi gələcəyimizi qumara qoyub?

Tarix:

10-03-2017, 00:09

/ 2 131 dəfə oxundu.
Azər Süleymanovun tələfat statistikası: Baytarlıq İdarəsi gələcəyimizi qumara qoyub?

KİV-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya- heç bir qanunun aliliyindən və heç kimdən çəkinmədən sahibkarların açıq-açığına soyulmasının davam etdirilməsi, peşəkar baytarlıq işçilərinin qanunsuz kütləvi işdən çıxarılaraq onların yerinə qohumluq və tələbə yoldaşı prinsipi ilə qeyri-peşəkarların təyin edilməsi, tender maxinasiyaları, baytar işçilərinin büdcədən kənar vəsait adı altında rayon və şəhərlərdə olan ət dükanlarından, şadlıq evlərindən, emal müəssisələrindən rüşvət toplanması, rayonlarda yoluxucu xəstəliklərin, yayılması və digər qanunsuzluqlar barədə dəqiq, təkzib edilməz faktlara söykənən xeyli sayda yazılar dərc olunub. Onu da bildirək ki, sözügedən idarə və burda baş verənləri daimi olaraq diqqətdə saxlamışıq. Bu dəfə isə Baytarlıq İdarəsi və onun rəhbəri Azər Sülrymanovu elə özlərinin rəsmi məlumatları ilə ifşa edəcəyik.
Ölkə boyunca heyvandarlıq fəlakəti: çoxsaylı təlafat…
Son aylar ölkənin bir çox rayonlarında kütləvi heyvan təlafatı ilə məlumatlar yayılır. Baş verənlərin təhlilinə keçməzdən öncə cumhuriyyet.az olaraq bu məlumatların bəzilərini diqqətinizə çatdırmaq istərdik. Mart ayının əvvəllərində mediada yayılan xəbərdə deyilir: “Tərtər rayonunda yayılan sarılıq xəstəliyi 500 başdan çox xırdabuynuzlu heyvanın ölümünə səbəb olub. Tələfat Əskipara kəndindəki toyuq fermasında məskunlaşan Laçın rayon məcburi köçkünlərinə məxsus bir neçə fərdi təsərrüfatda qeydə alınıb. Sakinlərin sözlərinə görə, heyvanlar arasında xəstəlik 2 aydır yayılıb. Baytar həkimlər xəstəliyin qarşısını almaq məqsədi ilə vaksinləmə işləri aparsalar da, bu, hələ ki, bir nəticə verməyib. Fermerlər bunu dərman preparatlarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər”.
Bunun ardınca lap bu günlərdə digər bir xəbər Şəki rayonundan gəlib: “Şəki sakini Mirzəli Mustafayevin 30-40 baş qoyunu bir gündə tələf olub. Digərlərinin isə taqətsiz olduğunu müşahidə edib. Növbəti gün həmin heyvanlar da ölüb. Vəziyyətin belə olduğunu görən təsərrüfat sahibi rayon baytarlıq idarəsinə xəbər verib. Sahə baytarı heyvanları müayinə edib, heyvanlardan nümunələr götürülüb. Mirzəli Mustafayev – Zərərçəkən: “Axşam örüşdən gətirib içəri qatmışam. Səhər gəlib gördüm ki, 10-u qalxmır ayağa. Kreditlə almışam. Həkim də gəlib iynə vurdu, analizi apardı”. Ancaq zərərçəkmiş baytarlıq idarəsinin işindən narazı qalıb. Çünki bu hal davam edib. Daha bir neçə baş qoyun tələf olub. Sahib Abdullayev – Zərərçəkənin qohumu: “Həkimlər baxıb heç bir analiz götürmədən zəhərlənmə diaqnozi qoyub gediblər. Deyiblər analizi götürsək, 10 gün müddətinə gələ, ya gəlməz. Qoyun da bu vəziyyətdə, heç kim baxmır”.
Bu xəbərlərin sayını artırmaq da olardı. Amma coğrafi və təbii şərait baxımdan bir birindən kənar olan iki rayondan verilən məlumat ümumi mənzərəni təsvir edir: ölkədə xırdabuynuzlu heyvanlar arasında ciddi xəstəlik müşahidə olunur və bu xəstəlik tələfatla müşahidə edilir.
Bəs Baytarlıq İdarəsi nə deyir: sən demə günah öləndəymiş…
Baş verənlərlə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidməti ğz rəsmi saytında açıqlama yayıb. Açıqlamada deyilir: “Tələf olan xırdabuynuzlu heyvanlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Laboratoriyada ilkin pataloji-anatomik yarma zamanı gətirilən xırdabuynuzlu heyvanın qaraciyərində iti fassilyoz xəstəliyinin (qaraciyər qurdu) süfrələri və ağciyərində diktikaulyoz qurd xəstəliyinin törədiciləri aşkar olunmuşdur. Laboratoriyalarda aparılan müayinələr zamanı götürülən nümunələrin heç birində infeksion xəstəliyin törədicisi aşkar edilməmişdir”. Azər Süleymanovun başbilənləri günahkar da tapırlar. İlk günahkar kəsim sən demə fermerlərin özüymüş: “Qurd xəstəliklərinə, o cümlədən iti fassilyoz və diktikaulyoz xəstəliklərinə qarşı heyvanlarda yaz-payız aylarında heyvan sahiblərinin öz vəsaiti hesabına dehelmintizasiya tədbirləri aparılmalıdır. Lakin aparılan araşdırmalar zamanı Tərtər rayonunun xəstəlik qeydə alınan yaşayış məntəqələrinin əksəriyyətində heyvan sahibləri qurad xəstəliklərinə qarşı heyvanlara vaxtında veriləcək qurd dərmanını payız aylarında aparmadıqlarına və ya gecikdirdiklərinə görə, qaraciyər qurdları (fassiolalar) heyvanın qaraciyərində çoxalması, öd yollarının tutulması, qaraciyərin zədələnməsi heyvanlar arasında tələfolma hallarına gətirib çıxarmışdır. Eləcə də diktikaulyoz və digər qurd xəstəlikləri heyvanları zəiflətmiş və intoksikasiya nəticəsində heyvanların tələfatına səbəb olmuşdur”. Daha sonra isə Baytarlıq İdarəsi medianı suçlandırır: “Bəzi KİV-də guya heyvanlara vurulan peyvənd vasitələrinin keyfiyyətsiz olması ucbatından tələfatın baş verməsi bildirilir. Lakin aparılan laboratoriya müayinələrinin nəticəsinə əsasən heyvanların yoluxucu xəstəliklərdən deyil, qurd və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyən edilmişdir. KİV-lərdə dərmanların keyfiyyəti barədə gedən informasiyaların həqiqətə uyğun olmadığını göstərir. KİV nümayəndələrindən xahiş edirik ki, bu kimi məlumatları dərc edərkən Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxlanılsın, lazımi və obyektiv məlumat əldə etdikdən sonra onun yayımlanması təmin edilsin. Bu ona görə lazımdır ki, belə yanlış məlumatlar əhali arasında müəyyən çaşqınlıq yaradır və yersiz şayiələrin yayılmasına səbəb olur”
Azər Süleymanovun öz baytarı onun özünü necə satdı?
Baytarlıq İdarəsinin yuxarıdakı rəsmi mövqeyi mart ayının 4-də sayta yerləşdirilib. Bundan bir gün əvvəl mart ayının 3-də isə Tərtər rayonunun baytarı Şahid Müseyibov mətbuata tamam fərqli bir açıqlama verib. O öz açıqlamasında xəstəliyin yoluxucu olduğunu açıq çəkildə ifadə edir: “Xəstə və sağlam heyvanların eyni yerdə saxlanması, eyni əraziyə örüşə çıxarılması problemin aradan qaldırmasını daha da çətinləşdirir”. Şahid müəllimin açıqlamasında yer alan digər bir məqam isə Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun rəhbəri Azər Süleymanovun fəaliyyətini tam şəkildə ifşa edir ki, həmin fikirləri də olduğu kimi diqqətə çatdırırıq: “Xəstəliyin bu vəziyyətə çatmasına səbəb isə lazım olan dərman preparatlarının nə baytarlıq apteklərində, nə də rayon Baytarlıq İdarəsində olmamasıdır. Peyvənd işləri aparılsa da, onların tam sağalmasında istifadə olunacaq və ən vacib hesab olunan Serum preparatının tapılmaması heyvanların tələf olmasına səbəb olur. Xəstə heyvanlara Serum vurulmalıdır. Bunu isə nə heyvan sahibləri, nə də rayon Baytarlıq İdarəsi tapa bilir”.
Azər Süleymanov və komandasına bəzi xatırlatma
Tərtər rayon baytarı Şahid Müseyibovun bur cümləsini xüsusi olaraq təkrarlamağa dəyər: “SERUM PREPARATININ TAPILMAMASI HEYVANLARIN TƏLƏF OLMASINA SƏBƏB OLUR, BUNU ISƏ NƏ HEYVAN SAHIBLƏRI, NƏ DƏ RAYON BAYTARLIQ İDARƏSI TAPA BILIR”. Bax belə, cənablar. Ortada olan reallıq budur. O ki, qaldı Baytarlıq İdarəsinin rəsmi açıqlamasına, bu və başıbəlalı Serum haqqında bəzi bilgilərimizi diqqətə çatdırmaq istərdik. Əvvəla, serum preparat deyil qan zərdabıdır və atların qanından hazırlanır. Vaxtı ilə bu zərdab ölkəmizdə də hazırlanırdı. Amma indi Baytarlıq İdarəsinin dövlət vəsaitlərinin xərclənməsində bu zərdabın da alınmasına pul ayrılır. Görəsən Tərtərli baytarın dediyi kimi, nə fermerlər, nə də baytarlıq idarələri bu zərdabı niyə tapmır. İkincisi, Serum zərdabı bəzi yoluxucu xəstəliklərdə(!) təcili mualicə kimi istifadə olunur. Əgər baytar bu dərmanı məsləhət görübsə, demək söhbət yoluxucu xəstəlikdən gedir və bu halda Baytarlıq İdarəsinin rəsmi izahatı mənasızlaşır. Yox baytar yanlış diaqnoz qoyub, yanlış tövsiyyə veribsə bu daha pis. Nəhayət son olaraq bildirək ki, fassilyoz və diktikalyoz xəstəlikləri parazitar xəstəlikdir fassilyoz xəstəliyində qurd qara ciyərdə diktikalyozda isə bronxlarda olur yaranmasına xususi səbəb olmur yani hər zaman ola bilir. Başqa sözlə, özgə gözündə tir axtarmayın cənab baytarlar…
Mövzunu davam etdirəcəyik. Növbəti yazımızda:
– “MEQAVET” dən alınan vaksinlərin müəmmalı təyinatı;
– Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baytarlıq İdarəsində qulaqardına vurulan tövsiyyələri;
– Dövlət büdcəsi hesabına alınan vaksinlərin və dərmanları baytarlıq apteklərində satışa çıxaran “kilid adam”;
– Azər Süleymanovun gizli komanda toplantısındakı bölgülər və qiymət cədvəli…

cumhuriyyet

Şərhlər

XƏBƏR LENTİ